Moskvadakı “Patriot-Ekspo” Konqres-Sərgi Mərkəzində təşkil olunan “ARMY-2019“ V Beynəlxalq Hərbi-Texniki Forumunda iştirak edən Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib.
NUHÇIXAN xəbər verir ki, forum çərçivəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyi ilə Rusiyanın Sənaye və Ticarət Nazirliyi arasında hərbi sənaye sahəsində əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və Rusiya sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev imzalayıblar.
Bundan əlavə, Azərbaycan müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və müdafiə nazirinin müavini Fuad Məmmədov "Rosoboroneksport" şirkətinin baş direktoru Aleksandr Mixeyev və Rusiya Taktiki Raket Silahları Korporasiyasının baş direktoru Boris Obnosov ilə görüşlər keçiriblər.
Qeyd edək ki, forum çərçivəsində təşkil olunmuş sərgidə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi öz stendini təqdim edir. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycan stendi ilə tanış olub. Müdafiə nazirinə Azərbaycan stendində nümayiş etdirilən silahlar barədə ətraflı məlumat verilib.
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev TASS agentliyinə müsahibəsində Rusiya ilə bir sıra iri birgə layihələr həyata keçirildiyini bildirib. O qeyd edib ki, “Taktiki raket silahları” korporasiyası ilə birgə layihə çərçivəsində Azərbaycan tərəfi lisenziya üzrə “Kalaşnikov AK-74M” avtomatları istehsal edir. Bundan əlavə, Müdafiə Sənayesi Nazirliyinin ehtiyat hissələri və servis xidməti üzrə də müqaviləsi mövcuddur. Y.Musayev vurğulayıb ki, Azərbaycanda silah və hərbi texnika istehsalına xüsusi diqqət yetirilir, ölkəmiz hazırda xaricə atıcı silahlar və döyüş sursatları ixrac edir. Bu, Azərbaycanın yeni yaradılmış müdafiə sənayesi üçün nəzərəçarpacaq uğur sayıla bilər.
“ARMY-2019“ forumu çərçivəsində təşkil olunmuş sərgi Rusiyanın digər regionlarında da nümayiş etdiriləcək. Forum iyunun 30-dək davam edəcək.