Qədim Naxçıvan yüz illər boyu Azərbaycan dövlətçiliyik ənənələrinin yaşadıldığı dayaq mərkəzi, milli birliyin, həmrəyliyin dəyişməz ünvanı kimi tarixdə öz yerini alıb. 1990-1993-cü illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin xilaskarlıq missiyasını, müstəqil Azərbaycanın dövlət quruculuğu prosesini məhz Naxçıvandan başlaması da bu mənada taleyin hökmü idi. Bu o illər idi ki, qədim diyarın böyük xilaskara, xilaskarlıq missiyasını həyata keçirəcək dahi şəxsiyyətin isə Onu sevən, ətrafında sıx birləşərək müqəddəs amallara çatmaq üçün hər cür çətinliyə səbr edən, durmadan çalışan sədaqətli insanlara ehtiyacı var idi. Məhz bu iki mühüm amil gələcəkdə həm də Azərbaycanın xilasına zəmin hazırlayacaqdı.
Əvvəlcə isə qədim Oğuz yurdunu təhlükələrdən xilas etmək, onu qorumaq, bütün istiqamətlər üzrə müstəqil dövlət quruculuğu kimi taleyüklü əhəmiyyətə malik mühüm bir prosesin inamla aparıldığı siyasi-ideoloji mərkəzə çevirmək lazım idi. Çünki ötən əsrin 80-ci illərinin sonlarında milli zəmində münaqişələr başlayanda Naxçıvan özünün ağır günlərini yaşayırdı. Sərhədyanı kəndləri erməni yaraqlıları tərəfindən hücuma məruz qalan, dincliyi əlindən alınan və blokadaya salınan Naxçıvanda iqtisadi və siyasi böhran daha da dərinləşmişdi. Belə bir dövrdə ulu öndərimiz Heydər Əliyevin 1990-cı il iyulun 20-də Moskvadan Bakıya, 2 gün sonra isə muxtar respublikaya gəlməsi naxçıvanlılara böyük ümid və sevinc bəxş etməklə yanaşı, həm də Azərbaycanın bütün bəlalardan xilas olacağına da ümidləri artırdı. Ona görə ki, XX əsrin 50-60-cı illərində sürətlə iflasa doğru gedən ölkəmizi 1969-cu il 14 iyulunda ölkəyə rəhbərliyə gələn dahi şəxsiyyət xilas etmiş, qısa zamanda tənəzzülün qarşısını almaqla yanaşı, həm də intibaha nail olmuşdu. Bu mənada, zəngin dövlətçilik təcrübəsinə malik olan qüdrətli şəxsiyyətin, ömrünü Vətəninə, xalqına həsr edən əvəzedilməz liderin doğulub boya-başa çatdığı diyara gəlişi əhali tərəfindən sevinclə qarşılandı. Naxçıvanlılar əmin idilər ki, bu yurdu yalnız ulu öndər xilas edə bilər. Məhz elə bu səbəbdən o dövrün mətbuatı yazırdı ki, əzablı və məşəqqətli günlərini yaşayan Naxçıvanı düçar olduğu ağır bəlalardan hifz etməkdən ötrü Tanrı dahi və müdrik insanı öz doğma yurduna xilaskar göndərib.
Sonralar ümummilli liderimiz bu barədə deyəcəkdi: “1990-cı ilin yayı idi. Mən buraya gələrkən Naxçıvanı çox çətin bir vəziyyətdə gördüm. Amma eyni zamanda özümü çox rahat hiss etdim. Moskvada məni təqib edirdilər. Hətta yanvar hadisələrindən sonra hərəkətlərimə görə mənə qarşı repressiya planları hazırlanmışdı və onları həyata keçirmək istəyirdilər. Bakıya gələndə xalq tərəfindən mənim gəlişim böyük ruh yüksəkliyi ilə qəbul olundu, lakin hakimiyyətdə olan ayrı-ayrı şəxslər tərəfindən Bakıda yaşamağıma imkan verilmədisə də, mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illər çəkdiyim bütün əzab-əziyyəti unutdum. Görünür, mənim Naxçıvana gəlişim taleyin işi imiş”.
