NUHÇIXAN xəbər verir ki, 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb.
Verilişin aparıcısı Kazuyasu İşida əvvəlcə ölkəmizin coğrafi mövqeyi, qədim və zəngin dövlətçilik tariximiz barədə məlumat verib. Bildirib ki, son vaxtlar adı Yaponiyada tez-tez səslənən Azərbaycan müstəqilliyini 1991-ci ilin oktyabrında elan etsə də, yalnız 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ona qovuşub. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər qısa müddətdə daxili sabitliyi bərpa edib, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının qarşısını alaraq atəşkəsə nail olub, ölkəni sosial-iqtisadi xaosdan xilas edərək davamlı inkişaf yoluna çıxarıb. Məhz buna görə 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.
Aparıcı vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin gərgin zəhməti nəticəsində Azərbaycan müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhran aradan qaldırılıb və inkişafın təməlini qoyulub. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil Azərbaycanın davamlı inkişafında özünü aydın göstərir, ölkəmizin nüfuzu regionda və dünyada daha da artır.
K.İşida qeyd edib ki, əgər müstəqilliyi qaytarmaq ilkin şərt idisə, digər vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Heydər Əliyev Azərbaycanın milli dövlətçiliyinin konsepsiyasını yaratdı. Heydər Əliyevin səbir və təmkinlə yürütdüyü siyasət respublikanı informasiya blokadasından çıxardı. Dünyada Azərbaycanla bağlı formalaşan fikir müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalq Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı.
Məhz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya birliyinə inteqrasiyasının başlandığını vurğulayan K.İşida Yaponiya ilə münasibətlərin qurulmasında bu tarixi şəxsiyyətin mühüm rol oynadığını qeyd edib. Bildirib ki, məhz onun təşəbbüsü ilə Yaponiya şirkətləri “Əsrin müqaviləsi”nə qoşularaq bu nəhəng layihədə paya malik oldular. Heydər Əliyevin böyük uzaqgörənliklə təməlini qoyduğu Yaponiya-Azərbaycan münasibətləri bu gün də hər iki tərəf üçün əlverişli formada davam etdirilir.