Mavritaniya portalında Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə bağlı məqalə yerləşdirilib
Mavritaniyanın “Tigent” xəbərlər portalında Azərbaycanın Mərakeşdəki səfiri Oktay Qurbanovun müəllifi olduğu “Azərbaycan diplomatiyasının 100 illik yubileyi” başlıqlı məqalə yerləşdirilib.
NUHÇIXAN xəbər verir ki, yazıda Xarici İşlər Nazirliyinin yaranma tarixi, inkişaf mərhələləri, habelə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk Xarici İşlər naziri Məhəmmədhəsən Hacınskinin həyatı barədə məlumat verilir.
Qeyd olunur ki, bu gün Azərbaycanın xarici siyasəti çox çevik və dinamikdir. Ümummilli lider Heydər Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində Azərbaycan hərtərəfli və dinamik inkişaf yoluna qədəm qoyub, ölkəmizin davamlı sosial-iqtisadi inkişafı təmin edilib. Bu gün Azərbaycanın mövqeyi nəzərə alınmadan regionda hər hansı iri layihəni həyata keçirmək mümkün deyil.
Məqalədə Azərbaycanın xarici siyasətinin uğurları barədə bəhs edilir, ölkəmizin 2006-cı ildə BMT-nin İnsan Hüquqları Şurasının, 2012-2013-cü illər üzrə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildiyi, həmçinin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində vacib rolu qeyd olunur.
Müəllif vurğulayır ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon da daxil olmaqla, Azərbaycan ərazisinin 20 faizinin işğalı və bir milyondan çox azərbaycanlının öz doğma torpaqlarından didərgin salınması xalqımızın ən ağrılı problemidir. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasət həyata keçirir.
Məqalənin müəllifi hər bir Azərbaycan vətəndaşının qəlbində yaşayan ümummilli lider Heydər Əliyevin ölkəmizin müasir tarixində misilsiz roluna xüsusi diqqət ayırır. Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası üçün vacib rol oynayan neft strategiyası genişləndirildi, ölkənin infrastrukturu yenidən quruldu və bərpa edildi.
Məqalədə müasir dünyada qadınların sosial-siyasi sahədə rollarının, ictimai fəallıqlarının xüsusi əhəmiyyəti qeyd olunur, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti barədə məlumat verilir, bu fəaliyyətin beynəlxalq ictimaiyyət tərəfindən də yüksək dəyərləndirildiyi ifadə olunur. Mehriban Əliyevanın UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri adına layiq görüldüyü vurğulanır.
Bildirilir ki, ümummilli lider Heydər Əliyevin əsası qoyduğu siyasi-iqtisadi kurs özünü doğruldub. Bu gün həmin strateji istiqamət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində Azərbaycan yeni dövrə qədəm qoyaraq özünün siyasi, iqtisadi müstəqilliyini qoruyub saxlamağa müvəffəq olub, son illər ərzində bütün sahələrdə böyük tərəqqi əldə edib, dünyanın ən sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.