28 May - Respublika Günü münasibətilə Cenevrədə rəsmi qəbul təşkil edilib - FOTOLAR
Mayın 29-da Cenevrədə Azərbaycan Xalq Cümhuriyyətinin 101-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib.
NUHÇIXAN xəbər verir ki, Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi tərəfindən təşkil olunmuş tədbirdə Cenevrədə yerləşən BMT qurumlarının nümayəndələri, şəhərdə akkreditə olunmuş diplomatik korpusun üzvləri, İsveçrə rəsmiləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi, səfir Vaqif Sadıqov tədbiri giriş sözü ilə açıb. Səfir qeyd edib ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü ölkəmizdə on milyon vətəndaş və ölkə hüdudlarından kənarda yaşayan milyonlarla soydaşımız tərəfindən təntənə ilə qeyd olunur.
Azərbaycanın qədim dövlətçilik ənənələrinə malik olduğunu diqqətə çatdıran V.Sadıqov ən qədim dövrlərdə Azərbaycan ərazisində müxtəlif dövlətlərin təşəkkül tapdığını və buranın dünya mədəniyyətinin beşiklərindən biri olduğunu diqqətə çatdırıb. Azərbaycan ərazisində dövlətçilik ənənələrinə toxunan səfir Ərəb Xilafətinin süqutundan sonra meydana gələn Azərbaycan dövlətlərindən və siyasi, iqtisadi, mədəni inkişafdan bəhs edib. XVI əsrdə Şah İsmayıl Xətainin qurduğu Səfəvilər imperiyası dövründə Azərbaycan dövlətinin sahəsi geniş əraziləri əhatə edib, işlək idarəçilik mexanizmləri qurulub və Azərbaycan dili dövlət dili elan edilib. Xanlıqlar dövründə zəif düşən Azərbaycan iki böyük imperiya - Rusiya və İran arasında bölüşdürülsə də, XX əsrin əvvəlində dünyada və regionda baş verən hadisələr Azərbaycan xalqının öz milli dövlətini qurması üçün imkanlar açdı.
Qeyd edilib ki, çap imperiyasının süqutundan sonra Azərbaycanın müstəqilliyi üçün tarixi fürsət yarandı. 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika olmaqla, müstəqillik idealları ilə uğurlu bir yola çıxdı. Qısa müddət ərzində ölkədə bütün vətəndaşlara dini, etnik, irqi və sinfi fərq qoymadan bərabər hüquqlar, Şərqdə ilk dəfə olaraq qadınlara seçki hüququ verildi.
Bildirilib ki, Cümhuriyyətin ömrü az olsa da, o, Azərbaycan xalqının yaddaşında və onun tarixində dərin iz buraxdı. Məhz 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edərkən, gənc dövlət özünü Azərbaycan Xalq Cümhuriyyətinin xələfi elan etməklə, onun dövlət atributlarını qəbul etdi. Bu gün Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil, suveren və demokratik bir ölkə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin ideallarını gerçəkləşdirir, dinamik inkişaf edən bir dövlət kimi beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşına çevrilib.
Azərbaycanın beynəlxalq sülhün, təhlükəsizliyin və sabitliyin qorunmasına mühüm töhfələr verdiyini diqqətə çatdıran V.Sadıqov ölkəmizin beynəlxalq hüququn tələb etdiyi kimi, suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin siyasi həllinə sadiq olduğunu ifadə edib. Ərazisinin 20 faizi işğal edilən və bir milyon qaçqın və məcburi köçkünə sahib bir ölkə olaraq Azərbaycan münaqişənin ən erkən həllində maraqlıdır.
Səfir, həmçinin rəsmi qəbulun təşkilində göstərilən dəstək və qonaqpərvərliyə görə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarriyə təşəkkür edib.
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri çıxışında rəhbərlik etdiyi təşkilatın Azərbaycanla, eyni zamanda, Cenevrədəki daimi nümayəndəliklə yaxından əməkdaşlıq etdiyini vurğulayıb. O, Respublika Gününə həsr olunmuş rəsmi qəbulun ÜƏMT-nin mənzil-qərargahında keçirilməsindən məmnunluğunu ifadə edib. Azərbaycana hələ gənc yaşlarından maraq göstərdiyini diqqətə çatdıran F.Qarri bu marağın kökündə onun caz musiqisinə sevgisinin dayandığını və Bakının bir caz mərkəzi kimi yaddaşına həkk olunduğunu bildirib. O, rəhbərlik etdiyi beynəlxalq təşkilatın Azərbaycanla əqli mülkiyyət sahəsində bundan sonra da sıx əməkdaşlığı davam etdirəcəyini bildirib.
Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Aybəniz Növrəsli Azərbaycan musiqisi tarixi, milli musiqi alətləri və müasir Azərbaycan musiqi ənənələri barədə təqdimatla çıxış edib.
Tədbirin bədii hissəsində tarzən Arslan Növrəslinin rəhbərlik etdiyi caz qrupu konsert verib. Konsertdə Astor Piazzola, Vasif Adıgözəlov, Qara Qarayev, Frans List, Herbi Hankok, Deyv Brubek, Müslim Maqomayev və digər bəstəkarların əsərləri, caz improvizasiyaları və etno-caz kompozisiyaları səsləndirilib. Fransada yaşayan cazmen Etibar Əsədli (piano), Samuel Fhima (kontabas) və Tom Peyronun (zərb alətləri) improvizasiyaları konsertdə əsl caz ab-havası yaradıb. Beynəlxalq müsabiqələr laureatı, gənc pianoçu Nərmin Nəcəfli və Arslan Növrəslinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri xüsusi maraqla qarşılanıb.
Beynəlxalq Əqli Mülkiyyət Təşkilatında, həmçinin Bakı Media Mərkəzi tərəfindən təqdim edilən, Azərbaycanın füsunkar təbiəti, memarlığı, incəsənət və tarixi abidələri əks olunan fotosərgi nümayiş etdirilib.
Sonda qonaqlara milli və Avropa mətbəxinin təamlarından ibarət ziyafət verilib.