AMEA-nın Strateji Elmi Tədqiqatlar Mərkəzinin layihələri Azərbaycan Ordusunda tətbiq edilir - FOTOLAR
Müdafiə Nazirliyinin dəvəti ilə AMEA Rəyasət Heyəti aparatının Strateji Elmi Tədqiqatlar Mərkəzi (SETM) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi təlimlərində mövcud layihələri ilə iştirak edərək uğurlu nəticələr əldə edib.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, may ayında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin növbəti genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçirilib. Maksimal distansiya, çətin relyef və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş təlimlərində SETM hərbi təyinatlı məhsulları ilə təmsil olunub. SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli layihələr sınaq mərhələsini uğurla keçib.
SETM-in hərbi məhsulları Azərbaycan-Türkiyə birgə hərbi təlimlərində nümayiş olunur
Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sənədə əsasən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərində SETM də iştirak edib. Hər iki ölkə ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, hərbi hava qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin hava hücumundan müdafiə və zenit-raket bölmələrinin cəlb edildiyi təlimdə SETM-in hərbi məhsulları nümayiş olunub. Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olunması məqsədi daşıyan təlimdə istifadə olunacaq silah, hərbi və xüsusi texnika nümunələrinə təcrübəli mütəxəssislər tərəfindən baxış keçirilib. Hərbi mütəxəssislər SETM tərəfindən icra olunan və ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən hərbi, müdafiə və mülki xarakterli məhsulların son hazır nümunələrini yüksək qiymətləndiriblər.
SETM iyun ayında Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq çərçivəsində Naxçıvanda keçirilən “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimdə istifadə olunan silah-sursatın nümayiş etdirildiyi sərgidə də təmsil olunub.
Türkiyənin Milli müdafiə naziri Hulusi Akar, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun izlədiyi sərgidə SETM-in əməkdaşları tərəfindən mərkəzdə hazırlanmış müdafiə təyinatlı məhsullar uğurla nümayiş etdirilib. Təlimdə müvəffəqiyyətli təqdimata görə əməkdaşlar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərmanla təltif olunublar.
Qeyd edək ki, SETM intellektual, hərbi-elmi və texniki potensiallarının daha da artırılması və ümumi elmi-texniki məkanın yaradılması, müştərək elmi tədqiqatların icrası və əldə olunan elmi, texniki və texnoloji nailiyyətlərin ən yaxşı şəkildə tətbiqi və istifadə olunması istiqamətində hazırda 50-yə yaxın layihədə iştirak edir.