Naxçıvan qarnizonu qoşunları üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib - VİDEO
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan qarnizonu qoşunları üzrə hərbi qulluqçular arasında səmti müəyyənetmə birinciliyi keçirilib.
Yarışdan əvvəl Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Vahid Məmmədov birinciliyin məqsəd və şərtlərini iştirakçılara çatdıraraq komandalara uğurlar arzulayıb.
Sonra 15 komandadan 60 hərbi qulluqçunun gücünü sınadığı birinciliyə start verilib. Gərgin mübarizə şəraitində keçən birinciliyin şərtlərinə əsasən hərbi qulluqçular 8 km məsafədə 10 nöqtəni aşkar ediblər. Yarışın keçirilməsində məqsəd hərbi qulluqçuların dözümlülüyünü yoxlamaq, kompas və xəritədən istifadə bacarığını təkmilləşdirmək, güclü idmançı və komandaları müəyyən etmək olub.
Naxçıvan qarnizonu üzrə hərbi qulluqçular arasında keçirilən səmti müəyyənetmə yarışında komanda hesabında 1-ci yerdə xüsusi təyinatlılar, 2-ci yerdə tankçılar, 3-cü yerdə isə Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının komandası qərarlaşıb. Fərdi və komanda hesabında ilk üçlüyə düşməyi bacaranlar komandanlıq tərəfindən mükafatlandırılıblar.
Nəriman Nəcəfov