Azərbaycan Ordusunun yaradılmasından 101 il ötür. Bu müddət ərzində dünyada çox şeylər dəyişib. 70 il Azərbaycan müstəqilliyindən uzaq düşüb. Ancaq XX əsrdə ikinci dəfə azadlığına qovuşan Vətən Ordusunun da qayğısına qalmaqdadır. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu ilə bağlı yaratdığı strateji kurs öz bəhrəsini verir. 100 illik yubileyini möhtəşəm şəkildə dünyaya nümayiş etdirən Silahlı Qüvvələrimiz daim inkişaf edir. Prezident İlham Əliyev bu istiqamətdə səmərəli və real addımlar atmaqdadır. Bu gün Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Bizə dost olmaq istəməyən dairələr ölkə rəhbərliyinə və Ordumuza qarşı təxribatçı informasiya fəaliyyətlərini genişləndirməyə çalışırlar. Bunun fonunda hər gün daha da güclənən Azərbaycan Ordusu ölkənin ərazi bütövlüyünü bərpa etməyə olan böyük əzmkarlığı ilə daha da parlayır. Ümumiyyətlə, Azərbaycan Ordusunun tarixi missiyasının geosiyasi aspektlərinin təhlili aktuallıq kəsb edir.
Möhtəşəm güc: Azərbaycan Ordusunun daimi inkişafı
Azərbaycana qarşı düşmənin informasiya savaşını daha da genişləndirdiyi haqqında məlumatlar yayılır. Onu müəyyən üsullarla həyata keçirməyə çalışırlar. Onların sırasında Azərbaycan Ordusu haqqında təxribatçı informasiyalarla yanaşı, müxtəlif yüksək vəzifəli şəxslər barədə həqiqətə uyğun olmayan məlumatların uydurulması da vardır. Hətta xüsusi təşkil edilmiş üsulla ermənilər azərbaycanlı adı ilə sosial şəbəkələrdə qeydiyyatdan keçir və informasiya savaşında iştirak edirlər.
Təbii ki, bütün bunlar gözlənilməz deyil və Azərbaycan tərəfinin iradəsini qətiyyən sındıra bilməz. Əksinə, Azərbaycan daha təkmil üsullarla və daha təmkinli qaydada bizə dost olmayan dairələrin cavabını verir. Üstəlik, hücum taktikası ilə həqiqətləri çevik surətdə dünya ictimaiyyətinə çatdırır. Artıq deyə bilərik ki, N.Paşinyanın komandasının bəyan etdiyi Azərbaycana qarşı informasiya hücumu taktikası tam iflasa uğrayıb.
Düşmənin yaymağa çalışdığı hər bir yalan informasiya ifşa olunur və real vəziyyət ortaya qoyulur. Həmin kontekstdə Azərbaycanın müdafiə qüdrətinə qarşı aparılan çirkin kampaniya da sabun köpüyü kimi dağılır. Prezident İlham Əliyev Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yenidənqurma və əsaslı təmir işlərindən sonra yaradılan şəraitlə tanışlıqdan sonra ifadə edib: "Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bizim ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı artır. Bu gün ordumuz ən yüksək səviyyədədir".
Bu fikri konkret faktlar təsdiq edir. Beynəlxalq ekspertlər dəfələrlə fikir bildiriblər ki, Azərbaycan Ordusu bütün göstəricilərinə görə Cənubi Qafqazda ən güclü ordudur. Ayrıca, Ermənistan silahlı qüvvələrindən dəfələrlə qüdrətlidir. Məsələn, 2016-cı ilin məlum Aprel döyüşlərində Azərbaycan Ordusunun kiçik bir hissəsi Ermənistan ordusunu darmadağın etdi. Erməni əsgərlər qaçmaqla xilas olmağa çalışırdılar. Ermənistan ordusunu tam məğlubiyyətdən Rusiya xilas etdi. Bunu indi rəsmi səviyyədə açıq deyirlər. Ermənilər yalvarıblar ki, Azərbaycanı dayandırsınlar.
Lakin hətta qısamüddətli döyüş belə göstərdi ki, Ermənistan ordusu Azərbaycan Ordusundan dəfələrlə zəifdir. Həm təşkilati, həm silahlanma, həm döyüş taktikası, strateji planlama kimi istiqamətlərdə erməni ordusu çox geridə qalır. İndi Ermənistan rəsmiləri ordudakı xəyanətkarları, caniləri, silah alverçilərini, bacarıqsız zabitləri axtarmaqla məşğuldursa, Azərbaycan rəhbərliyi ordunu daha da gücləndirir. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bununla bağlı Prezident İlham Əliyev bəyan edib: "Ulu Öndərin misilsiz xidmətləri Azərbaycan xalqının qəlbində daim yaşayır. Biz onun işini davam etdiririk. Ordu quruculuğu prosesi uğurla, sürətlə gedir. Müasir səviyyədə işlər görülür, hərbi texnika alınır, döyüş qabiliyyəti artır. Bir sözlə, bu gün Azərbaycan Ordusu öz gücünü göstərir və göstərməlidir".
Konkret ifadə etsək, bu gün Azərbaycan Ordusunun davamlı olaraq inkişaf etdirilməsi dərin düşünülmüş, müasir reallıqları və tələbatları tam nəzərə alaraq aparılan siyasətin birbaşa bəhrəsidir. Şübhə yoxdur ki, bu proses inkişaf etdiriləcək. Onun başlıca özəlliyi ondan ibarətdir ki, Azərbaycan Ordusunun inkişaf konsepsiyası bütövlükdə Azərbaycanın inkişafı konsepsiyasının tərkib hissəsidir. Buna görədir ki, dövlət başçısı xüsusi vurğulayır: "Azərbaycan bu gün bütün sahələrdə uğurla inkişaf edir. Əminəm ki, bu inkişaf dayanıqlı olacaq".