Doğma diyara gəldikdən qısa müddət sonra – 1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə xalq ulu öndər Heydər Əliyevin namizədliyini yekdilliklə irəli sürməklə muxtar respublikanın, ümumilikdə isə Azərbaycanın qurtuluşunu məhz ümummilli liderimizin yenidən siyasi hakimiyyətə qayıdışında gördü. Ulu öndər 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan parlamentinə, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçildi. 1990-cı ilin 17 noyabrında Naxçıvan parlamentinin yeni tərkibdə keçirilən ilk sessiyası görkəmli dövlət xadiminin sədrliyi ilə öz işinə başladı. Həmin sessiyada gündəliyə çıxarılan məsələlər və qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanmışdı.
Hind siyasi xadimi Mahatma Qandi deyib ki, “Dünyada xalqın inamını, etimadını qazanmaqdan, xalqın güvənc yeri olmaqdan böyük xoşbəxtlik yoxdur”. Ulu öndərə böyük sevgi bəsləyən naxçıvanlılar da dünya şöhrətli siyasətçinin doğma diyarımıza rəhbərlik etməsini arzulayırdılar. Ona görə də 1991-ci il sentyabrın 3-də keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında deputatların və iclas keçirilən binanın qarşısına toplaşan minlərlə insanın təkidi ilə ümummilli lider Heydər Əliyev Ali Məclisin Sədri seçildi. Bununla da, Azərbaycan tarixində ulu öndərin adı ilə bağlı olan daha bir səhifə açıldı. Sessiyadakı ilk çıxışında dahi şəxsiyyət öz taleyini xalqa tapşırdığını bildirərək deyib: “Mən bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. ...Mən öz prinsiplərimə sadiq qalaraq Azərbaycanın, Naxçıvanın belə vəziyyətində, çətin günündə, dövründə mənim üzərimə düşən vəzifənin ifasından geri çəkilə bilməzdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”.
Dahi şəxsiyyət Heydər Əliyev Ali Məclisin Sədri kimi siyasi fəaliyyət göstərdiyi dövrdə mahiyyət və miqyasına görə əsrlərə bərabər işlər gördü, “hakimiyyət xalq üçündür” prinsipini reallığa çevirdi. Ümummilli lider real düşmən təcavüzünə məruz qalan, blokada şəraitində yaşayan Naxçıvanın, ilk növbədə, müdafiə qabiliyyətini gücləndirməyə başladı. 1991-ci il sentyabrın 7-də Ali Məclis “Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin yaradılması haqqında” Qərar qəbul etdi. Bu qərar Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi istiqamətində görülən işlərin başlanğıcı idi. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların muxtar respublikada saxlanması təmin olundu, əhalinin böyük mütəşəkkilliyi, torpağa bağlılığı və ümummilli liderə olan sonsuz inamı nəticəsində muxtar respublikada Milli Ordu yaradıldı, Naxçıvanın müdafiə potensialı gücləndirildi, bugünkü qüdrətli Azərbaycan Ordusunun əsası Naxçıvanda qoyuldu.
Həmin dövrdə Azərbaycan xalqının birliyinə nail olmadan və bu həmrəyliyi sağlam ideologiyaya əsasında yaratmadan ölkəni düşdüyü bəlalardan qurtarmaq və inkişaf yoluna çıxarmaq mümkün deyildir. Məhz buna görə də ulu öndər Ali Məclisin Sədri işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında – Vətənə və xalqa xidmət uğrunda birləşməyə səslədi. Bu mənada 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən “31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir. Həmin qərara əsasən, 1991-ci ilin son günü – 31 dekabrda həmrəylik bayramı ilk dəfə muxtar respublikada kütləvi tədbirlərlə qeyd olundu.
Bununla yanaşı, 20 Yanvar faciəsinə, Xocalı soyqırımına siyasi qiymət verilməsi tələbi də ulu öndər Heydər Əliyev tərəfindən səsləndirildi. SSRİ-ni başqa formatda təşkil etmək üçün irəli sürülən və müttəfiq respublikaların suveren hüquqlarını pozan “ittifaq müqaviləsi”nin əsl mahiyyətini uzaqgörənliklə hiss edib “təhlükəli oyunun” ağır itkilərlə nəticələnəcəyini xalqa çatdıran müdrik şəxsiyyət haqlı olaraq bunu xalqı aldatmaq cəhdinin bir təzahürü adlandırdı.
Təcavüzkar Ermənistanın blokadaya saldığı, mərkəzi hakimiyyətin isə biganə münasibət göstərdiyi Naxçıvan Muxtar Respublikasında xarici iqtisadi əlaqələrin qurulması sahəsində də mühüm addımlar atılmalı, blokadanın vurduğu ciddi zərbələrin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilməli idi. Bu məsələni xüsusilə diqqətdə saxlayan ulu öndərimiz 1992-ci ildə qonşu İran İslam Respublikasına və Türkiyə Cümhuriyyətinə səfərlər etdi, bu zaman keçirilən görüşlərdə iqtisadi sahədə əməkdaşlığa dair protokollar imzalandı. Həmin protokollara əsasən, hər iki dövlətlə iqtisadi, mədəni, təhsil və digər sahələrdə qarşılıqlı münasibətlər quruldu, Araz çayı üzərində “Ümid” körpüsü tikilib istifadəyə verildi, Sədərək və Culfa gömrük-keçid məntəqələri fəaliyyətə başladı. 1993-cü il fevralın 5-də Türkiyə Cümhuriyyətinin, martın 8-də isə İran İslam Respublikasının Naxçıvanda konsulluqları fəaliyyətə başladı.
Görkəmli dövlət xadiminin Naxçıvanın xilası, müstəqil dövlətçilik naminə həyata keçirdiyi islahatlar, gördüyü işlər ozamankı Azərbaycan iqtidarı tərəfindən qısqanclıqla qarşılanırdı. Bütün bunlar bir məqsədə – Heydər Əliyev ideyalarının, xilaskarlıq missiyasının qarşısını almağa xidmət edirdi. Lakin buna nail olmaq mümkün deyildi. Ona görə ki, bütün Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsinə, qələbəsinə inanır, öz nicatını yalnız bu yolda görürdü. Bu inam isə muxtar respublikada ölkə əhəmiyyətli mühüm addımların atılmasını şərtləndirən başlıca səbəblərdən biri idi.
İqtisadi inkişafın aparıcı sahələrindən biri olan kənd təsərrüfatının dirçəldilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi də həmin illərdə diqqət mərkəzində idi. Ulu öndərin təşəbbüsü ilə Ali Məclisin 1992-ci il aprelin 6-da keçirilən sessiyasında “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edildi, böhranlı illərin gələcək inkişafa ünvanlanmış bu islahatları aqrar bölmədə irəliləyişlərə səbəb oldu. Bu qərarların qəbul edilməsi hazırkı dövrdə muxtar respublika iqtisadiyyatının aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafını şərtləndirən mühüm amilə çevrildi, Azərbaycanda torpaq islahatına məhz Naxçıvandan başlanıldı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov o dövrdə Naxçıvanda iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edərkən deyib: “Bu dövrdə müstəqilliyin bərpası istiqamətində görülən tədbirlər təkcə siyasi müstəvidə getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılan iqtisadi model də formalaşdırılmış, aqrar islahatların həyata keçirilməsi barədə tarixi qərarlar qəbul edilmiş, blokadanın vurduğu ziyanın aradan qaldırılması üçün tədbirlər görülmüşdü. Qonşu Türkiyə və İranla iqtisadi, mədəni, humanitar əlaqələr yaradılmışdı. Bu dövrün Naxçıvanı yenidən 1969-cu ildən başlanan Heydər Əliyev quruculuq xəttinə, inkişafın Heydər Əliyev yoluna qayıdan ilk region olmaqla Azərbaycanda böyük nümunə gücünə malik idi”.
