İyulun 25-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğu Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarəsinin təlim-məşq uçuşları zamanı qəzaya uğraması ilə bağlı məlumat yayıb.
Hərbi Prokurorluğun mətbuat xidmətindən NUHÇIXAN-a bildiriblər ki, Müdafiə Nazirliyinin məlumat yaydığı hadisə ilə əlaqədar Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda cinayət işi başlanılıb. Hərbi Prokurorluğun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb və təxirəsalınmaz zəruri istintaq hərəkətlərinin həyata keçirilməsinə başlanılıb. Hazırda ibtidai araşdırma intensiv davam etdirilir.
Bildirilir ki, hadisə yerinin müəyyən olunaraq baxış keçirilməsi, iş üçün əhəmiyyət kəsb edən predmetlərin götürülməsi, hadisə şahidlərinin dairəsi müəyyənləşdirilərək dindirilməsi, müvafiq ekspertizaların keçirilməsi və eləcə də digər zəruri istintaq hərəkətlərinin icrası təmin edilməklə qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlər görüləcək.
Qeyd olunub ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.