Ağdam – zəfərlə yenidən doğulan şəhər

A- A A+

20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan tarixinin mühüm hadisələrindən birini, milli suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası istiqamətində əldə edilmiş tarixi nailiyyəti təcəssüm etdirir. Bu əlamətdar tarix yalnız coğrafi ərazinin azad olunması deyil, həm də tarixi ədalətin bərpası, milli yaddaşın qorunması və dövlətçilik iradəsinin təntənəsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qarabağın mühüm şəhərlərindən biri olan Ağdam tarixən Azərbaycanın iqtisadi, sosial və mədəni həyatında özünəməxsus yer tutmuşdur. Əlverişli coğrafi mövqeyi, inkişaf etmiş kənd təsərrüfatı, sənaye potensialı, zəngin mədəni irsi və memarlıq nümunələri şəhərin regional əhəmiyyətini müəyyənləşdirən başlıca amillər olmuşdur. Ağdam həm də Qarabağın ictimai-mədəni həyatında mühüm rol oynayan, özünəməxsus ənənələri və mənəvi dəyərləri ilə seçilən qədim yaşayış məskənlərindən biridir.

1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Ağdam uzun illər ərzində ağır dağıntılara və humanitar faciəyə məruz qalmışdır. Şəhərin tarixi-mədəni irsinə vurulan zərbə, yaşayış infrastrukturunun dağıdılması, əhalinin doğma yurdlarından didərgin düşməsi Azərbaycan xalqının yaddaşında dərin iz buraxmışdır. Vaxtilə inkişaf etmiş şəhərin xarabalığa çevrilməsi işğalın miqyasını və nəticələrini nümayiş etdirən acı tarixi faktlardan biridir. 2020-ci il noyabrın 20-də Ağdamın işğaldan azad olunması Vətən müharibəsində əldə edilən tarixi Zəfərin mühüm nəticələrindən biri oldu. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli siyasət və Azərbaycan Ordusunun hərbi uğurları ölkəmizin ərazi bütövlüyünün bərpasında həlledici mərhələ yaratdı. Ağdamın azadlığı milli iradənin, siyasi qətiyyətin və xalq-ordu birliyinin parlaq təzahürü kimi tarixə düşdü.

İşğaldan sonrakı dövrdə Ağdamın bərpası və yenidən qurulması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Şəhərin Baş Planının hazırlanması, nəqliyyat-kommunikasiya sisteminin yenilənməsi, yaşayış və ictimai məkanların yaradılması, sosial infrastrukturun inkişafı kompleks şəhərsalma strategiyasının tərkib hissəsidir. Bu proses yalnız dağıdılmış tikililərin bərpasını deyil, müasir urbanistik prinsiplər əsasında dayanıqlı, ekoloji baxımdan tarazlaşdırılmış və innovativ şəhər mühitinin formalaşdırılmasını nəzərdə tutur. Ağdamın dirçəlişi Böyük Qayıdış proqramının mühüm istiqamətlərindən biri kimi həm iqtisadi, həm də sosial-demoqrafik əhəmiyyət daşıyır. Doğma torpaqlarına qayıdan sakinlərin məskunlaşması, məşğulluq imkanlarının genişləndirilməsi, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyətinin bərpası şəhərin sosial həyatının yenidən canlanmasına xidmət edir. Bu baxımdan Ağdamın yenidən qurulması postmünaqişə dövründə ərazilərin bərpası və regional inkişaf modelinin formalaşdırılması baxımından da mühüm təcrübədir.

Bu gün Ağdam keçmişin dağıntılarından gələcəyin müasir şəhərinə doğru inamla irəliləyir. Onun hər yeni tikilisi quruculuq əzminin, hər salınan küçəsi həyata qayıdışın, hər açılan ocağı isə milli yaddaşın və mənəvi bağlılığın ifadəsidir. Ağdamın taleyi bir daha göstərir ki, şəhərləri yalnız binalar deyil, onları yaşadan insanlar, qorunan tarix və gələcəyə yönəlmiş inkişaf strategiyası formalaşdırır. 20 Noyabr – Ağdam Şəhəri Günü tarixi yaddaşımızın, milli qürurumuzun və dövlətçilik əzmimizin təcəssümüdür. Ağdam bu gün təkcə azad edilmiş şəhər deyil, həm də Azərbaycanın quruculuq potensialının, sarsılmaz iradəsinin və gələcəyə baxışının rəmzidir. Onun yenidən dirçələn simasında keçmişin ağrısı, bu günün qüruru və sabahın ümidləri vəhdət təşkil edir.

Həbibə Allahverdiyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisin deputatı

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: