Akademik İsa Həbibbəyli: “Qafqaz üçlüyü” Rüstəm İbrahimbəyovun düşmənə xidmət göstərməsinin açıq ifadəsidir
Yaradıcı adam üçün Vətən və milli mövqe hər şeydən üstün olmalıdır. Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmində nəinki Vətən idealı yoxdur, hətta milli mövqe də açıq-aşkar kobud şəkildə tapdalanıb. Bu, Xalq Yazıçısı adı ilə heç cür bir araya sığmır. Ümumiyyətlə, Rüstəm İbrahimbəyov bütün fəaliyyəti boyu həmişə Azərbaycan cəmiyyətində yalnız neqativ hallar axtarıb, inkişafımızı görmək və göstərmək istəməyib. Sadəcə onun əsərlərindəki tənqid uzun müddət ədəbiyyatçılar tərəfindən keçmiş sovet hakimiyyətinə yönəldilmiş kəskin münasibət kimi yozulub. Əslində isə o, həmin uydurma bəhanə ilə daim öz ölkəsini və xalqını həmişə aşağılayıb. Xalq və Vətən anlayışı Rüstəm İbrahimbəyovdan çox uzaq olan keyfiyyətlərdir.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli “Qafqaz üçlüyü” filminə münasibət bildirərkən deyib.
İsa Həbibbəyli diqqətə çatdırıb ki, “Qafqaz üçlüyü” də Rüstəm İbrahimbəyovun mənsub olduğu xalqdan tam uzaq düşməyinin, düşmənə xidmət göstərməsinin açıq ifadəsidir. Azərbaycana, öz xalqına münasibətdə onun radikal bir erməni ilə mövqeyi eynidir. Açıq görsənir ki, Rüstəm İbrahimbəyov Ermənistanın, erməni dairələrinin rəğbətini qazanmaq, erməni lobbisindən ianə qopartmaq üçün canfəşanlıq edir. “Qafqaz üçlüyü” filmi xalqını təhqir edən Rüstəm İbrahimbəyovun heçliyini və puçluğunu ekrana çıxarır. Belə bir adamın Xalq Yazıçısı adını daşımağa mənəvi haqqı qətiyyən yoxdur.