Ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin ən uğurlu diplomatı haqda ARXİVLƏRİ AÇDILAR - FOTOLAR
Ermənistan Milli Təhlükəsizlik Xidməti arxivlərinin bir hissəsini açıb.
NUHÇIXAN Modern.az-a istinadən xəbər verir ki, 1918-1920-ci illərə aid arxiv sənədlərində Azərbaycan Xalq Cümhuriyyətinin Yerevandakı nümayəndəsi Məmməd xan Təkinski haqda maraqlı qeydlərə rast gəlinib. Çar ordusunun generalı Rəhim bəy Naxçıvanskinin Türkmənistana yürüşü zamanı övladlığa götürdüyü Məmməd bəy 1919-cu il yanvarın 29-dən həmin ilin oktyabrın 10-da qədər Yerevanda AXC-nin rəsmi nümayəndəsi olub.
Arxiv sənədlərindən aydın olur ki, Ermənistan ərazisində qurulmuş Ararat Respublikasının rəsmiləri bir-birilə yazışmalarda Məmməd xan Təkinskinin fəaliyyətini diqqətdə saxlayırmışlar. O, fəaliyyətə başladığı gündən ermənilərin xüsusi müşahidəsi altında olub.
“Yerevana gəldiyi gündən türkyönümlü səfir Məmməd xan Təkinski nəzarətə götürülmüşdü. Onun məqsədi Ermənistandakı müsəlmanların ayağa qalxmasını təmin etmək və ordu haqqında ətraflı məlumat toplamaq idi”- deyə arxiv sənədlərində qeyd olunub.
Ermənilər diplomatik toxunulmazlıq statusu olan Təkinskinin ordu, hərbi-siyasi dairələr barədə gizli məlumatlar toplaya bildiyini, həmin vacib sənədlərin Bakıya göndərildiyini etiraf edirlər. Diplomatın ən böyük xidməti isə Şərur-Naxçıvan bölgəsinin Ermənistana birləşməsinin qarşısının alınması idi. Belə ki, yerli müsəlman əhali ilə sıx əlaqədə olan Məmməd bəy Təkinski onları müqavimət göstərməyə sövq edə bilib.
1919-cu il iyunun 7-də Məmməd xan Təkinski AXC xarici işlər naziri M.Cəfərova məktubunda yazırdı:
“Denikinin başçılıq etdiyi Könüllü Ordunun uğurlu irəliləyişi halında Yerevan Azərbaycan Xalq Cümhuriyyətinə qarşı düşmən mövqe tuta bilər. Ona görə də Şərur-Naxçıvan bölgəsində ermənilərə təhlükə yaratmalıyıq. Tərəfimdən atılmış addımlar nəticəsində Şərur-Naxçıvan və Ordubad bölgəsi Milli Şuranın simasında birləşərək, mənimlə müntəzəm əlaqə yaradır”.
Məmməd xan Təkinskinin yazışmalarını oxuyan Ermənistan xüsusi xidmət orqanları bu barədə baş nazir Aleksandr Xatisova məlumat ötürürmüşlər.
Arxiv sənədlərində rəsmi Yerevanın intriqaları nəticəsində Məmməd xan Təkinskinin 1919-cu ilin oktyabrında Yerevanı tərk etməyə məcur qaldığı qeyd olunub.
Məmməd xan Təkinski Bakıya döndükdən sonra AXC hökumətində xarici işlər nazirinin müavini postunu tutur. 1920-ci ilin aprelində Qırmızı Ordu Bakını zəbt etdikdən sonra Məməd xan Təkinski siyasi səhnədən uzaqlaşır. O 1937-ci il repressiyaları zamanı güllələnib.
Vüqar İsmayılov