Mayın 31-də Milli Məclisin yaz sessiyasında son plenar iclası keçirilib.
NUHÇIXAN xəbər verir ki, parlamentin sədri Oqtay Əsədov iclası açaraq gündəliyi təqdim edib. Bildirib ki, iclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunacaq.
Qanun layihəsini iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə təqdim edib. O deyib ki, 2018-ci il Azərbaycan dövlətinin, xalqının tarixində ən yaddaqalan illərdən biri olub. Ötən il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Bu gün Azərbaycan dünyada dinamik inkişaf edən, özünün beynəlxalq aləmdə nüfuzunu artıran bir dövlət kimi tanınır. Azərbaycan dünyanı heyran edən irimiqyaslı transmilli layihələrin təşəbbüsçüsü və iştirakçısıdır.
Bildirilib ki, 2018-ci ildə ümumi daxili məhsul (ÜDM) 1,4 faiz, əhalinin adambaşına düşən gəlirləri 8,2 faiz artıb, inflyasiya təkrəqəmli səviyyəyə düşüb, manatın məzənnəsi sabit qalıb, enerji daşıyıcılarının qiymətlərindəki müsbət dinamika xarici ticarət balansının müsbət nəticələnməsinə səbəb olub. Ötən il xarici ticarət dövriyyəsi 30,9 faiz artaraq 31,8 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft əmtəə ixracının 9,8 faiz artmasını xüsusilə qeyd etmək lazımdır. Bütövlükdə ticarət balansında yaranmış müsbət saldo gələcəkdə böyük işlərin həyata keçirilməsinə şərait yaradacaq. Valyuta ehtiyatlarımız 2018-ci ildə 44,5 milyard ABŞ dolları olub. Ötən il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz tapşırıqları artıqlaması ilə yerinə yetirilib.
Qeyd olunub ki, 2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 508 milyon manat olub. Qeyri-neft sektoru üzrə büdcə daxilolmalarının artımla icra olunması xüsusilə qeyd edilməlidir. 2018-ci il vergi daxilolmaları üzrə 7 milyard 380 milyon manat proqnoza qarşı faktiki daxilolmalar 7 milyard 415 milyon manat təşkil edib, daxilolmalar 2017-ci illə müqayisədə 6,3 faiz artıb. Daxilolmaların artımı artıq ödəmələrin azalması şəraitində müşahidə olunub.
Qanun layihəsinə rəyi Hesablama Palatasının sədri Vüqar Gülməmmədov təqdim edib. Sədr bildirib ki, Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar hadisələrlə zəngin bir il kimi yadda qalan 2018-ci il ölkə iqtisadiyyatı üçün də uğurlu olub. Ötən ilin dövlət büdcəsi yüksək artım tempi və icra səviyyəsi ilə xarakterizə olunur.
“Neftin qiymətinin artması 2018-ci ildə makroiqtisadi sabitliyin bərpası istiqamətində müsbət meyillər üçün münbit şərait formalaşdırıb. İqtisadiyyatda faktiki yaradılmış ÜDM-in nominal həcmi 79,8 milyard manat olub, real ifadədə artım 1,4 faiz təşkil edib, proqnozlara əsasən, ÜDM-in real artımının tamamilə qeyri-neft ÜDM-i əsasında reallaşdırılacağı gözlənilib və bu gözləntilər əsasən özünü doğruldub. Belə ki, iqtisadi artımın təxminən 81 faizini qeyri-neft sektoru təmin edib.
2018-ci ilin dövlət büdcəsi milli valyutanın sabit kursu şəraitində icra olunub. Əsas ticarət tərəfdaşları olan ölkələrdə 2018-ci ildə devalvasiyaların qeydə alınması müqabilində manatın sabit dinamika nümayiş etdirməsi nominal effektiv məzənnənin möhkəmlənməsi ilə nəticələnib”, - deyə Vüqar Gülməmmədov qeyd edib.
Bildirilib ki, transmissiya kanalları vasitəsilə ölkə iqtisadiyyatına daxil olmuş neqativ şokların məzənnə və digər faktorlar ətrafında yaratdığı mənfi fəsadların aradan qaldırılması məqsədilə reallaşdırılmış monetar və fiskal tədbirlər öz nəticəsini verib, 2 il ardıcıl olaraq müşahidə olunmuş ikirəqəmli inflyasiya təkrəqəmli inflyasiya ilə əvəzlənib. Münbit makroiqtisadi meyillər dövlət büdcəsinin müvəffəqiyyətli icrasına da real şərait formalaşdırıb. Belə ki, dövlət büdcəsinin gəlir və xərclərinin icrası son 7 ildə ən yüksək artım tempini nümayiş etdirib, eyni zamanda, icra səviyyəsi də son illərin meylini davam etdirməklə yüksək olub.
