Pakistanın “The News International” qəzetində və internet saytında, eləcə də “Diplomatic News Agency” agentliyində və digər informasiya mənbələrində Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadənin “Diplomatik məqsədlər” sərlövhəli məqaləsi dərc olunub.
NUHÇIXAN xəbər verir ki, məqalədə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və 1919-cu il iyulun 9-da Azərbaycanın ilk Xarici İşlər Nazirliyinin təsis olunmasından, müasir Azərbaycanın Cümhuriyyətin varisi kimi müstəqilliyini bərpa etdikdən sonra çətinliklərdən, sınaqlardan şərəflə keçməsindən, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə üz-üzə qalmasına baxmayaraq, qısa zamanda çoxlu uğurlar əldə etməsindən bəhs olunur.
Məqalədə bütün xalqlar və dövlətlər ilə dostluq və əməkdaşlıq əlaqələrinin qurulmasının Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasət prioritetlərindən biri kimi müəyyən edildiyi, aparılan çox çətin, lakin uğurlu siyasət nəticəsində respublikanın de-fakto dünya dövlətləri tərəfindən tanındığı və Paris Sülh Konfransının Ali Şurasına dəvət aldığı, həmin dövrdə Cümhuriyyətin xaricdə 16 diplomatik nümayəndəliyinin fəaliyyət göstərdiyi vurğulanır.
Yazıda ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi və xidmətləri nəticəsində müstəqilliyimizin qorunub saxlandığı, bu böyük siyasətçinin müəyyən etdiyi müdrik daxili və xarici siyasətlə başlanan dövlət quruculuğu prosesinin Azərbaycana böyük uğurlar gətirdiyi, cəbhədə atəşkəsə nail olunduğu, beynəlxalq təşkilatların müvafiq qətnamələr qəbul edərək Azərbaycanın ərazi bütövlüyünü tanıdığı bildirilir.
Məqalədə Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün müstəqil, demokratik Azərbaycanın sürətlə inkişaf etdiyi, beynəlxalq aləmdə artan nüfuzu ilə Cümhuriyyətin arzu və ideyalarını reallığa çevirdiyi faktlarla diqqətə çatdırılır.
Səfir Azərbaycanın Pakistanla əlaqələrindən də bəhs edir. O, Pakistanla əlaqələrin daha da inkişafının Azərbaycanın xarici siyasət prioritetlərindən birini təşkil etdiyini, Pakistanın Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləyən qardaş, dost ölkə və strateji tərəfdaş olduğunu vurğulayır.
Yazıda Azərbaycanın hazırda 70-dən çox xarici ölkədə diplomatik nümayəndəliyinin fəaliyyət göstərdiyi, ölkə rəhbərliyinin müdrik siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə rolunun hər il daha da artdığı vurğulanır.
Qeyd edək ki, yüz minlərlə internet izləyicisi ilə yanaşı, “The News International” qəzeti Pakistanın ən çox oxunan, ölkənin 4 böyük şəhərində, eləcə də Londonda gündəlik təxminən 140 min tirajla yayılan ingilisdilli qəzetlərindəndir. “Diplomatic News Agency” informasiya agentliyi isə çoxsaylı yerli oxucularla yanaşı, Pakistanda fəaliyyət göstərən diplomatik korpusun da izlədiyi informasiya agentliklərindəndir.