Pakistan Prezidenti Arif Alvi Azərbaycanın bu ölkədəki səfiri Əli Əlizadəni qəbul edib.
NUHÇIXAN xəbər verir ki, qəbula görə təşəkkürünü ifadə edən səfir Əli Əlizadə Azərbaycan Respublikası Prezidentinin salamlarını Prezident Arif Alviyə çatdırıb.
Azərbaycan Prezidentinin Pakistanla əlaqələrin daha da genişlənməsinə xüsusi önəm verdiyini vurğulayan səfir bildirib ki, Azərbaycan-Pakistan münasibətlərinin daim dərinləşməsində və inkişafında hər iki ölkə rəhbərlərinin, xalqlarının sıx əməkdaşlığının, dostluğunun xüsusi rolu olub.
Ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, hərbi, hərbi-texniki, müdafiə, mədəni, elmi, turizm, enerji, humanitar və sosial sahələrdə yeni əməkdaşlıq təklifləri, birbaşa hava reyslərinin yaradılması və həyata keçirilən layihələr haqqında Pakistan Prezidentinə məlumat verən səfir Heydər Əliyev Fondunun Pakistanda üşaqlar üçün təşkil etdiyi tədbirə və iftar yeməyinə şəxsən qatıldığına görə Prezidentə Fondun rəhbərliyinin təşəkkürlərini çatdırıb. Səfir Azərbaycanın Pakistanı qardaş ölkə olaraq hər zaman dəstəklədiyini və Pakistan-Azərbaycan əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edərək səmimi görüşə görə təşəkkür edib.
Pakistan Prezidenti Arif Alvi Prezident İlham Əliyevə salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Azərbaycan dövlətinin başçısına çatdırmağı xahiş edib.
Arif Alvi beynəlxalq və regional məsələlərdə də hər iki qardaş ölkənin bir-birinin yanında olduğunu və Azərbaycanın dəstəyinin daim məmnunluqla qarşılandığını vurğulayıb. Prezident Arif Alvi Kəşmir və Dağlıq Qarabağ məsələlərinin BMT Təhlükəsizlik Şurasının qəbul edilmiş qətnamələri əsasında həllinin zəruriliyi bildirib, Pakistanın Azərbaycanla strateji tərəfdaşlığının davam edəcəyini qeyd edib. Azərbaycan birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Pakistanda həyata keçirdiyi humanitar və sosial yönümlü layihələrin yüksək qiymətləndirildiyini bildirən Arif Alvi Ramazan ayında baş tutmuş tədbirin də uşaqlara diqqətin cəlb olunmasına, onların qabiliyyətlərinin ictimaiyyətə çatdırılmasına xidmət etdiyini və bunun humanist addım olduğunu ifadə edib.
Pakistan Prezidenti Azərbaycan-Pakistan dövlətlərarası əlaqələrinin, həmçinin iki xalq arasında mövcud olan qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edərək bütün sahələrdə əlaqələrin daha da inkişafının zəruri olduğunu və buna lazımi dəstəyin veriləcəyini bildirib.