“Comitedeleurope” portalında Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevin “Birinci Respublikanın üç rəngi, Azərbaycan xalqının təməli və rəmzləri” adlı məqaləsi dərc olunub.
NUHÇIXAN xəbər verir ki, məqalədə müsəlman Şərqində ilk parlamentli demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından bəhs olunub.
Yazıda Azərbaycanın ilk parlamentinin təsis edilməsindən, ölkədə yaşayan bütün etnik qrupların və siyasi partiyaların bu parlamentdə təmsil olunmasından, bir çox Avropa ölkələrindən də əvvəl qadınlara səsvermə hüququnun verilməsindən söz açılıb. Əlifba, təhsil sahələrində aparılan islahatlardan danışılıb. Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin müttəfiq dövlətlər tərəfindən de facto tanınmasından bəhs edilib. Bildirilib ki, birinci respublikanın ömrü qısa olub və 1920-ci ildə qırmızı ordu tərəfindən işğal edilib.
Yazıda, həmçinin erməni daşnaklarının azərbaycanlılara qarşı vəhşiliklərindən bəhs olunub. Birinci respublikanın ölkəmizin tarixində dərin iz qoyduğu diqqətə çatdırılıb.
Məqalədə tanınmış tarixçilərin Azərbaycan Xalq Cümhuriyyətinə dair apardıqları tədqiqatlara toxunulub, onlardan sitatlar gətirilib.