XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
Ermənistan Xarici İşlə Nazirliyinin sonuncu bəyanatında qeyd edilən “sülhə əlverişli mühitin yaradılması” üçün bu bəyanata uyğun davranmaq lazımdır. Təəccüblüdür, Ermənistan müdafiə nazirinin azərbaycanlı hərbi qulluqçuları məhv etmək əmri və snayperləri təltif etməsi sülh şəraitinin yaradılmasına nə dərəcədə uyğun gəlir?!
NUHÇIXAN xəbər verir ki, bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında yer alıb.
Açıqlamada deyilir: “Xatırladırıq ki, Azərbaycan Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə həll edilməsində və təbii ki, danışıqların irəlilədilməsində maraqlı tərəfdir. Vurğulayırıq ki, danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır. Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarında qanunsuz mövcudluğunu saxlayacağı təqdirdə, danışıqların başqa vacib hissəsi ola bilməz. Ermənistan bu reallığı nə qədər tez dərk etsə, bir o qədər tez bölgəmizdə dayanıqlı sülh, inkişaf və rifah təmin olunacaq”.