YAP Ordubad rayon təşkilatında partiyanın 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Ordubad rayon təşkilatında partiyanın yaranmasının 34-cü ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov partiyanın yaranma tarixindən, keçdiyi inkişaf yolundan və ölkənin ictimai-siyasi həyatındakı rolundan geniş bəhs edib. O, Yeni Azərbaycan Partiyasının Ulu Öndər Heydər Əliyevin ideyaları və dövlətçilik prinsipləri əsasında yaranmasının tarixi zərurətdən irəli gəldiyini vurğulayıb. Partiyanın Azərbaycanın ərazi bütövlüyünün bərpası, dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətindəki fəaliyyətinə diqqət çəkərək, YAP-ın təsis edilməsini Ümummilli Liderin xalqımız qarşısındakı mühüm tarixi xidmətlərindən biri kimi dəyərləndirib. Partiyanın təsis olunması xalqın öz gələcəyinə sahib çıxmaq iradəsinin, Heydər Əliyev şəxsiyyətinə və dahi liderin siyasi təcrübəsinə olan inamının ifadəsi kimi dəyərləndirilib. E.İsmayılov Ulu Öndərin müəyyən etdiyi siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli çıxış edərək Yeni Azərbaycan Partiyasının yaranmasının Azərbaycan dövlətçilik tarixində mühüm hadisə olduğunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyasının qısa müddətdə xalqın böyük etimadını qazanaraq ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi qüvvəyə çevrildiyini vurğulayıb. Bildirib ki, Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi, ölkədə siyasi sabitliyin bərqərar olması, hüquqi dövlət quruculuğunun təmin edilməsi və iqtisadi inkişafın sürətlənməsi üçün möhkəm zəmin yaradıb. O, həmçinin qeyd edib ki, Yeni Azərbaycan Partiyası bu tarixi missiyanın həyata keçirilməsində mühüm rol oynayaraq milli birliyin və həmrəyliyin möhkəmlənməsinə, dövlətçilik ənənələrinin inkişafına əhəmiyyətli töhfələr verib. Bu gün də partiya Ümummilli Liderin siyasi irsinə və müəyyən etdiyi strateji xəttə sadiq qalaraq Azərbaycanın qarşısında duran yeni hədəflərin reallaşdırılmasında fəal iştirak edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət ölkəmizin qazandığı nailiyyətlərin davamlılığını və yeni inkişaf perspektivlərini təmin edir.
Milli Məclisin deputatı, “91-lər”in üzvü Vüqar Rəhimzadə tədbirdə çıxış edərək bildirib ki, 1992-ci ilin noyabrı Azərbaycanın ictimai-siyasi həyatında yeni bir mərhələnin başlanğıcı kimi tarixə düşdü. Ölkənin dərin siyasi, iqtisadi və hərbi böhranla üzləşdiyi bir vaxtda 91 nəfər tanınmış ziyalının müraciətinə Ümummilli Lider Heydər Əliyevin müsbət cavab verməsi Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, eləcə də bugünkü və gələcək inkişafının möhkəm təməlinin qoyulması baxımından müstəsna əhəmiyyət daşıdı. V.Rəhimzadə vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının yaradılmasını tarixi zərurət kimi dəyərləndirən Ulu Öndər bu siyasi təşkilatın xalqın iradəsini ifadə edərək ölkəni xaos və parçalanma təhlükəsindən xilas etməyə qadir aparıcı qüvvəyə çevriləcəyini uzaqgörənliklə müəyyənləşdirmişdi. Məhz 1992-ci ilin noyabrında Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsi dövrün çağırışlarından irəli gələn tarixi zərurət idi. YAP ən çətin məqamda xalqın gözlədiyi nicat yolunun, milli birliyin, dövlətçilik təfəkkürünün və gələcəyə inamın təcəssümünə çevrildi. 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı ilə fəaliyyətə başlayan partiya qısa müddətdə ümumxalq siyasi təşkilatına çevrilərək dövlətçilik ənənələrinin bərpasında, milli həmrəyliyin möhkəmləndirilməsində və Azərbaycanın dayanıqlı inkişaf yoluna çıxmasında mühüm rol oynadı. Müxalifət partiyası kimi fəaliyyətə başlamasına baxmayaraq, YAP qısa müddətdə cəmiyyətin müxtəlif təbəqələrini öz ətrafında birləşdirməyi bacardı. Yeni Azərbaycan Partiyasının yaradılmasından heç yeddi ay keçməmiş Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bununla da həm müstəqil Azərbaycanın, həm də Yeni Azərbaycan Partiyasının həyatında yeni və həlledici mərhələnin əsası qoyuldu.
Millət vəkili vurğulayıb ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs və dövlətçilik ideologiyası ətrafında birləşən Yeni Azərbaycan Partiyası qısa müddətdə ölkənin ən böyük və aparıcı siyasi qüvvəsinə çevrildi. Ümummilli Lider ilk gündən partiyanın gələcəyinə inamını “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışı ilə ifadə etdi. Partiyanın qət etdiyi 34 illik yol bu inamın doğrulduğunun parlaq təcəssümüdür. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yaradılmış möhkəm dövlətçilik təməli və müəyyənləşdirilmiş hərtərəfli inkişaf strategiyası müasir Azərbaycanın uğurlarının əsasını təşkil edir. Bu siyasi kursun son 23 ildə Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun, ardıcıl və uğurla davam etdirilməsi ölkəmizi keyfiyyətcə yeni inkişaf mərhələsinə çıxarmışdır. Məhz bu məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq, Azərbaycan özünün tarixi Zəfərinə imza atmış, ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etmişdir.
Ordubad rayon Müharibə Veteranları və Qaziləri Birliyinin sədri Raqib Baxşıyev çıxışında 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfəri şərtləndirən ən mühüm amillərdən birinin Prezident-xalq-ordu birliyi, sarsılmaz vəhdəti olduğunu qeyd edib. Diqqətə çatdırıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 gündə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə yeni bir səhifə yazdı.
Çıxış edən YAP fəalı Mirzə Həşimov partiyanın 34 illik fəaliyyətinin ölkənin ictimai-siyasi və sosial-iqtisadi inkişafı baxımından əhəmiyyətindən danışıb.
Tədbirin davamında Yeni Azərbaycan Partiyasına yeni qəbul olunan üzvlərə partiya vəsiqələri təqdim edilib.