Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin Daxili İşlər naziri İjaz Əhməd Şah ilə görüşüb.
NUHÇIXAN xəbər verir ki, görüşdə Azərbaycan və Pakistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub, hər iki ölkənin Daxili İşlər nazirlikləri və miqrasiya orqanları arasında mövcud olan əməkdaşlığın qarşılıqlı əlaqələrə öz töhfəsini verdiyi bildirilib.
İjaz Əhməd Şah Azərbaycanın yaxın dost və qardaş ölkə kimi daim müxtəlif məsələlərdə Pakistanla həmrəylik nümayiş etdirdiyini vurğulayaraq təşəkkürlərini çatdırıb. O, Pakistanın Azərbaycanın hüquq-mühafizə orqanları ilə təhlükəsizlik, insan alverinə, qanunsuz miqrasiyaya qarşı mübarizə, məhkumların təhvil verilməsi və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinə, ikitərəfli hüquqi bazanın təkmilləşdirilməsinə və qarşılıqlı səfərlərin həyata keçirilməsinə hazır olduğunu bildirib.