Azərbaycan xalqının güvəncinə çevrilən ümummilli liderimizə 1992-ci ilin 16 oktyabrında ölkə ziyalıları “Azərbaycan sizi gözləyir” adlı tarixi müraciət etdilər. Xalqın istək və arzularının, son ümidlərinin ifadəsi olan bu müraciətə ümummilli lider Heydər Əliyev həmin ayın 24-də mətbuatda dərc olunmuş “Yeni, müstəqil Azərbaycan uğrunda” sərlövhəli cavab məktubunda deyirdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. 1992-ci il noyabrın 21-də Azərbaycanın müxtəlif bölgələrindən gələn 550-dən artıq nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Blokada çətinlikləri şəraitində yaşayan Naxçıvanda təməli qoyulan bu partiya hazırda öz sıralarında milli ruhlu insanları birləşdirən, müstəqillik, dövlətçilik, qanunçuluq, Azərbaycançılıq, vətənçilik ideyalarına mənsub olan kütləvi siyasi təşkilata çevrilib.
Reallıqdır ki, ümummilli liderin Naxçıvana qayıtması, Ali Məclisin Sədri seçilməsi və bu vəzifədəki səmərəli fəaliyyəti təkcə muxtar respublikada yox, bütövlükdə Azərbaycan miqyasında ölkəmizin parlaq gələcəyinə olan inam hissini alovlandırmışdı. Ölkəmizin digər regionlarında yaşayan insanlar xalqımızın böyük oğlu Heydər Əliyevə teleqramlar, məktublar göndərir, xalqın üzləşdiyi bəlaların məhz onun müdrik və uzaqgörən siyasəti nəticəsində həll olunacağına inamlarını ifadə edirdilər. Xalqın inamının və sevgisinin əyani ifadəsi olan bu məktublarda, teleqramlarda o zaman Azərbaycanı “idarə edənlərin” özbaşınalığından, siyasi səriştəsizliklərindən, xalqın dərdinə şərik çıxmamalarından bəhs olunurdu. Görkəmli dövlət xadimi təkcə Naxçıvanda yox, Azərbaycanın digər regionlarında yaşayan həmvətənlərimizin də dərdlərinə şərik olmuş, onların problemlərinin həllinə çalışmışdır.
1993-cü ildə Azərbaycan xaosa sürükləndiyi, parçalanma, yox olma təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalqımız milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün ümummilli liderimizi Naxçıvandan Bakıya dəvət etdi. Xalqın davamlı çağırışlarını nəzərə alan görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil oldu. 1993-cü il 15 iyun tarixi Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi həkk edildi. Dahi siyasətçi qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı, ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmləndi, bütün sahələrdə böyük uğurlar qazanıldı.
Heydər Əliyev ideyaları Naxçıvanda da yeni inkişaf erasının başlanmasına rəvac verdi, bu siyasətin uğurlu davamı nəticəsində əsl tərəqqiyə nail olundu. Son 24 ildə muxtar respublikanın keçdiyi inkişaf yolu ulu öndərin ideyalarına sadiqliyin təcəssümüdür.
Ulu öndərin Heydər Əliyev tərəfindən dövlət müstəqilliyimizin əsasının Naxçıvanda qoyulması qədim diyarda tarixən mövcud olmuş zəngin dövlətçilik ənənələrinin davamı kimi də təqdirəlayiqdir. Onun 1990-cı il iyulun 22-də Naxçıvan Muxtar Respublikasına gəlməsi və buradakı fəaliyyəti 70 illik imperiya əsarətinə son qoyan Azərbaycanın qurtuluş və müstəqillik tarixində mühüm mərhələdir. Bu tarixdən ötən 29 il ərzində ölkəmizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazandığı uğurlar Heydər Əliyev siyasi xəttinin təntənəsidir. Xalqımız bütün varlığı ilə inanır ki, ölkədə davam etdirilən bu siyasi xətt – Heydər Əliyev yolu ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daha böyük zəfərlərə qovuşduracaqdır.