Azərbaycan-BMT əməkdaşlığı: tarix və müasirliyin vəhdətində

A- A A+

"Newtimes.az" portalında Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun doktorantı Leyla Məmmədəliyevanın "Azərbaycan-BMT əməkdaşlığı: tarix və müasirliyin vəhdətində" sərlövhəli məqaləsi dərc edilib. Məqalədə regional və qlobal miqyaslı proseslər fonunda Azərbaycan-BMT münasibətlərinin inkişaf dinamikası təhlil edilir. Göstərilir ki, müstəqilliyin ilk illərində Azərbaycan ilə BMT arasında əlaqələr daha çox formal xarakter daşıyırdı. O dövrdə ölkəyə rəhbərlik edən siyasi qüvvələrin səriştəsizliyi və yarıtmaz fəaliyyəti nəticəsində bütün dünya üçün vacib olan bu yüksək tribundan istifadə demək olar ki, yox dərəcəsində idi. Yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə yenidən hakimiyyətə qayıdışından sonra vəziyyət tədricən dəyişməyə başladı. Ulu Öndərin müəyyən etdiyi əməkdaşlıq kursu böyük nailiyyətlər əldə etməyə imkan verib. Hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan-BMT münasibətlərinə yeni töhfələr verirlər. Həmin bağlılıqda bu il Bakıda keçirilən iki tədbirin bu münasibətlərə gətirdiyi yeni çalarlar analiz edilir və bu kontekstdə Azərbaycan-BMT münasibətlərinin perspektivi ilə bağlı tezis irəli sürülür. NUHÇIXAN məqaləni təqdim edir.

Dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq təşkilatı olan Birləşmiş Millətlər Təşkilatı (BMT) qlobal miqyasda ciddi rol oynayır. Müxtəlif sahələr üzrə problemlərin həll edilməsi, davamlı inkişaf məsələləri, dünya təhlükəsizliyi problemləri, elm, təhsil, mədəniyyət, iqtisadiyyat üzrə inkişafın özəllikləri bu təşkilat üçün müstəsna əhəmiyyət kəsb edir. Buna görədir ki, hər bir müstəqil dövlətin BMT ilə münasibətlərinə böyük önəm verilir. Azərbaycan-BMT münasibətləri 1993-cü ildən başlayaraq tamamilə yeni məzmunda inkişaf etməkdədir. XXI əsrin əvvəllərində dünya miqyasında müşahidə edilən mürəkkəb və sürətli geosiyasi dəyişikliklər BMT üzvlərinin bu təşkilatla münasibətlərinə də yeni çalarlar gətirib. O cümlədən Azərbaycan iqtisadiyyat, elm, təhsil, mədəniyyət, təhlükəsizlik, münaqişələrin həlli və sair məsələlərdə BMT ilə əlaqələrini yeni səviyyəyə yüksəldib. Aktual məsələlərlə bağlı təklif edilən proqramların həyata keçirilməsində daha aktiv mövqe tutub. Bütün bu məqamların fonunda Azərbaycan-BMT münasibətlərinin təkamülünün təhlili üzərində dayanmağa ehtiyac görürük.

Yolun başlanğıcı: Ulu Öndərin müəyyən etdiyi əməkdaşlıq kursunun uğurları

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi 1945-ci il iyunun 26-da ABŞ-ın San-Fransisko şəhərində keçirilən beynəlxalq konfransda təsdiq edilib. Konfransda 50 ölkədən nümayəndələr iştirak edib. Nizamnamə həmin ilin oktyabrında qüvvəyə minib. Bu tarixdən başlayaraq BMT beynəlxalq aləmdə ən çox adı hallanan təşkilatdır. Artıq insanlar hər hansı beynəlxalq problemin BMT çərçivəsində həll edilməsini ədalətli sayırlar. Yarandığı gündən indiyə qədər bu beynəlxalq təşkilat çoxlu sayda problemlərlə məşğul olub. Mövcudluğu müddətində BMT çətinliklər və ziddiyyətlərlə də üzləşib. Onun yeni müstəqil dövlətlərlə münasibətləri də asanlıqla formalaşmayıb. Hər bir müstəqil ölkənin bununla bağlı öz təcrübəsi vardır. Azərbaycan-BMT münasibətləri bu baxımdan maraqlı və zəngin təcrübəyə malikdir.

Müstəqilliyin ilk illərində Azərbaycanla BMT arasında əlaqələr daha çox formal xarakter daşıyırdı. O dövrdə ölkəyə rəhbərlik edən siyasi qüvvələrin səriştəsizliyi və yarıtmaz fəaliyyəti nəticəsində bütün dünya üçün vacib olan bu yüksək tribundan istifadə demək olar ki, yox dərəcəsində idi. Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xilaskar missiyası ilə yenidən hakimiyyətə qayıdışından sonra isə vəziyyət tədricən dəyişməyə başladı. BMT-nin Baş Məclisinin elə həmin ildə keçirilən 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" qətnamə qəbul edildi. Bu, Azərbaycan-BMT münasibətləri kontekstində mühüm addım idi, çünki bununla, faktiki olaraq, Azərbaycan üzləşdiyi erməni təcavüzünün yaratdığı problemləri dünya ictimaiyyətinə nüfuzlu beynəlxalq təşkilatın tribunasından çatdırmaq imkanı əldə etmiş oldu.

Ulu öndərin təşkilatın Baş Məclisinin 49-cu sessiyasında və BMT-nin 50 illiyi ilə əlaqədar xüsusi toplantıda söylədiyi proqram xarakterli nitqləri isə BMT-Azərbaycan əlaqələrinin strateji yol xəritəsi idi. Onun başlıca prinsipini Azərbaycanın müstəqil dövlət quruculuğu konsepsiyasının əsas məqamları təşkil edirdi. Onların sırasında müstəqil xarici siyasət kursu ayrıca yer tutur. Məhz bu kimi prinsipial məqamları Ulu öndər BMT tribunasından bütün dünyaya bəyan etdi. Bununla tarixdə ilk dəfə olaraq, universal xarakterli beynəlxalq təşkilatın xitabət kürsüsündən Azərbaycanda müstəqil, demokratik və sivil bir dövlət quruculuğunun başlıca prinsipləri konseptual və sistemli şəkildə ifadə edildi.

Bununla yanaşı, həmin məqamlar BMT-nin özünün fəaliyyətinin xarakteristikası ilə əlaqədə təqdim edildi. Konkret olaraq, Heydər Əliyev qlobal geosiyasətdə müşahidə edilən prosesləri analiz edərək, həm böyük dövlətlərin dünya qarşısında məsuliyyətinin artdığını, həm də BMT-nin əsas beynəlxalq təşkilat kimi fəaliyyətinin daha da səmərələşdirilməli olduğunu vurğuladı.

Ulu öndər yuxarıda vurğulanan kontekstdə BMT Baş Məclisinin 49-cu sessiyasında ifadə etmişdi: "Gələn il özünün 50 illiyini qeyd edəcək Birləşmiş Millətlər Təşkilatı, bir sıra münaqişələrin və böhran vəziyyətlərinin aradan qaldırılmasında təcrübəyə malik olan Təhlükəsizlik Şurası yeni dünya qaydasının qurulmasında, şübhəsiz ki, aparıcı rol oynayır. Lakin Təhlükəsizlik Şurası qarşısında hələ çətin sınaqlar durur: yeni şəraitdə öz səmərəli fəaliyyətini Dünya Birliyinə sübut etmək. Bu gün Təhlükəsizlik Şurası öz qətnamələrinin təminatlı şəkildə yerinə yetirilməsinə nail olmaqla həmişəkindən daha çox əzmkarlıq göstərməlidir. Ümid edirik ki, Şuranın tərkibinin genişləndirilməsi onun möhkəmləndirilməsinə kömək edəcəkdir”. Konkret olaraq, Ulu öndər Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi üçün lazımi əzmkarlığın göstərilmədiyini ifadə edib. Bunun fonunda TŞ-də islahatların aparılması, o cümlədən onun tərkibinin genişləndirilməsi məsələsinin aktuallaşdığı vurğulanıb. Bu, 1994-cü ildə, qlobal miqyasda kifayət qədər mürəkkəb bir vəziyyətin yarandığı şəraitdə çox vaxtında verilmiş bir təklif idi. Əgər BMT onu reallaşdıra bilsəydi, indi müşahidə edilən bir çox ziddiyyətli məqamlar dünya siyasətini narahat etməzdi.

Ulu öndər fikirlərini inkişaf etdirərək, başqa problemlərə də toxunmuşdu. Heydər Əliyev nitqində vurğulayıb: "Biz Baş Məclisin roluna böyük əhəmiyyət veririk. Bu rolu hər şeydən əvvəl onda görürük ki, qarşılıqlı güzəştlərə və mənafelərin tarazlığına əsaslanan qərarlar qəbul edilərkən dövlətlərin ən sıx qarşılıqlı fəaliyyəti təmin edilsin. İndiki şəraitdə BMT baş katibinin öz səlahiyyətlərindən səmərəli istifadə etməsinin, habelə beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində baş katib ilə birlikdə məsuliyyət daşıyan üzv dövlətlərin ona göstərməli olduqları köməyin əhəmiyyəti də artır".

Beynəlxalq təhlükəsizlik və terrorla mübarizə: Azərbaycanın fəal mövqeyi

Beləliklə, Heydər Əliyev, faktiki olaraq, Baş Məclisin 49-cu sessiyasında BMT-də aparılması vacib olan sistemli islahatlar məsələsini qaldırmış və həmin məsələni müstəqil Azərbaycanın bu beynəlxalq təşkilatla sıx əməkdaşlığı kontekstində ifadə etmişdi. Ulu öndər nitqində ifadə edib ki, Azərbaycan BMT-nin perspektivlərini nikbinliklə qiymətləndirir, Bakı həmişə bu beynəlxalq təşkilatın yüksək prinsiplərini müdafiə edəcək və "təşkilatın nüfuzunun səmərəsinin artırılmasına nail olmağa" çalışacaq. Deməli, əslində, 49-cu sessiyada Heydər Əliyev dövlət quruculuğunun yuxarıda vurğulanan mühüm aspektləri prizmasından Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə daha çox diqqət yetirilməsi tələbini və zərurətini BMT üzvlərinə bir daha xatırladıb.

Bu, Azərbaycan-BMT münasibətlərinin perspektivi baxımından dəqiq düşünülmüş gözəl bir başlanğıc idi. BMT Heydər Əliyevin təqdimatında müstəqil siyasət yeridən və demokratik dövlətçilik modelinə üstünlük verən bir üzvü ilə qarşılıqlı münasibətləri səmərəli şəkildə inkişaf etdirməyə kökləndi. Bu istiqamət bir il sonra, Heydər Əliyevin BMT-nin 50 illiyinə həsr edilmiş xüsusi təntənəli tədbirdəki çıxışında bir daha xatırladıldı.

Nitqində BMT-nin dünyada xüsusi rol oynadığına diqqət çəkən Ulu öndər onu "bəşəriyyətin tarixində ən nüfuzlu və ən səlahiyyətli beynəlxalq təşkilat" kimi qiymətləndirib. Azadlıq, demokratiya və insan haqları ideyalarının geniş yayılması müsbət haldır. Lakin Heydər Əliyev nitqində onu da vurğulayır ki, "...dünya hələ də tam təhlükəsiz, mükəmməl və ideal vəziyyətdə deyildir. Elə problemlər var ki, bunlar köklü şəkildə həll olunmalıdır. Dövlətlər arasındakı münasibətlərdə beynəlxalq hüquq normalarının pozulması, beynəlxalq terrorizm, kütləvi qırğın silahlarının yayılması, aclıq və səfalətin aradan qaldırılması, ekoloji fəlakətlərin qarşısının alınması məhz belə problemlərdir. Dünyanın bir çox regionlarında qanlı müharibələrə, milyonlarla insanların saysız-hesabsız əzab-əziyyətlərinə səbəb olan təcavüzkar millətçilik və separatizm halları sülh üçün böyük təhlükədir.

Bütün bunlar onu göstərir ki, Ulu öndər qlobal geosiyasi münasibətlərdə dövlətlərin yeni qaydalara keçməli olduğunu qeyd edib. Onun fikirlərinə görə, qarşılıqlı etimad və dialoq imkanları artırılmalı və BMT-nin bu prosesdə özəl rolu olmalıdır. Müasir mərhələdə beynəlxalq hüquq normalarının pozulmasına qətiyyən yol verilməməlidir. Çünki mütəxəssislərin də vurğuladıqları kimi, beynəlxalq hüquq normalarının pozulması sülh və təhlükəsizlik üçün ciddi risklər meydana gətirir.

Beləliklə, Azərbaycan-BMT münasibətləri Ulu öndər Heydər Əliyev tərəfindən dəqiq işlənmiş prinsiplər əsasında qurulub və daim inkişaf edir. Bir tərəfdən, Azərbaycanın müstəqil dövlət kimi inkişafı məsələsi qoyulur, digər tərəfdən isə BMT-nin nüfuzlu beynəlxalq təşkilat olaraq real və səmərəli fəaliyyətinin təmini problemi qaldırılır. Bu iki məqamın fonunda BMT-Azərbaycan münasibətlərinin dinamikasını izləmək faydalı olardı.

Mütəxəssislər Azərbaycan-BMT münasibətlərini xarakterizə edərkən vurğulayırlar ki, ölkə 1995-ci ildən başlayaraq BMT-nin çox sayda komissiya və şurasında çox aktiv fəaliyyət göstərir. Konkret olaraq, Azərbaycan UNESKO-da, UNICEF-də, ECOSOC-da, qurumun Qadınların Vəziyyəti üzrə Komissiyasında, İnsan Hüquqları Komissiyasında və digərlərində proqramların reallaşdırılmasında fəal iştirak edir. Bir çox hallarda Azərbaycan BMT üçün aktual olan təkliflərlə çıxış edir, onların həyata keçirilməsi üçün ciddi səylər göstərir. Bu bağlılıqda Azərbaycanın BMT-nin Təhsil, Elm və Mədəniyyət məsələləri üzrə Təşkilatı ilə sıx əlaqələr qurması olduqca əhəmiyyətlidir. Müasir cəmiyyətlər üçün elm və təhsilin strateji əhəmiyyət daşıdığını sübut etməyə ehtiyac yoxdur.

Əlaqələrin genişlənməsi: yeni təşəbbüslər və Azərbaycan

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkənin BMT ilə əlaqələrinə çox böyük töhfələr verdiyini xüsusi vurğulamaq lazımdır. Bu istiqamətdəki fəaliyyəti ilə ölkənin birinci xanımı Azərbaycan mədəniyyətinin bütün dünyada təbliğində səylərini əsirgəmir, eyni zamanda, dünya mədəniyyətinin Azərbaycanda təbliği üçün əvəzsiz xidmətlər göstərir. Bütün bunlara görədir ki, Mehriban xanım Əliyeva UNESKO-nun xoşməramlı səfiri seçilib.

Şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT ilə münasibətlərin inkişaf etdirilməsində həlledici rol oynayır. Ulu Öndərin siyasi kursunu tam dolğunluğu ilə inkişaf etdirən dövlət başçısı Azərbaycan-BMT münasibətlərinin yüksək dinamikaya malik olması üçün düşünülmüş və səmərəli proqramların reallaşdırılmasına nail olub.

Əlamətdardır ki, İlham Əliyev Azərbaycan Respublikasının Baş Naziri statusunda BMT Baş Məclisinin 58-ci sessiyasında çıxışı zamanı BMT TŞ-də islahatların aparılması zərurətindən bəhs edib. Bu, Ulu Öndərin BMT-də islahatların həyata keçirilməsi və TŞ-nin fəaliyyətinin daha da səmərələşdirilməsi haqqında ifadə etdiyi fikirlərin davamı idi. Yəni Azərbaycan rəhbərliyi BMT ilə münasibətlərdə həmişə məntiqi, ardıcıl, sistemli və perspektivə hesablanmış mövqe nümayiş etdirib. Bu xəttin olduqca səmərəli olduğunu təcrübə tam təsdiq edib və etməkdədir. Bu baxımdan Prezident İlham Əliyevin 2004-cü ilin sentyabrında BMT Baş Məclisinin 59-cu sessiyasında TŞ-də islahatlarla bağlı irəli sürdüyü təkliflər Azərbaycanın bu beynəlxalq təşkilatla münasibətlərinə konkret çalarlar gətirib. İlham Əliyev yeniləşmiş TŞ-nin üç əsas əlamətinin olmasının vacibliyini vurğulayıb. Tərkibi genişlənmiş TŞ məsuliyyətli, demokratik və iş metodları şəffaf olmalıdır. İslahatlar aparılmış TŞ-də "XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir".

Sözsüz ki, Azərbaycan-BMT münasibətlərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı atılan addımlar xüsusi yer tutur. Bu məsələ BMT-nin gündəmində ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra tam şəkildə öz əksini tapıb. Ulu Öndər və Prezident İlham Əliyev həmişə onu fəal olaraq BMT-nin gündəminə gətiriblər. Bu baxımdan Azərbaycan tərəfinin təkidi ilə BMT Baş Məclisinin 29 oktyabr 2004-cü il tarixli sessiyasında "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələnin sessiyanın gündəliyinə salınması tarixi hadisə idi. Bu əsasda BMT-də Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair qətnamələr qəbul edildi. Bu sənədlərdə həm Ermənistanın işğalçılıq siyasəti vurğulanıb, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası zərurəti öz əksini tapıb.

Ekspertlərin yekdil rəyinə görə, Azərbaycan-BMT münasibətlərində Azərbaycan Respublikasının 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin xüsusi yeri vardır. Azərbaycan seçkilərdə əvvəl Macarıstan, sonra isə Sloveniya üzərində şərtsiz üstünlük qazanaraq qələbə üçün tələb olunan 129 səsdən də çox – 155 səs əldə edərək buna nail olub. Əlbəttə, BMT kimi bir təşkilatda belə böyük uğura nail olmaq bütövlükdə Azərbaycanın bu beynəlxalq təşkilatla münasibətlərini əsaslı şəkildə qurmasını təsdiqləyən ciddi faktorlardandır.

Bütün bunların fonunda Azərbaycanın BMT ilə münasibətlərinin yeni dinamika alması böyük maraq kəsb edir. Dünyada mürəkkəb, qeyri-müəyyən, risk və təhdidlərlə dolu proseslərin vüsət aldığı bir zamanda Azərbaycan-BMT münasibətlərinin yüksələn xətlə inkişaf etməsi Bakının çox uğurlu əməkdaşlıq kursu seçdiyinə dəlalət edir. Deyək ki, 2015-ci ildə BMT-nin sammitində 2030-cu ilə qədər qlobal inkişafın hədəfləri müəyyən edildi. O, 17 davamlı inkişaf məqsədi üzrə 169 hədəfdən ibarət idi. Azərbaycan bu proqramın reallaşması istiqamətində BMT ilə fəal əməkdaşlıq edir. Buraya təhsil, ətraf mühit və ərzaq təminatı kimi vacib məsələlər daxildir.

Bu gün də Azərbaycan-BMT münasibətləri yüksələn xətt üzrə inkişaf etməkdədir. 2019-cu il iyunun 24-26-da Bakıda BMT və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu keçirildi. Tədbirdə dünyanın 190 ölkəsindən 800-dən artıq nümayəndə iştirak etdi. Müzakirə mövzusunun aktuallığı və iştirakçıların sayı onu göstərir ki, Azərbaycan bütün aspektlərdə mükəmməl olaraq BMT ilə bağlı proqramları reallaşdırmağa qadirdir.

BMT-nin Dövlət Xidmətləri Forumlarında dövlət xidmətlərinin aktual problemləri müzakirə edilir. O cümlədən həmin sahədə innovasiyalar və texnologiyaların tətbiqi imkanları ilə bağlı fikir mübadiləsi aparılır. Forum dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq platforma kimi qəbul edilir. Bu tədbir çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər müəyyən edilir.

Yuxarıdakı təhlildən görünür ki, dövlət xidmətləri ilə bağlı təşkil edilən forumlar müasirliyin ciddi problemlərini müzakirə etməyə imkan verir. Əlbəttə, belə bir tədbiri keçirmək üçün BMT üzvü olan ölkə həmin sahədə uğur qazanmalıdır. Azərbaycanda belə bir təcrübə mövcuddur. "ASAN" və "DOST" xidmətlər buna gözəl nümunədirlər.

