Qırğızıstanın “Kabar” Milli İnformasiya agentliyi ölkəmizin Qırğızıstandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan diplomatiyasının 100 illiyi ilə bağlı məqalə yayıb.
NUHÇIXAN xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanı ilə diplomatik xidmət orqanlarının 100 illiyinin respublikada və digər dövlətlərdə qeyd olunduğu bildirilir. Həmçinin Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti, Şirvanşahlar, Atabəylər, Səfəvilər, Ağqoyunlu, Qaraqoyunlu dövlətləri haqqında məlumat verilir.
Materialda Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqqında da ətraflı söhbət açılır, bu demokratik respublikanın qısa müddət ərzində gördüyü işlər təhlil edilir. Yazıda Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika olduğu diqqətə çatdırılır. Cəmi 23 ay ərzində ordu quruculuğu, digər dövlətlərlə əlaqələrin qurulması, Bakıda xarici dövlətlərin səfirliklərinin açılması, qadınlara səsvermə hüququnun verilməsi və digər sahələrdə əldə olunan nailiyyətlərdən danışılır.
Yazıda bildirilir ki, regionda siyasi vəziyyət gərginləşdiyindən 1920-ci il aprelin 28-də rus qoşunları Bakıya daxil olub və bununla da Azərbaycan Xalq Cümhuriyyəti süqut edib.
Məqalədə 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə qayıtması, dövlət quruculuğu sahəsində əldə olunan uğurlar, “Əsrin müqaviləsi”nin imzalanması, ölkənin demokratik inkişaf yolu tutması haqqında da məlumat verilir. Bildirilir ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır, Azərbaycan regionun lider dövlətinə çevrilib, diplomatiya sahəsində uğurlar əldə edilib.