İslamabadda Respublika Günü və Azərbaycan Diplomatik Xidmətinin 100 illiyi qeyd olunub - FOTOLAR
Səfirlikdən NUHÇIXAN-a verilən məlumata görə, Azərbaycanın Pakistandakı səfirliyi İslamabad şəhərində Respublika Günü və Azərbaycan Diplomatik Xidmətinin 100 illiyi münasibəti ilə təntənəli qəbul keçirib.
İslamabaddakı “Serena” mehmanxanasında keçirilən tədbirdə Pakistanın dəmir yolları üzrə federal naziri Şeyx Əhməd Rəşid, millət vəkilləri, ölkənin nüfuzlu ictimai-siyasi xadimləri, xarici ölkələrin Pakistandakı səfirləri, digər diplomatlar, ölkə ordusunun yüksək rütbəli zabitləri və burada yaşayan azərbaycanlılar, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.
Tədbirdən əvvəl keçirilən sərgidə Şeyx Əhməd Rəşid və digər qonaqlar müstəqil Azərbaycanın siyasi və ictimai həyatını, həmçinin müasir memarlığını təcəssüm etdirən rəsm nümunələri ilə tanış olublar.
Mərasim Azərbaycan və Pakistanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb, Azərbaycan Xalq Cümhuriyyətinin və o dövrdə Xarici İşlər Nazirliyinin yaradılması, fəaliyyəti, eləcə də SSRİ-nin süqutundan sonra Azərbaycanın yenidən müstəqilliyinə qovuşması uğrunda apardığı mübarizə, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlanan əsaslı dövlət quruculuğu prosesi, həmçinin Azərbaycanın xarici siyasət sahəsində əldə etdiyi nailiyyətlər və müstəqil ölkəmizin inkişafını əks etdirən, Azərbaycanın Pakistandakı səfirliyinin sifarişi ilə hazırlanan qısametrajlı film nümayiş olunub.
Ölkəmizin Pakistandakı səfiri Əli Əlizadə 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın Azərbaycanda yaradılmasını xalqımızın böyük uğuru kimi qiymətləndirərək, 1 il sonra - 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) özünün ilk Xarici İşlər Nazirliyini təsis etdiyini, bununla əlaqədar olaraq bu il XİN-in yaradılmasının 100-cü ildönümünün də qeyd olunduğunu bildirib. Səfir bütün dövlətlərlə dostluq əlaqələrinin yaradılmasını özünün xarici siyasət prioritetlərindən biri kimi müəyyənləşdirən AXC-nin xeyli ölkələrlə əlaqələr qurduğunu vurğulayıb.
Xalq Cümhuriyyətinin varisi kimi bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın sürətlə inkişaf edən ölkələrindən olan müasir Azərbaycanın mühüm nailiyyətlər əldə etdiyini, son 15 ildə Azərbaycan iqtisadiyyatının 300 faiz artdığını, yoxsulluq və işsizliyin 5 faizdən aşağı düşdüyünü qeyd edən Əli Əlizadə, bu illərdə ölkəmizin xarici siyasət sahəsində də böyük uğurlara imza atdığını və Pakistanla əlaqələrin gücləndirilməsinin hər zaman xarici siyasət prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.
Səfir, həmçinin Azərbaycanla Pakistan arasında son bir ilin nəticələrinə də nəzər salıb, ölkələrimiz arasında bütün sahələrdə səmərəli əməkdaşlığın mövcud olduğunu və inkişaf etdiyini bildirib, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 25 faiz artığını deyib. Əli Əlizadə ötən bir ildə hər iki ölkədən hökumət nümayəndələri, nazirlər və yüksək vəzifəli hərbçilərin, ümumilikdə, 40-a yaxın qarşılıqlı səfərlərinin həyata keçirildiyini, ilk dəfə olaraq Azərbaycanın hərbi kontingentinin Pakistan Milli Günü ilə bağlı keçirilən hərbi paradda iştirak etdiyini, Azərbaycanla Pakistan arasında birbaşa təyyarə reyslərinin açılması ilə işlərin davam etdiyini bildirib.
Heydər Əliyev Fondu tərəfindən Pakistanda həyata keçirilən müxtəlif sosial və humanitar layihələrin 2018-ci ildə də davam etdiyini söyləyən səfir, ilk dəfə olaraq ötən il Azərbaycan və Pakistanın kosmik agentlikləri arasında əlaqələrə də start verildiyini xatırladıb.
Səfir davamlı əməkdaşlıq və dəstəyə, eləcə də ikitərəfli əlaqələrin gücləndirilməsinə və daha da genişləndirilməsinə olan marağına görə Pakistan hökuməti və xalqına təşəkkürlərini çatdırıb, Pakistanda yaşayan və işləyən bütün azərbaycanlıları Respublika Günü, Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını isə Azərbaycan diplomatiyasının 100-cü ildönümü münasibətilə təbrik edib və ölkəmizin qardaş Pakistanla əlaqələri daha da möhkəmləndirmək əzmində olduğunu vurğulayıb.
Şeyx Rəşid Əhməd çıxışında Azərbaycan və Pakistanın səmimi dostluq və qardaşlıq əlaqələrinə malik olduğunu, hər iki dövlətin demək olar ki, bütün sahələrdə, xüsusilə də strateji mövzularda bir-birini dəstəklədiyini qeyd edib, Kəşmir məsələsinin həlli istiqamətində Pakistanın səylərini dəstəklədiyinə görə Azərbaycana təşəkkürlərini çatdırıb. O, Azərbaycanın dövlət rəsmilərinin Pakistana intensiv səfərlərindən məmnun qaldıqlarını, ölkələr arasında siyasi, iqtisadi və müdafiə sahələrindəki əməkdaşlığın inkişafına şad olduqlarını xüsusi vurğulayıb və hər iki xalqın qarşılıqlı əlaqələrinin artırılmasının, eləcə də birbaşa təyyarə reyslərinin həyata keçirilməsinin önəmini qeyd edib.
Rəsmi hissədən sonra Pakistanın tanınmış skripka ifaçısı Ustad Rəisin ifasında bir sıra Azərbaycan və Pakistan musiqiləri təqdim olunub, Azərbaycan-Pakistan dostluğunu rəmzi olaraq hər iki ölkənin bayraqlarının əks olunduğu tort kəsilib. Tədbir boyu Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialını əks etdirən müxtəlif videoçarxlar nümayiş olunub, kitablar və bukletlər paylanılıb.
Mərasim Pakistanın televiziya kanalları və aparıcı kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb.