“Sarsılmaz qardaşlıq-2019” təlimləri ölkə və dünya mediasında - VİDEO
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyunun 7-dən 11-dək Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri keçirildi. “Sarsılmaz qardaşlıq-2019” təlimləri ölkə və dünya mediasında geniş yer alıb. Təlimlərlə bağlı yüzlərlə xəbər, məqalə, videomaterial yayımlanıb, sosial şəbəklərdə bununla bağlı minlərlə paylaşım edilib.
NUHÇIXAN xəbər verir ki, bu əhəmiyyətli hərbi tədbir ölkə, region və dünya mediasında da geniş əks səda doğurub. Azərbaycanla yanaşı Türkiyə, Rusiya və təbii ki bu təlimlərdən narahat olan işğalçı Ermənistan saytları öz səhifələrində müxtəlif fikirlər və şərhlərlə məhz “Sarsılmaz qardaşlıq-2019”-dan bəhs ediblər.
Dünya mediasında yer alan xəbərlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarla görüşü, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan-Türkiyə münasibətləri barədə söhbət açılır.
Qardaş ölkənin Milli Müdafiə Nazirliyinin geniş izləyici kütləsi olan rəsmi internet səhifəsində Naxçıvanda keçirilən tədbir və təlimlərə geniş yer verilib. Təlimlərlə bağlı 9 videomaterial və onlarla xəbər paylaşılıb.
Azərbaycanın bütün telekanalları, o cümlədən Türkiyənin TRT, CNN, TRT Haber, Anadolu Agentliyi və digər nüfuzlu televiziyaları, o cümlədən xəbər agentliklərinin portallarında təlimlərlə bağlı video görüntülər təqdim edilib.
İnternethaber.com, www.milliyet.com.tr, aa.com.tr, sondakika.com, ajanskafkas.com, trthaber.com və Türkiyənin onlarla saytı hər iki ölkənin sarsılmaz əlaqələri və qardaşlığından, təlimlərin birlikdə ortaya qoyulan gücün nümunəsi olduğundan yazıb. “Heydər Əliyev 20-ci əsrdə türk və dünya siyasətinə imza atan önəmli lider və dövlət adamıdır. Onun dediyi kimi biz “Bir millət iki dövlətik”. Ona görə də biz həmişə azərbaycanlıların yanındayıq”, - deyən Hulusi Akarın sözlərini xüsusilə vurğulayıblar. Qeyd olunub ki, Hulusi Akarın Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Ali Məclisin Sədrinə çatdırması bir daha göstərdi ki, Naxçıvan Muxtar Respublikası ilə ötən illərdə qurulub uğurla inkişaf etdirilən qarşılıqlı faydalı əməkdaşlıq ölkələrimiz arasındakı strateji tərəfdaşlığın ən mükəmməl nümunəsi kimi yüksək siyasi dairələrdə də böyük məmnunluq doğurur
Ermənistan tərəfi isə bu təlimləri həmişəki kimi narahatlıq və həyəcanla izləyib. Azərbaycan-Türkiyə təlimləri işğalçı ölkənin saytlarında İrəvanın yaxınlığında keçirilən təlim və Ermənistan paytaxtına təhdid kimi qiymətləndirilib.
Ermənistan saytları qardaş ölkənin Milli müdafiə naziri Hulusi Akarın iki qardaş ölkə - Türkiyə və Azərbaycanın bütün təhdid və təhlükələrə qarşı bir və bərabər olduğunu diqqətə çatıdırmasından daha çox təşvişə düşüblər. Təcavüzkar ölkənin nwespress.am, razm.info, banak.info, A1+telekanalının internet səhifəsində və digər saytlarda təlimlər barədə məlumat və fotolar verilib. Sputnik.am saytında isə təsəlli olaraq Rusiyanın Ermənistandakı 102-ci bazası tərəfindən bu təlimlərin izlənildiyi və hələ ki, Ermənistan üçün heç bir təhlükə olmadığı qeyd edilib.
Naxçıvan televiziyasının təlimlərdən hazırladığı videomateriallar sosial şəbəkələrdə geniş paylaşılıb. Videoçarxlara 100 minlərlə baxış və rəylər yazılıb. Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri, jurnalist Sahil Tahirlinin “Hər cür təhdid və təhlükəyə qarşı kədərdə və sevincdə bərabərik” sərlövəli məqaləsi Nuhçıxan İnformasiya Agentliyindən sonra, Yeni Azərbaycan, Səs, İki sahil, Böyük Millət, Şərq qapısı qəzetlərində dərc edilib, Sia informasiya agentliyində, diaspor.info və azinforum.az saytında yayımlanıb.
Qeyd edək ki, iyunun 7-dən 11-dək Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimləri keçirilib. Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikasının güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələri bölmələrinin iştirakı ilə keçirilən təlimə 5 minə yaxın şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatanlar, 21 təyyarə, helikopter, pilotsuz uçuş aparatı, silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və texnika nümunələri, 30-dan çox hava hücumundan müdafiə vasitəsi və 300-ə yaxın avtomobil texnikası cəlb edilib.
Hazırlanmış ssenariyə uyğun Türkiyə Respublikası Silahlı Qüvvələrinin təlimə cəlb olunan heyəti ilə Naxçıvan Qarnizonu Qoşunlarının şəxsi heyəti arasında bölmələrin birgə idarə edilməsində vahid prosedurların tətbiqinə nail olunub və hədəflərin 85, maketlərin 90 faizindən çoxu məhv edilib.