Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisidə ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib - FOTOLAR
Gürcüstanda səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər mayın 27-də Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət ediblər.
NUHÇIXAN xəbər verir ki, nümayəndə heyətinin üzvləri büstün önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.
Oqtay Əsədova parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, ümumi sahəsi 1 hektar olan park 2004-cü il iyunun 15-də açılıb. Burada insanların mədəni istirahəti üçün hər cür şərait yaradılıb, çoxlu oturacaqlar quraşdırılıb, müxtəlif tinglər, ağaclar və gül kolları əkilib.
2007-ci il mayın 12-də “Caspian Service” şirkəti tərəfindən yenidən qurulmuş parkın və Azərbaycan xalqının Ümummilli Liderinin büstünün rəsmi açılış mərasimi olub. Büstün postamentlə birlikdə hündürlüyü dörd metrdir.
Parka SOCAR-ın Gürcüstan nümayəndəliyinin əməkdaşları qulluq edirlər.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Demokratik Respublikasının yaranmasının 100 illik yubiley tədbirində iştirak etmək üçün mayın 26-da Tbilisiyə səfərə gəlib.