ABŞ-ın “Con Batçelor Şou” radio proqramında ermənilərin antisemitizm əhval-ruhiyyəsindən və Azərbaycanın tolerantlığından danışılıb
ABŞ-ın məşhur və geniş dinləyici auditoriyasına malik olan “Con Batçelor Şou” radio proqramının növbəti verilişində ermənilərin antisemitizm əhval-ruhiyyəsindən danışılıb.
NUHÇIXAN xəbər verir ki, radioverilişin aparıcısı Con Batçelor İsraildə yəhudi tələbələrə ermənilərin hücum etməsi fonunda ermənilərin anti-semitizm əhval ruhiyyəsini araşdırıb. O, bu ilin iyun ayında bir qrup erməninin iki yəhudi gənci təkləyərək onlara qarşı təcavüz göstərmələri faktını misal gətirərək bunu pisləyib.
ABŞ-ın Los-Anceles şəhərində yaşayan yazıçı və rejissor Adelle Malka Nazarianla birlikdə apardığı müzakirədə Con Batçelor bildirib ki, müsəlman ölkəsi olan Azərbaycanın İsraillə dostluq münasibətlərinə görə Ermənistan Azərbaycanı ittiham edir.
Azərbaycana bir neçə dəfə səfər etdiyini bildirən aparıcı bu ölkə haqqında silsilə verilişlər hazırladığını və Azərbaycanın Ermənistandan fərqli olaraq tolerant ölkə olduğunu qeyd edərək burada müxtəlif dinlərə mənsub insanların dinc şəraitdə birgəyaşayışını təqdirəlayiq hal kimi yüksək qiymətləndirib. Batçelor Azərbaycanın əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət dünyəvi ölkə olduğunu bildirib. O deyib ki, Azərbaycan dünyanın nadir ölkələrindən biridir ki, burada çoxlu dildə - ingilis, rus, ərəb, ivrit, Ukrayna, gürcü, fars və s. dillərdə danışan insanlara rast gəlmək mümkündür. Bu da ölkədə artıq həyat tərzinə çevrilmiş tolerantlığın yüksək olmasından xəbər verən amillərdən biridir.
Azərbaycanın multikultural və müasir ölkə olduğunu bildirən Batçelor Ermənistanla Azərbaycanı müqayisə edərək Ermənistanın monoetnik və kin dolu ölkə olduğunu deyib. Qondarma soyqırımı kimi yüzillik köhnə bir məsələyə görə ermənilərin hələ də Türkiyə və Azərbaycana yersiz kin bəslədiyi vurğulanıb. Ermənilərin İsrail və Azərbaycana qarşı bu cür kinli münasibətlərinə görə onların dözümsüz olduğu, müasir dünyadan nə qədər geri qaldıqları bildirilib.
Qeyd edək ki, “Con Batçelor Şou” gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasi və iqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə çoxsaylı radiokanal tərəfindən həm canlı, həm də audioyazı formasında geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu proqram ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir. Veriliş 200-dən çox radio tərəfindən təkrar yayımlanır.