Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib

A- A A+

Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib.

NUHÇIXAN xəbər verir ki, iclası açan parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.

İclasda əvvəlcə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib. Bildirib ki, “Normativ hüquqi aktlar haqqında” Qanuna yeni maddə əlavə edilib. Bir müddət əvvəl parlamentdə qəbul edilən “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ilə bağlı təxminən onlarla qanuna dəyişiklik etmək zərurəti yaranıb. Yeni qanun layihəsinin işlənməsi üçün “Normativ hüquqi aktlar haqqında” Qanunda məhdudiyyətlər yarandığına görə buraya yeni bir maddə əlavə edilməsi təklif olunur. Təklif edilən 5.4-cü maddədə bildirilir ki, “Ələt azad iqtisadi zonasının ərazisində “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda bu Konstitusiya Qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir və həmin zonanın fəaliyyəti ilə bağlı qəbul edilmiş aktlar azad zona daxilində məcburi hüquqi qüvvəyə malikdir”. Bu, Konstitusiya qanunu layihəsidir və qəbul edildiyi təqdirdə altı ay sonra yenidən səsə qoyulmaq şərti ilə qüvvəyə minəcək.

Deputatlar qanun layihəsi barədə fikir və təkliflərini səsləndiriblər. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin dövlət büdcəsi üzərində nəzarəti təşkil etdiyini deyib. Bildirib ki, hər il icra haqqında məsələ parlamentdə müzakirə olunur. Qanun layihəsində bütün iqtisadi təyinatlar üzrə vəsaitlərin xərclənməsi, o cümlədən sosialyönümlü xərclərin ildən-ilə artması öz əksini tapıb. 2017-ci il dövlət büdcəsinin icrası ilə tanışlıq iqtisadiyyatımızda müsbət meyillərin gücləndiyini sübut edir. Əldə olunan uğurlar, həyata keçirilən nəhəng layihələr Azərbaycanın dünyada nüfuzu artan ölkələr sırasında yer almasına səbəb olub. 2017-ci il ərzində dövlət büdcəsinin bütün parametrlərinin icrası mümkün olub, sosial proqramlar həyata keçirilib.

İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, hesabat ilində qlobal iqtisadi mühit neftin dünya bazarlarında qiymətinin əvvəlki dövrlə müqayisədə artması, inkişaf etmiş ölkələrdə inflyasiyanın yüksəlməsi, dünya üzrə iqtisadi artımın gözləniləndən bir qədər çox olması, dünya üzrə məcmu borcun tarixdə ən yüksək həddə çatması və s. meyillərlə xarakterizə olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mühüm islahatlar öz nəticələrini hesabat ilində də göstərib. Belə ki, 2017-ci ilin ÜDM göstəricisində artım müşahidə edilib, qeyri-neft sektoru üzrə real artım tempi 2,7 faiz təşkil edib, qeyri-neft sektorunun ÜDM-də payı 62,8 faizə çatıb. Hesabat ilinin dövlət büdcəsi həm dünya, həm də respublika üzrə müşahidə edilən bu meyillər, həmçinin dövlət vəsaitlərinin nəticəli istifadəsi, hesabatlılığın və maliyyə nəzarətinin gücləndirilməsi, vəsaitlərdən istifadə üzrə məsuliyyətin artırılması istiqamətində dövlət başçısının təşəbbüsü ilə qanunvericilik aktlarına edilmiş bir sıra vacib əlavə və dəyişikliklər fonunda icra edilib, bu amillər icra prosesinə təsirsiz ötüşməyib.

2017-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi və hesabat “Büdcə sistemi haqqında” Qanunun müəyyən etdiyi vaxtda Hesablama Palatasına təqdim edilib və bu qanunla təsbit edilmiş tələblərə riayət olunmaqla hazırlanıb, qanunvericiliklə həmin sənədlərdə göstərilməsinin tələb olunduğu sahələr və istiqamətlər üzrə məlumatlar əks olunub.

Qeyd edilib ki, 2017-ci ildə dövlət büdcəsinin gəlirləri proqnozlaşdırılmış məbləğlə müqayisədə 98,5 faiz səviyyəsində (16516,7 milyon manat) icra edilib. Ümumiyyətlə, ÜDM-in əvvəlki illə müqayisədə nəzərəçarpacaq artımı, dövlət büdcəsinin gəlirlərinin bir qədər azalması hesabat ilində gəlirlərin ÜDM-ə nisbət göstəricinin 23,5 faiz səviyyəsində icrası ilə nəticələnib. Hesabat ilində ümumi büdcə gəlirlərinin 46,8 faizi ilin birinci yarısında, 53,2 faiz isə ikinci yarısında daxil olub.

Ümumiyyətlə, hesabat ilində dövlət büdcəsinin vergi gəlirləri üzrə müəyyən edilmiş 94,1 faiz səviyyəsində yerinə yetirilsə də, bu daxilolmalar üzrə 2016-cı illə müqayisədə artım 3,5 faiz təşkil edib. Vergi gəlirlərinin dövlət büdcəsinin ümumi gəlirlərinin tərkibində xüsusi çəkisi də 4,5 faiz bəndi artaraq 2017-ci ildə 51,2 faizə yüksəlib.

Vergi gəlirlərinin tərkibində fiziki şəxslərin gəlir vergisi üzrə 2017-ci il üçün müəyyən olunmuş proqnozun 10,9 faiz kəsirlə yerinə yetirilməsi, eyni zamanda, əvvəlki ilə nisbətən azalması əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilməsi prosesinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin gücləndirilməsini tələb edir. Bu vergi növü üzrə icra səviyyəsinə, eləcə də hesablanmış öhdəliklərin əlavə dəyər vergisinin əvəzləşdirilməsinə görə yaranan artıqödəmə məbləğlərinin hesabına aid edilərək dövlət büdcəsinə köçürülməməsi səbəbindən muzdlu işlə əlaqədar gəlirlərdən gəlir vergisinin əsasən real (hasilatın pay bölgüsü sazişləri istisna olmaqla) sektor üzrə proqnozlarının icra olunmaması təsir göstərib.

2016-cı illə müqayisədə 2017-ci ildə ÜDM-in, o cümlədən qeyri-neft ÜDM-in artımı, eləcə də ölkədaxili ümumi istehlak dövriyyəsinin nominal ifadədə artması, həmçinin digər əlaqəli iqtisadi faktorların artım dinamikası fonunda Azərbaycan Respublikasında mal, iş və xidmətlərə görə əlavə dəyər vergisi müəyyən edilmiş proqnoz 86,2 faiz səviyyəsində icra edilib. Qeyd olunanlar bu vergi növü üzrə daxilolmaların məbləğinə təsir edən qeyri-iqtisadi amillərin araşdırılmasını və bu amillərin təsirinin neytrallaşdırılması məqsədilə vergi-büdcə siyasətində müvafiq tədbirlərin nəzərdə tutularaq icrasını zəruri edir. Ümumiyyətlə, hesabat ilində əlavə dəyər vergisinin uzunmüddətli dinamikası Vergilər Nazirliyinin xətti ilə əlavə dəyər vergisinin azaldığını, Dövlət Gömrük Komitəsinin xətti ilə isə əksinə, artdığını göstərir.

Digər gəlirlər üzrə isə əksinə, proqnoz artıqlaması ilə icra edilib, lakin mütləq ifadədə 2017-ci ildə bu gəlirlər 2016-cı illə müqayisədə 13,6 faiz az olub. Əvvəlki illərlə müqayisədə azalmanın əsas səbəbi digər gəlirlərin 75,6 faizini təşkil etmiş Dövlət Neft Fondundan transfertin həcmi ilə əlaqədardır.

Digər gəlirlərin tərkibində Dövlət Neft Fondundan daxilolmaların məbləğini nəzərə almadıqda isə digər gəlirlərin 116,7 faiz səviyyəsində və əvvəlki illə müqayisədə 14,1 faiz çox icra edildiyini qeyd etməliyik. Eyni zamanda, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin qeyri-vergi daxilolmaları üzrə proqnozlaşdırma xətalarının olması müşahidə edilib.

Digər tərəfdən, dövlət büdcəsinin gəlirlərinin icrası mərhələsində real sektordan yığımı təmin edən dövlət qurumlarının inzibatçılığının proqnoz hədəflərin icrası üzərindəki təzyiqlərinin maliyyə-vergi intizamının gücləndirilməsi istiqamətinə yönəldilməsi məsələlərinin həlli aktual olaraq qalmaqdadır.

Nəzərə almalıyıq ki, real sektorda təsərrüfat subyektlərinin könüllü bəyanetmə və ödəmə səviyyəsinin yüksəldilməsi üçün inzibatçılığın maliyyə-vergi intizamının gücləndirilməsi üzərində daha çox səfərbər olunması zəruridir.

Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun qarşıya qoyulmuş məqsədlərə qısa müddət ərzində nail olunması məqsədi ilə dövlət büdcəsinin gəlirlərinin formalaşması və icrası prosesində iştirak edən inzibatçı qurumların fəaliyyətində koordinasiya işləri daha da gücləndirilməlidir.

Hesablama Palatasının sədri diqqətə çatdırıb ki, 2017-ci ildə dövlət büdcəsinin xərclərində 2016-cı illə müqayisədə cüzi azalma müşahidə edilmiş və 98,1 faiz səviyyəsində icra edilib, büdcə xərclərinin ÜDM-ə faiz nisbəti 25,1 faiz təşkil edib. Hesabat ilində ümumi büdcə xərclərinin 46,6 faizi ilin birinci yarısında, 53,4 faizi isə ilin ikinci yarısında icra edilib. Ümumilikdə, 2017-ci ilin dövlət büdcəsinin tətbiqi ilə bağlı Prezident tərəfindən imzalanmış fərmanda fiskal intizamının gücləndirilməsi ilə bağlı əks etdirilmiş tapşırıqlara müvafiq olaraq hesabat ilində büdcə xərclərinin il ərzində icrası üzrə bölgüyə riayət edilməsinə nəzarət təmin olunub.

Xərclərin icrasına son illərdə büdcə qanunvericiliyində edilmiş dəyişikliklərin təsiri ilk növbədə qeyd edilməlidir. Bu dəyişikliklər hesabatlılığın gücləndirilməsində mühüm addım olub. Hesabat ilində digər bir məqam manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsindən fərq məbləğinin yaranmasıdır ki, bu da mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qanun layihəsində ayrıca sətirlə göstərilib.

Hesabat ilində dövlət büdcəsinin kəsiri 1,1 milyard manat və ya təsdiq olunan yuxarı həddən 8,3 faiz az olub, kəsirin ÜDM-ə nisbəti 1,5 faiz təşkil edib.

Büdcə kəsirinin 54,4 faizi vahid xəzinə hesabının qalığı, 9,9 faizi özəlləşdirmədən daxilolan vəsait, qalan 35,7 faizi isə daxili və xarici borclanma hesabına maliyyələşdirilib.

2017-ci ilin sonuna dövlət borcunun ümumi məbləği 17,0 milyard manat təşkil edib. Bu, strateji valyuta ehtiyatlarımızdan bir neçə dəfə azdır və məcmu dövlət borcunun ÜDM-ə nisbətinin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün beynəlxalq təcrübədə qəbul edilmiş sərhəddən nəzərəçarpacaq dərəcədə aşağı olması ölkəmizdə dövlət başçısı tərəfindən dayanıqlı borc siyasətinin yürüdüldüyünü bariz şəkildə ifadə edir.

Ümumi dövlət borcu məbləğinin 93,9 faizi xarici dövlət borcuna, 6,1 faizi daxili dövlət borcuna aid olub.

Xarici dövlət borcunun valyutalar üzrə bölgüsündə 2017-ci il ərzində müəyyən dəyişikliklər olub. Xarici dövlət borcunun valyuta üzrə bölgüsünə nəzər yetirdikdə qeyd etmək olar ki, ABŞ dolları ilə cəlb olunması nəzərdə tutulan borcun məbləği hesabat ilinin əvvəli ilə müqayisədə 30,2 faiz artaraq faktiki xarici borcun ABŞ dolları ilə ifadəsində 44,8 faiz artımına şərait yaradıb.

Eyni zamanda, bu meyil kredit sazişlərinin müddətlər üzrə bölgüsünə də təsirsiz ötüşməyib. Belə ki, kredit sazişinin bölgüsündə 10 ildən 20 ilə qədər olan dövrlərdə borcun həcmi faktiki xarici borcda xüsusi çəkisi 40,0 faizdən 51,2 faizə qədər yüksəlib.

Fiskal dayanıqlılığın təmin edilməsində əsas şərt olan borc dayanıqlılığını xarakterizə edən göstəricilərin təhlili göstərir ki, ümumilikdə, bu istiqamətdə ölkəmizin mövqeyi qənaətbəxşdir. Prezident İlham Əliyevin xarici borcun azaldılması ilə bağlı verdiyi tapşırıqların icrası vəsaitlərin strukturunun iqtisadi artımın və sosial rifahın yüksəldilməsi istiqamətində dəyişməsinə gətirib çıxaracaq.

Deputatlar “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi barədə fikirlərini səsləndiriblər. Layihə səsə qoyularaq qəbul olunub.

Bundan başqa, deputatlar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirə ediblər.

Parlamentin əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli qanun layihəsi barədə məlumat verib. O bildirib ki, əvvəlki oxunuşdan fərqli olaraq deputatlar tərəfindən irəli sürülən bəzi düzəlişlər nəzərə alınıb. Səkkiz fəsil, 40 maddədən ibarət olan layihədə bildirilir ki, əlilliyi olan şəxslər Azərbaycan Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır. Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən əlilliyi olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyi doğuran risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. Dövlət əlilliyi olan şəxslərə müstəqil həyat tərzi keçirmək və həyatın bütün aspektlərində hərtərəfli iştirak etmək imkanının yaradılması, onların digərləri ilə bərabər səviyyədə fiziki mühit, nəqliyyat, informasiya və rabitədən, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və sistemlərindən, əhaliyə açıq olan və ya təqdim olunan digər obyekt və xidmətlərdən istifadəsinin təmin olunması üçün zəruri tədbirlər görür. Azərbaycan ərazisində və yaşayış məntəqələrində infrastruktur obyektlərinin layihələndirilməsi və tikintisi zamanı universal dizayn əsasında bu obyektlərin əlilliyi olan şəxslərə maneəsiz müyəssər olması, onların infrastrukturlardan sərbəst istifadə etməsi üçün ağlabatan uyğunlaşma təmin edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Sonra Torpaq və İnzibati Xətalar məcəllələrində, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında”, “Notariat haqqında”, “Banklar haqqında”, “Poçt haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Azərbaycan Prokurorluğunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında”, “Dövlət qulluğu haqqında”, “Yol hərəkəti haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri nəzərdən keçirilib. Qeyd olunub ki, təklif edilən dəyişikliklər texniki xarakter daşıyır.

Deputatlar təklif olunan dəyişiklikləri nəzərdən keçirərək fikir və təkliflərini səsləndiriblər. Beləliklə, müzakirə edilən qanun layihələri səsə qoyularaq qəbul olunub.

Bundan əlavə, iclasda “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edilib. Layihə müzakirələrdən sonra səsə qoyularaq qəbul olunub.

İclasda, həmçinin Milli Məclisin gənclər və idman komitəsi sədrinin seçilməsi haqqında məsələyə baxılıb. Gənclər və idman komitəsinə yeni sədr Milli Məclisin deputatı Ülvi Quliyev seçilib.

Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Bununla da Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: