Pakistanın “Diplomatic Focus” jurnalı Azərbaycan diplomatiyasının 100 illiyinə həsr olunmuş xüsusi buraxılış çap edib - FOTOLAR
Pakistanın “Diplomatic Focus” jurnalı Azərbaycan diplomatiyasının 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılış çap edib.
AZƏRTAC xəbər verir ki, jurnalda Pakistanda təntənəli qeyd olunmuş Azərbaycanın milli bayramı – Respublika Günü və Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi ilə bağlı yazılar, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və tarixi əhəmiyyəti, müasir Azərbaycanın inkişafı, ölkənin iqtisadiyyatı və turizm sektoru, Heydər Əliyev Fondunun fəaliyyəti, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materiallar yerləşdirilib. Bundan başqa, xüsusi buraxılışda Azərbaycan hərbi kontingentinin Pakistan Günü ilə bağlı paradda iştirakı, Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqlar üçün təşkil olunmuş tədbir və iftar yeməyi, Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilmiş tədbirdə iştirak etmək üçün müxtəlif ölkələrin parlament spikerlərinin, o cümlədən Pakistan Senatı sədrinin ölkəmizə səfəri, Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı məqalələr, həmçinin ölkəmizin Pakistandakı səfiri Əli Əlizadənin diplomatiyamızın 100 illik yubileyi ilə bağlı materialı dərc olunub.
Xüsusi buraxılışda cari il mayın 2-3-də Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakına diqqət çəkilib, dövlətimizin başçısının “Mədəniyyətlərarası dialoq ölkələri bir-birinə yaxınlaşdırmağın yeganə yoludur” kimi fikirlərindən sitatlar gətirilib. Bu Forumda Pakistan Milli Assambleyası spikerinin müavini və Assambleya üzvlərinin, eyni zamanda, yüksək səviyyəli media nümayəndələrinin də iştirak etdikləri diqqətə çatdırılıb.
Jurnalda Xarici İşlər naziri Elmar Məmmədyarovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin bugünkü vəziyyəti barədə müsahibəsinə də yer ayrılıb, münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə çağıran BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinin əhəmiyyəti vurğulanıb. Nazirin Xəzər dənizinin hüquqi statusu ilə bağlı beş Xəzəryanı dövlətin imzaladığı Konvensiya, eyni zamanda, Azərbaycanın 2019-cu il üçün xarici siyasət prioritetləri ilə bağlı fikirləri də oxucuların diqqətinə çatdırılıb.
28 May – Respublika Günü və Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş bölmədə 1918-ci ildə daxili və xarici çətinliklərin olduğu bir dövrdə imperiyanın çökməsi nəticəsində müsəlman Şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından, bir il sonra dövlətin Xarici İşlər Nazirliyinin təsis edilməsindən, həmçinin müasir Azərbaycanın əldə etdiyi inkişaf və nailiyyətlər, Azərbaycan-Pakistan münasibətlərinin indiki vəziyyəti ilə bağlı oxuculara məlumat verilib.
Xüsusi buraxılışda, həmçinin 1993-2003-cü illərdə və daha sonra Azərbaycanın keçdiyi yola nəzər salınıb, 1993-cü ildə müstəqil Azərbaycanın Prezidenti seçilən Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi və iqtisadi sabitliyin bərqərar olunduğu, həmçinin ictimai həyatın müxtəlif istiqamətlərində, eləcə də insan hüquqları və demokratiya sahəsində inkişafa start verildiyi, Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanaraq qəbul edildiyi diqqətə çatdırılıb. Ümummilli Liderin rəhbərliyi ilə xarici siyasət xəttinin qlobal və regional gerçəkliklərə uyğun yenidən qurulduğu, məhz bu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində hazırda Azərbaycanın bütün beynəlxalq platformalarda öz mövqeyini qətiyyətlə müdafiə etdiyi və söz sahibinə çevrildiyi vurğulanıb.
Həmçinin xüsusi buraxılışda 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra ermənilərin tarixi Azərbaycan ərazilərinə köçürüldüyü, məhz bundan sonra onların müsəlman türklərə, o cümlədən azərbaycanlılara qarşı aqressiv yanaşmaları da qeyd olunub. Müasir dövrdə başlanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkilib, beynəlxalq təşkilatların bu məsələ ilə bağlı qəbul etdikləri qətnamələrə, erməni təcavüzünün nəticələri barədə hazırlanmış statistik xəritəyə yer verilib.
Jurnalda Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadənin 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından və 1919-cu il iyulun 9-da ölkənin Xarici İşlər Nazirliyinin rəsmi olaraq təsis olunmasından, müasir Azərbaycanın Xalq Cümhuriyyətinin varisi olaraq müstəqilliyini bərpa etdikdən sonra müəyyən çətinliklərdən, sınaqlardan şərəflə keçməsindən, Dağlıq Qarabağ münaqişəsi ilə üz-üzə qalmasına baxmayaraq, qısa zamanda əldə etdiyi çoxşaxəli uğurlarından bəhs edən məqaləsinə də yer verilib.
Xüsusi buraxılışda ilk dəfə olaraq Pakistan Prezidentinin Sarayında, 1 İyun - Beynəlxalq Uşaqlar Günü və Müqəddəs Ramazan ayı ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbirə də toxunulub, tədbirə ali qonaq qismində Pakistan Prezidenti Arif Alvinin və birinci xanımı Samina Alvinin təşrif buyurmalarının Azərbaycana verilən diqqətin təzahürü olduğu vurğulanıb, Heydər Əliyev Fondunun fəaliyyətinə və xalqlarımızın yaxınlaşmasında oynadığı xüsusi rola diqqət çəkilib.
Qlobal turizm bazarında getdikcə artan nüfuzundan dolayı hazırda Azərbaycanın ideal turizm məkanına çevrilməsinin səbəbi kimi Azərbaycan xalqının qonaqpərvərliyi, ölkənin təbiəti, coğrafi mövqeyi və s. göstərilib, bunlar barədə oxuculara geniş məlumat verilib. Ölkəmizdə yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirildiyi, dünyanın bir çox ölkələrinin vətəndaşları üçün elektron viza sisteminin tətbiq olunduğu vurğulanıb. Həmçinin Azərbaycanın müxtəlif iqtisadi göstəriciləri, ölkəyə gələn turistlərin sayı ilə bağlı statistik məlumatlar da bu hissədə öz əksini tapıb.