Azərbaycan nümayəndələri Avropa Şurası Konqresinin Monitorinq Komitəsinin işində iştirak etmişlər - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 3 iyul tarixində Norveçin paytaxtı Oslo şəhərində Avropa Şurası Yerli və Regional Hakimiyyətləri Konqresinin Monitorinq Komitəsinin iclası keçirilmişdir. Qurumun Monitorinq Komitəsinin işində ölkəmizi Avropa Şurası Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov və Azərbaycan Şəhər Bələdiyyələri Milli Asossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev təmsil etmişdir.
Avropa Şurası Konqresi tərəfindən üzv dövlətlərdə Avropa Özünüidarəetmə Xartiyası çərçivəsində öhdəliklərinin həyata keçirilməsinə nəzarət edən Komitənin iclasında eyni zamanda bir sıra ölkələrdə seçki müşahidə missiyalarının hesabatlarının dinlənilməsi baş tutmuşdur. Monitorinq komitəsinin iclasında Türkiyənin İstanbul şəhərində növbəti təkrar bələdiyyə seçkiləri, Bosniya və Herseqovinanın yerli və regional seçkilərlə bağlı hesabatları dinlənilmiş, müvafiq tövsiyyə layihələri Konqresin növbəti Sessiyasında müzakirəyə çıxarılması qərara alınmışdır. İclasda həmçinin Yerli səviyyədə keçirilən referendumlar, yerli və regional ombudsman təsisatları haqda Venesiya komissiyasının tövsiyyələri, Avropa Yerli Özünüidarəetmə Xartiyasının üzv dövlətlərin məhkəmələri tərəfindən presedent hüququ qaydasında istifadə olunması, Yerli səviyyədə insan hüquqları və bir sıra digər məsələlər müzakirə olunmuşdur. Monitorinq Komitəsinin iclasında Azərbaycanda yerli və regional demokratiyanın vəziyyətinə dair dinləmələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxış edərək, son zamanlar bu sahədə görülən işlər və mövcud vəziyyət barədə məlumat vermişdir. Avropa Şurası Konqresinin Monitorinq Komitəsinin növbəti toplantısının Konqresin 37-ci Sessiyası dövründə Strasburqda keçirilməsi qərara alınmışdır.