Ağdamın tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib - FOTOLAR
Bu gün Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 26 il keçir
Respublikamızın dilbər guşələrindən olan Ağdam rayonunun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, kurqan, məbəd, çoxlu sayda qəbirüstü abidələrlə zəngindir. 26 ildir ki, rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni işğalı altındadır.
NUHÇIXAN xəbər verir ki, rayonun Xaçın-Dərbəndli kəndində Qutlu Musa oğlu türbəsi (1314-cü il), Ağdam şəhərində məscid (1868-ci il), Şahbulaq kəndində məbəd (VI-VIII əsrlər), Karvansara (XVIII əsr), Xanoğlan məqbərəsi (XVII əsr), Kəngərli kəndində məbəd (VI əsr), XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid kümbəz və məscid, Ağdam şəhərində Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XVIII əsr), Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, onlarca digər abidələr erməni vəhşiliyinin qurbanına çevrilib. Ermənilər Ağdam rayonunda olan muzeylərdəki eksponatları da talayıb aparıblar. Belə muzeylərdən 3 mindən artıq eksponatı olan Ağdam tarix-diyarşünaslıq muzeyinin, Çörək muzeyinin, tarzən Qurban Pirimovun xatirə muzeyinin, şəkil qalereyasının adlarını çəkmək olar. Rayon ərazisində mövcud olan abidələr erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib.
Qeyd edək ki, 1993-cü ilin iyun-iyul aylarında Gəncədə və Bakıda baş verən hadisələr ermənilərə Qarabağ cəbhəsində hücum əməliyyatlarını genişləndirmək imkanı verdi. Ağdamın müdafiəsini həyata keçirən yerli özünümüdafiə batalyonları erməni silahlı birləşmələri ilə qanlı döyüşlərə girdi. Ancaq heç bir kömək almayan batalyonların döyüşçüləri iyulun 23-də geri çəkilməyə məcbur oldular. Bununla da 43 gün düşmənə sinə gərmiş Ağdam şəhəri süqut еtdi. İşğalçı erməni silahlı birləşmələri еvlərə od vurdu, mədəniyyət abidələrini dağıtdı, insanların əmlaklarını qarət еtdi, şəhəri tərk еdə bilməyən dinc əhaliyə amansız divan tutdu. Ağdam rayonunun 1094 kvadratkilometrlik ərazisinin 882 kvadratkilometri zəbt edildi, 128 min nəfər doğma ev-eşiyindən didərgin düşdü. İşğal nəticəsində 122 kənd, 24 min 446 yaşayış binası, 48 sənaye və tikinti müəssisəsi, 160 məktəb binası, 65 səhiyyə mərkəzi, 373 mədəniyyət ocağı, 1 teatr, 3 məscid və 2 muzey yandırılıb məhv edildi. Erməni terrorçuları Ağdamın işğalı zamanı ağır hərbi cinayətlər törətdilər.
Ağdam Qarabağ müharibəsində ən çox şəhid verən rayondur. Ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olub. Onlardan 16-sı Milli Qəhrəmandır. Rayonun 160 min nəfər əhalisindən 128 mini ev-eşiyindən didərgin düşüb. Onlar ölkənin 62 şəhər və rayonunda məskunlaşıblar.