XİN: Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının nümayəndələri ilə görüşlər həmsədrlərin mandatının bir hissəsini təşkil edir
Son günlər bəzi KİV nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə son səfəri çərçivəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə görüşünə dair bəzi mülahizələrlə çıxış edirlər. Bununla bağlı qeyd etmək istərdik ki, bu, belə formatda keçirilmiş ilk görüş deyil. Bu günədək həmsədrlər bölgəyə səfərləri çərçivəsində Dağlıq Qarabağın erməni icması ilə görüşdükləri kimi, azərbaycanlı icmanın nümayəndələri ilə də silsilə görüşlər keçiriblər. Burada təəccüblü heç bir şey yoxdur, bu, həmsədrlərin mandatının bir hissəsini təşkil edir.
Bu barədə NUHÇIXAN-a Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Həmsədrlərin 1995-ci il tarixli mandatında qeyd edilir: “Həmsədrlər öz fəaliyyətlərində ATƏT-in norma və prinsiplərini, BMT Nizamnaməsini, ATƏM qərarlarını, o cümlədən Nazirlər Şurasının 1992-ci il 24 mart tarixli qərarını və Budapeşt zirvə görüşünün qərarlarını, eləcə də BMT TŞ-nin müvafiq qətnamələrini rəhbər tutacaqlar”. Həmsədrlərin bu il martın 9-da verdikləri bəyanatlarında onların vasitəçiliyi ilə Yerevan və Bakı arasında aparılan təmaslarla yanaşı, maraqlı tərəflərlə də müzakirələrin davam etdirildiyi qeyd olunub.
Vurğulamaq istərdik ki, Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyi və digər məcburi köçkünlərlə yanaşı, onların öz torpaqlarına geri qayıtması məsələsi hər zaman danışıqların bir hissəsini təşkil edib. Bu məsələ həmsədrlərin yuxarıda qeyd edilən bəyanatında da öz əksini tapıb və “bütün məcburi köçkünlərin və qaçqınların öz evlərinə geri qayıtması” danışıqların mühüm elementi qismində əks olunub. Birmənalı şəkildə qeyd etmək olar ki, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması danışıqların mühüm hissəsini təşkil edir.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, münaqişənin həlli üzrə danışıqlar ATƏT-in müvafiq qərarlarına uyğun olaraq Ermənistan və Azərbaycan arasında aparılır və bu yanaşma Minsk qrupunun həmsədrləri tərəfindən də dəstəklənir.
“Sonda, danışıqlar masasında hansı məsələlərin müzakirə edildiyini sorğu edənlərə çox sadə cavab verərək, onları Minsk qrupu həmsədrlərinin bu ilin 9 mart tarixli bəyanatı ilə tanış olmağa çağırırıq. O zaman bütün möhtəkirliyə son qoyulacaq”, - deyə məlumatda qeyd olunub.