Hesabat ilində dövlət büdcəsinin gəlirləri qanunla müəyyən edilmiş 20 mənbə üzrə daxilolmalar hesabına formalaşıb, bu mənbələrdən 13-ü üzrə proqnoz artıqlaması ilə, 7-si üzrə isə kəsirlə icra olunub. Gəlirlərin artımının əsas mənbəyini Azərbaycan Respublikasının Dövlət Neft Fondunun transferti təşkil etsə də, transfert məbləği nəzərə alınmadan da dövlət büdcəsinin gəlirləri 2017-ci ilə nisbətən 10,9 faiz çox olub. Bəzi tədiyyə növlərinin icra səviyyəsi arasında nəzərəçarpacaq fərqlər olsa da, vergi gəlirləri əvvəlki illə müqayisədə 11,7 faiz çox olmaqla artıqlaması ilə yerinə yetirilib.
Qeyd olunub ki, dövlət büdcəsinin xərcləri 22,7 milyard manat məbləğində və ya müəyyən edilmiş proqnozla müqayisədə 98,4 faiz səviyyəsində icra edilib, 2017-ci illə müqayisədə artım 29,2 faiz təşkil etməklə ÜDM-ə nisbəti 28,5 faiz olub. 2018-ci ildə şərti istehsal xərcləri və ya iqtisadiyyatın real sektoruna yönələn xərclər əvvəlki illə müqayisədə 78,0 faiz çox olub, bu xərclərin dövlət büdcəsinin ümumi xərclərində xüsusi çəkisi də artıb. Sosial siyasətin həyata keçirilməsi, müdafiə-idarəetmə, borca xidmət xərcləri və digər fəaliyyəti əhatə edən şərti qeyri-istehsal xərcləri də əvvəlki illə müqayisədə 12,9 faiz artımla icra edilib.
Vüqar Gülməmmədov deyib ki, büdcə xərclərinin strukturunda əsaslı qoyuluşlar üzrə xərclərin əhəmiyyətli artımı müşahidə edilib, əsaslı xərclərin 56,6 faizi və ya 5,1 milyard manatı (dövlət büdcəsi xərclərinin 22,3 faizi) dövlət əsaslı vəsait qoyuluşuna yönəldilib. Dövlət əsaslı vəsait qoyuluşlarının Dövlət İnvestisiya Proqramında da payı yüksək olmaqla proqram üzrə cəmi vəsaitin 65,8 faizini təşkil edib. Ümumilikdə, əlavə dəyərin yaradılması sahəsində mühüm maliyyə mənbəyi olan Dövlət İnvestisiya Proqramının icrasını təmin etmək üçün istifadə edilmiş 7,7 milyard manat məbləğində vəsaitin 91,7 faizi qeyri-neft sektorunun inkişafına yönəldilib.
2018-ci ilin sonunda büdcə kəsirinin məbləği təsdiq edilmiş məbləğlə müqayisədə 4,3 dəfə az olub. Büdcə kəsirinin proqnozlaşdırılmış məbləğlə müqayisədə az olması son hesabat ilində dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsində dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı və Avropa İttifaqının qrantından daxilolmalardan istifadə edilməməsi ilə nəticələnib. Hesabat ilində kəsirin maliyyələşmə mənbəyi olaraq özəlləşdirmədən nəzərdə tutulmuş məbləğlə müqayisədə 1,2 faiz çox vəsait daxil olub. Bununla yanaşı, bu mənbə üzrə hesablanmış, lakin dövlət büdcəsinə ödənilməmiş vəsaitlər üzrə qalıq məbləği əvvəlki illə müqayisədə 16,1 faiz azalsa da, investisiya müsabiqəsi yolu ilə özəlləşdirməyə yönəldilən müəssisələrin (səhmlərin, hissələrin) satışından borc qalıqları 19,8 dəfə artıb. Vahid xəzinə hesabının qalığı ilin əvvəlində büdcə gəlirlərinin 7,3 faizə bərabər olub.
“Dövlət borcuna xidmətlə bağlı 2018-ci ildə icra edilmiş vəsait cəmi xərclərin 9,8 faizinə bərabər olub. Bu isə dövlət borcunun idarə edilməsi ilə bağlı qəbul olunmuş strategiya ilə müəyyən edilmiş 15,0 faizlik həddən aşağıdır. Bununla yanaşı, büdcə xərclərinin 2620,1 milyon ABŞ dollarını və ya ümumi xərcin 19,6 faiz hissəsini (valyuta kursu Dövlət Statistika Komitəsinin məlumatına görə 1,70 manat olmaqla) xarici valyutada aparılan əməliyyatların təşkil etməsi, həmin vəsaitin də müəyyən hissəsinin dövlət borcuna xidmətlə bağlı xərclərdən ibarət olması ümumən büdcənin fiskal yükü olaraq qəbul edilə bilər”, - deyə Hesablama Palatasının sədri qeyd edib.
Sonra deputatlar Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası barədə fikirlərini bildiriblər.
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Bununla da Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.