Ordu quruculuğu fəlsəfəsi: iki məqamın əhəmiyyəti
Burada digər mühüm məqam Azərbaycan rəhbərliyinin ordunun inkişafı ilə bağlı aydın məqsədinin olmasındadır. Ölkə rəhbəri həmin kontekstdə vurğulayıb ki, Azərbaycanın imkanları artır, maddi vəziyyəti daha da yaxşılaşır, orduya lazım olan texnika, silah-sursat alınır, gətirilir. Bütün bunlar konkret məqsəd daşıyır. İlham Əliyev həmin məqsədi aydın və lakonik ifadə edib: "Bir sözlə, biz bütün bu işləri ona görə edirik ki, daha güclü orduya malik olaq və öz ərazi bütövlüyümüzü bərpa edək".
Azərbaycanda ordu quruculuğu fəlsəfəsinin regionun digər dövlətlərinin ordu quruculuğuna yanaşmasından başlıca fərqi bundan ibarətdir. Bu mühüm məqamı həm mütəxəssislər, həm də KİV orqanları daim vurğulamalıdırlar. Dövlət başçısı konkret mövqe ortaya qoyub. Azərbaycan Ordusu kimlərəsə hücum etmək, başqasının torpağını zəbt etmək və ya ona diktə etmək üçün gücləndirilmir. Azərbaycan əsgərinin özgə torpaqlarında gözü yoxdur. Onun bütün iradəsi, ağlı, qabiliyyəti və peşəkarlığı Vətən torpağını qorumaq fəlsəfəsi üzərində formalaşır. Azərbaycan Ordusu psixoloji cəhətdən məhz bu səbəbə görə yenilməzdir. Çünki özünümüdafiə hər bir ölkənin təbii haqqıdır, bunun alternativi yoxdur. Ona görədir ki, erməni əsgəri Azərbaycan əsgərinin qətiyyəti, inadı, əzmkarlığı qarşısında tab gətirməyərək qaçır.
Azərbaycan Ordusu üçün qarşıya qoyulmuş əsas hədəf də aydındır: ərazi bütövlüyünü bərpa etmək! Prezident İlham Əliyev bu məqamı dəfələrlə və açıq vurğulayıb. Dövlət başçısı deyib: "Biz müharibə şəraitində yaşayırıq. Müharibə hələ bitməyib və biz hər an hazır olmalıyıq ki, doğma torpaqlarımızı işğalçılardan azad edək. Əminəm ki, bu gün gələcək və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək".
Əlbəttə, qarşısına bu cür müqəddəs bir vəzifə qoyulmuş ordu daim inkişafda olmalı, onun sıraları daha da möhkəmlənməlidir. Bütün aspektlərdə Azərbaycan Ordusu davamlı olaraq güclənməlidir ki, ərazi bütövlüyünü bərpa etsin və bununla da regionda sülhün bərqərar olmasını təmin etsin. Məsələ ondan ibarətdir ki, Cənubi Qafqazın lider dövləti kimi Azərbaycan regional təhlükəsizliyin təminatçısıdır. Təcrübə göstərir ki, bu funksiyanı Azərbaycan Ordusu Türkiyə Silahlı Qüvvələri ilə birlikdə yerinə yetirə bilir. Azərbaycan-Türkiyə hərbi təlimləri hər şeydən öncə məhz bu məqsədə xidmət edir.
Vurğulanan məqamlar Azərbaycan Ordusunun hərbi qüdrətinin artırılması prosesinin həm ölkənin ərazi bütövlüyünü, həm də regional təhlükəsizliyi təmini etmək baxımından çox vacib olduğunu təsdiqləyir. Azərbaycanın hər an hərbi əməliyyatlara hazır olması məqamı bu özəlliklə sıx bağlıdır. Söhbət faktiki olaraq regionun bir daha qeyri-müəyyənliyə, terror və separatizmin ağuşuna atılmasına imkan verməməkdən gedir. Azərbaycan Ordusunun missiyası yalnız dövlət sərhədləri daxilində əmin-amanlığı təmin etməklə məhdudlaşmır. Hazırda onun bir beynəlxalq missiyası da vardır. O həm də məsuliyyətdir. Deməli, daim inkişafda və təkmilləşməkdə olmaq gərəkdir.
Aydındır ki, bu kimi məqamlar Azərbaycan Ordusu qarşısında Ermənistan silahlı qüvvələrinin dayana bilməyəcəyini sübut edir. Bununla belə, yaranmış indiki vəziyyət digər düşündürücü faktoru göz önünə gətirir. Hələ də Ermənistanın havadarları ona yardım etməklə bölgədə ədalətin yer tutmasına mane olurlar. Bu, daha təhlükəli bir mənzərədir. Deyək ki, havadarlar ermənilərdən işğal etdikləri torpaqlardan çəkilmələrini tələb etmək əvəzinə, Azərbaycana hərbi əməliyyat keçirməməyi məsləhət görürlər. Bununla da təcavüzə dəstək verir, haqsızın yanında olurlar. Təəssüf ki, həmsədrlərin hər üçü bu mövqedədirlər. Onlar sözdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, lakin onun reallaşması üçün heç bir ədalətli addım atmaq istəmirlər.
Lakin hər şeyin bir sonu olduğu kimi, bu ədalətsiz münasibətin də bir sonu olacaq. Və o zaman Azərbaycan Ordusunun qarşısında kimsənin dayanması mümkün olmayacaq. Ölkə rəhbərliyinin də əminliklə dediyi kimi, o gün mütləq gələcək!
Newtimes.az