Bu məsələnin vətəndaş-hökumət münasibətlərinin yeni keyfiyyət mərhələsinə yüksəlməsinə və idarəetmədə şəffaflığın daha da artmasına müsbət təsiri inkaredilməzdir. Bunlar da öz növbəsində inklüziv, insanyönümlü və İKT əsaslı dövlət xidməti sisteminin formalaşdırılması üçün olduqca vacibdir. Yekun olaraq isə bu proseslər vətəndaş cəmiyyətinin formalaşdırılmasına xidmət edir. Deməli, Azərbaycan Cənubi Qafqazda yeganə müstəqil dövlətdir ki, dövlət xidmətləri sferasında BMT-nin qoyduğu tələblər səviyyəsində sistem yarada bilib. Və bu nailiyyət Azərbaycan-BMT münasibətlərinin müasir mərhələsində əhəmiyyətli elementlərdən birinə çevrilib.

Bu nöqteyi-nəzərdən Forumun açılışında çıxış edən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, səmərəli dövlət qulluğu sahəsində Azərbaycanda görülən işlərin əsas hədəf və məqsədi "yeni xidmətlərin insanlara yönəlməsindən və vətəndaşların keçmişdə üzləşdiyi çətinliklərin aradan qaldırılmasından, dövlət xidmətlərini insanlar üçün əlçatan, rahat, asan və səmərəli etməkdən ibarətdir". Həmin aspektdə də "Vahid pəncərə" prinsipi əsasında dövlət xidmətlərinin göstərilməsi ideyasının uğurlu olması aydın olur.

Forumdan bir neçə gün sonra, 2019-cu il iyun ayının 30-da yenə də BMT xətti ilə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda öz işinə başlayıb. Tədbir iyulun 9-dək davam edib. Bu hadisə də Azərbaycan-BMT münasibətlərinin indiki mərhələsinin yüksək dinamika ilə inkişaf etdiyini göstərir.

Maraqlıdır ki, Ümumdünya İrs Siyahısına 276 milyon hektardan çox ərazini əhatə edən 1000-dən çox abidə daxildir. Azərbaycandan Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi, Qobustan dövlət tarixi-bədii qoruğu, Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı Ümumdünya İrs Siyahısına daxil edilib. Hazırda Hirkan Milli Parkının və Naxçıvandakı türbələrin də bu siyahıya salınması ilə əlaqədar intensiv iş aparılır.

Bunlar uzun illərdir ki, Azərbaycanla UNESKO arasında çox çevik əlaqələrin fonunda uğurla yerinə yetirilmiş proqramların davamıdır. Elm, təhsil və mədəniyyət sferalarında Azərbaycanla BMT arasında əlaqələrin daha da inkişaf etdirilməsi bütövlükdə dövlət quruculuğu kontekstində Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsinə təkan verə bilər. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir.

Beləliklə, ulu öndər Heydər Əliyev tərəfindən Azərbaycan-BMT münasibətlərinin əsasları tam düşünülmüş şəkildə və müasir tələblər səviyyəsində qoyulub. Bu istiqamətdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın reallaşdırdıqları proqramlar Azərbaycanla BMT arasında münasibətlərin daha da inkişaf etməsinə ciddi töhfə verir. Şübhə yoxdur ki, həmin proses daha da inkişaf etdiriləcək.

Xülasə

Müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla səmərəli əlaqələr qurması çox aktual vəzifələrdən biri oldu. Ancaq bu istiqamətdə real uğurlar yalnız ümummilli lider Heydər Əliyevin xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdışından sonra özünü göstərməyə başladı. Məqalədə bu tezis əsasında 27 il ərzində Azərbaycan-BMT münasibətlərinin inkişaf dinamikası təhlil edilir. Göstərilir ki, Heydər Əliyevin müəyyən etdiyi əməkdaşlıq kursu böyük nailiyyətlər əldə etməyə imkan verib. Hazırda Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycan-BMT münasibətlərinə yeni töhfələr verirlər. Həmin bağlılıqda bu il Bakıda keçirilən iki tədbirin bu münasibətlərə gətirdiyi yeni çalarlar analiz edilir və bu kontekstdə Azərbaycan-BMT münasibətlərinin perspektivi ilə bağlı tezis irəli sürülür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: