Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib - FOTOLAR
Füzuli rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə zəngindir. 26 ildir ki, rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni işğalı altındadır.
NUHÇIXAN xəbər verir ki, rayon ərazisindəki memarlıq abidələrinin bəziləri Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunub. Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il) rayonun işğaldan azad olunmuş hissəsində yerləşir. Qarğabazar kəndində XVII əsrə aid karvansara və məscid, XVIII əsrə aid türbə, Aşağı Ayıbasanlı kəndində İbrahim türbəsi (XVIII əsr), Aşağı Veysəlli kəndində abidə kimi XII əsr qəbiristanlığı və Mir Əli türbəsi (XIII əsr), Qoçəhmədli kəndində XVIII əsr məscid və yaşayış binası, Horadizdə XIX əsr məscid və İmamzadə türbəsi, Füzuli şəhərində, Qacar, Böyük Pirəhmədli, Merdinli kəndlərində XIX əsrə aid məscidlər, Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr körpüləri, “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç füquru, dünyanın ən qədim insan məskənlərindən olan Azıx mağarası, həmçinin ondan çox kurqan tipli arxeoloji abidə isə 26 ildir erməni vandalizminin qurbanına çevrilib. İşğal altında qalan tarixi abidələr erməni işğalçıları tərəfindən dağıdılıb, məhv edilib.