Litvanın xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib - FOTOLAR

A- A A+

Litvanın xarici işlər naziri Kestutis Budris Bakıya səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşüb.

NUHÇIXAN xəbər verir ki, nazirlər Azərbaycan-Litva münasibətlərinin mövcud vəziyyəti və perspektivləri ətrafında geniş müzakirələr apararaq, qarşılıqlı hörmət, siyasi dialoq və ortaq maraqlar əsasında ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsində ortaq marağı təsdiqləyiblər.

Nazirlər münasibətlərin inkişafında yüksəksəviyyəli təmasların əhəmiyyətini, o cümlədən Dublin şəhərində keçirilən "Avropa Siyasi Birliyi" Sammiti çərçivəsində Azərbaycan və Litva prezidentləri arasında baş tutmuş son görüşü vurğulayıblar. Həmçinin davamlı dialoqun qorunub saxlanılmasında müntəzəm siyasi məsləhətləşmələrin və parlament diplomatiyasının rolunu qeyd ediblər.

İqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə, biznes subyektləri arasında əlaqələrin gücləndirilməsinə və yeni investisiya imkanlarının araşdırılmasına xüsusi diqqət yetirilib. Kənd təsərrüfatı, energetika, sənaye, İKT, rəqəmsal idarəetmə, kibertəhlükəsizlik və innovasiyalar daha dərin əməkdaşlıq üçün perspektivli sahələr kimi müəyyən edilib. Litva şirkətlərinin Azərbaycanın sənaye parklarında və Ələt Azad İqtisadi Zonasında daha fəal iştirak imkanları da vurğulanıb.

Humanitar, təhsil və mədəni əlaqələr, o cümlədən Litvada təhsil alan azərbaycanlı tələbələrin töhfəsi, turizmin təşviqi və xalqlararası təmasların genişləndirilməsi imkanları da müzakirələrdə mühüm yer tutub.

Azərbaycan-Avropa İttifaqı münasibətləri kontekstində Litvanın 2027-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına qarşıdakı sədrliyi ilə bağlı perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Bundan əlavə, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalar çərçivəsində namizədlərin irəli sürülməsi və qarşılıqlı dəstəklənməsi məsələlərində koordinasiyanın vacibliyi vurğulanıb.

Ceyhun Bayramov münaqişədən sonrakı reallıqlar və Ermənistanla Azərbaycan arasında davam edən normallaşma prosesi, eləcə də azad edilmiş ərazilərdə infrastrukturun və yaşayış məntəqələrinin bərpası istiqamətində görülən işlər barədə məlumat verib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: