Avropanın nüfuzlu "Modern Diplomacy" nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc edilib
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Şahmar Hacıyevin Avropanın nüfuzlu "Modern Diplomacy" nəşrində məqaləsi dərc olunub. Bu barədə NUHÇIXAN-a Mərkəzdən məlumat verilib.
“Ermənistanın mövqeyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyişə kölgə salır və onun alovlanmasına aparır” adlı məqalədə deyilir ki, Ermənistan və Azərbaycan arasında yaranmış münaqişə regionda qeyri-sabit vəziyyətin yaranmasına gətirib çıxaran ən faciəli və uzun müddət davam edən münaqişələrdən biridir. 1994-cü ildə Dağlıq Qarabağ münaqişəsini dayandırmaq üçün tərəflər arasında əldə olunmuş atəşkəs razılaşmasından sonra Azərbaycan və Ermənistan bu qanlı münaqişəni sülh yolu ilə həll etmək məqsədilə diplomatik səylərə start verdilər. Lakin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında sülh danışıqları onilliklər ərzində davam edir və bu proses sülhə nail olmaq istiqamətində hələ heç bir ciddi nəticə vermir. Münaqişə zonasında mövcud status-kvonun saxlanılması Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyətin davam etdirilməsi və işğalçılıq siyasətinin legitimləşdirilməsi məqsədilə bu günə kimi Ermənistan rəhbərliyi tərəfindən dəstəklənir. Lakin 2016-ci ilin aprelində baş vermiş dörd günlük müharibə mövcud status-kvonun nə qədər təhlükəli olduğunu nümayiş etdirdi.
Yazıda bildirilir ki, 2018-ci ildə Ermənistanda baş vermiş “məxməri inqilab” nəticəsində “Qarabağ klanı”nı təmsil edən Serj Sarkisyan hökumətinin devrilməsindən sonra yeni baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsi ilə Yerevanda yeni hökumətin əvvəlki işğalçı siyasətinə son qoyaraq sülhü seçəcəyinə dair ümidlər var idi. Ermənistanda baş vermiş “məxməri inqilab” dan sonra iyul ayının 11-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Brüsseldə ilk görüşü keçirildi. Görüş zamanı əsasən mövcud danışıqlar formatının davam etdirilməsi, danışıqlar prosesinin irəli aparılması üçün növbəti addımlara dair fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın ilk rəsmi görüşü 2019-cu il martın 29-da Vyanada baş tutub. Prezident İlham Əliyevin Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində “Biz insanlararası təmaslar zamanı etimad tədbirlərinin möhkəmləndirilməsinə dair məsələləri müzakirə etdik. Əsas odur ki, danışıqların formatı dəyişilməz qalır. Danışıqlar uzun illər olduğu kimi Ermənistanla Azərbaycan arasında aparılır”, - deyə bildirib.
Təəssüf ki, yuxarıda qeyd olunan danışıqlara və müsbət fikirlərə baxmayaraq, Ermənistanın baş naziri Nikol Paşinyan münaqişə ilə bağlı işğalçılıq siyasətini davam etdirməyə üstünlük verdi. Daha sonra o, hətta "sülh üçün torpaq" müzakirəsinə razılaşmayacağını vurğuladı. N.Paşinyanın işğal olunmuş ərazilərdə yaradılmış separatçı rejimin (tanınmamış “Dağlıq Qarabağ respublikası”nın) danışıqlar prosesinə cəlb edilməsi tələbi ilə münaqişə zonasında status-kvonu qorumaq məqsədi daşıdığı aydın görünür.
Proseslər aydın şəkildə göstərir ki, Ermənistandakı yeni hökumət Azərbaycanla sülh əldə etmək üçün kompromisə hazır deyil. Konstruktiv danışıqlar əvəzinə, onlar nifrətə üstünlük verirlər. Buna misal olaraq, mayın 29-da Bakıda keçirilən UEFA Avropa Liqasının finalında “Arsenal” futbol klubunun erməni əsilli futbolçusu Henrik Mxitaryan Azərbaycan Hökumətinin zəmanət verdiyi yüksək təhlükəsizlik təminatına baxmayaraq, Bakıya səfər etməyib. Futbolçunun seçimi yalnız "çirkli" siyasi oyunun bir hissəsi kimi qəbul edilib. Nikol Paşinyan da hətta öz Tvitter səhifəsində Mxitaryanın mövqeyini yüksək qiymətləndirib. Baxmayaraq ki, bir çox erməni idmançıları “Bakı- 2015” Avropa Oyunlarında və Azərbaycanda təşkil edilmiş bir sıra beynəlxalq tədbirlərdə iştirak ediblər və onlar üçün heç bir təhlükə yaranmayıb.
Ümumiyyətlə, idmançılar münaqişə və nifrət halları zamanı çox müsbət rol oynaya bilərlər. Misal üçün, Stenford Universitetinin tədqiqatçıları qeyd edirlər ki, “Liverpul”un Misir əsilli futbolçusu Məhəmməd Salahın müsbət təsiri meydandan kənarda da olub. 2017-ci ildə onun futbol klubu ilə müqavilə imzalamasından sonra “Liverpul” ətrafında nifrət və İslama qarşı mənfi yanaşma azalıb. O, vurduğu hər qoldan sonra şükür səcdəsinə gedir. “Liverpul” azarkeşləri isə “əgər o, çox qol vursa, mən də müsəlman olacağam” deyərək dəstək olurlar. Henrik Mxitaryan da Bakıya gəlməklə digər ermənilərə sülh mesajı çatdıra bilərdi.
Müəllif yazır ki, Ermənistanın Azərbaycana qarşı təxribatı davam edir. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin Azərbaycana səfəri zamanı mayın 30-da düşmən tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun zabiti şəhid oldu. İyunun 9-da isə düşmən tərəfindən açılan snayper atəşi nəticəsində başqa bir əsgərimiz şəhid olub və Ermənistan Müdafiə Nazirliyi Azərbaycan əsgərini öldürən şəxsi mükafatlandırıb. Bu hadisələr Ermənistan tərəfdə də oxşar itkilərə səbəb olub. Bundan əlavə, iyunun 12-də Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələrinin planlı təlim uçuşları zamanı Ermənistan silahlı qüvvələri “Osa” zenit-raket kompleksini tətbiq etməklə aviasiya vasitələrini vurmağa cəhd edib.
“Yuxarıda sadalanan bütün faktlar təsdiq edir ki, Ermənistanın yeni hökuməti köhnə mexanizmə sadiqdir və de-fakto Dağlıq Qarabağı müstəqil tərəf kimi təqdim etməklə danışıqlar formatını dəyişmək və münaqişədə status-kvonu saxlamağa çalışır. Bu münaqişə hər iki xalqın iztirabına səbəb olub və müharibə davam etdiyi müddətdə hər iki tərəfdən itkilər yenə olacaq. Ermənistanlı jurnalist, ictimai xadim Suzan Caginyan qeyd edib ki, Sarkisyan və Koçaryan xalqı məhv edir, əgər onlar öz hakimiyyətlərini davam etdirsələr, gələcəkdə erməni xalqı olmayacaq. “Məxməri inqilab”dan sonra erməni xalqı bir rejimi dəyişdirməyə müvəffəq olub və indi Ermənistanın yeni hökuməti əhalini sülhə hazırlamaq və regional iqtisadi əməkdaşlıqdan faydalanmaq üçün bütün imkanlara malikdir. Dağlıq Qarabağ münaqişəsi həll edildikdən sonra erməni xalqı Azərbaycanın mövcud regional iqtisadi əməkdaşlıq imkanlarından digər tərəfdaşlarla birgə faydalana biləcək”, - deyə məqalədə bildirilir.