Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılışı olub - YENİLƏNİB - FOTOLAR
Noyabrın 25-də Milli Məclisdə “Azərbaycan-Özbəkistan əbədi dostluq və müttəfiqlik münasibətlərinin parlament ölçüsü: əməkdaşlıq istiqamətləri və perspektivlər” mövzusuna həsr olunmuş İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumunun açılış mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova parlamentlərimiz arasında etimad və qarşılıqlı hörmətə əsaslanan dialoqu yüksək qiymətləndirib. Bildirib ki, Birinci Parlamentlərarası Forum ötən ilin iyulunda Xivədə uğurla keçirilib və orada parlament əlaqələrinin vəziyyəti, birgə iş üçün prioritet sahələr müzakirə edilib.
Parlamentin sədri deyib ki, ikinci forumun Bakıda keçirilməsi bu dialoq formatının inkişafına və əldə edilən razılaşmaların praktiki şəkildə həyata keçirilməsinin təmin olunmasına qarşılıqlı sadiqliyi nümayiş etdirir.
Parlament ölçüsünün Azərbaycan-Özbəkistan münasibətlərində mühüm yer tutduğunu vurğulayan S.Qafarova bildirib ki, bu gün ölkələrimiz arasında genişmiqyaslı birgə layihələr həyata keçirilir, ticarət-iqtisadi və investisiya əlaqələri genişlənir, regionlararası əməkdaşlıq dərinləşir. Bu dövrün xüsusi nailiyyəti isə “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında Əbədi dostluq Müqaviləsi”nin imzalanmasıdır. Bu sənəd müttəfiqlik münasibətlərimizin inkişafında yeni bir mərhələni təşkil edir, həmçinin əsrlər boyu davam edən dostluq ənənələrini qorumaq və gələcək nəsillərə ötürmək üçün ortaq istəyi əks etdirir.
Diqqətə çatdırılıb ki, dövlətlərarası münasibətlərin dinamikası parlamentlərimiz üçün yeni çağırışlar yaradır. Bu baxımdan parlament diplomatiyasının rolu artır və qanunverici orqanların fəaliyyətinin ən yüksək səviyyədə əldə edilmiş razılaşmaların həyata keçirilməsinə kömək etməsi, hüquqi bazanı təkmilləşdirməsi və parlamentarlar arasında birbaşa əlaqələri genişləndirməsi vacibdir.
Sonra çıxış edən Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva müasir Azərbaycan dövlətinin təməlini qoyan və xalqlarımız arasında dostluğun möhkəmləndirilməsinə mühüm töhfələr verən Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin hörmətlə yad etdiklərini diqqətə çatdırıb.
Senatın sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadi potensialını gücləndirib, infrastrukturunu modernləşdirib və beynəlxalq arenada mövqeyini möhkəmləndirib. Tənzilə Narbayeva Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpasındakı tarixi roluna və hazırda Qarabağda aparılan geniş quruculuq işlərinə dərin hörmətini ifadə edib.
Senatın sədri Özbəkistanda da Prezident Şavkat Mirziyoyevin təşəbbüsü və rəhbərliyi ilə Yeni Özbəkistan quruculuğunun həyata keçirildiyini diqqətə çatdırıb. Prezident Şavkat Mirziyoyev və Prezident İlham Əliyevin siyasi iradələri, şəxsi dostluğu və qarşılıqlı etimadları sayəsində ölkələrimizin müttəfiq olduğunu vurğulayan Senatın sədri bu baxımdan iki il əvvəl dövlət başçılarının imzaladığı Müttəfiqlik münasibətləri haqqında Müqavilənin və bu ilin avqust ayında Daşkənddə Ali Dövlətlərarası Şuranın üçüncü iclası çərçivəsində imzalanmış Əbədi dostluq Müqaviləsinin əhəmiyyətini qeyd edib.
Tənzilə Narbayeva iki ölkənin iqtisadi əlaqələri və həyata keçirilən geniş layihələr barədə də fikirlərini bölüşüb.
Sonra Forum işini panel müzakirələri ilə davam etdirib.