Bəyanat: Ermənistan Dağlıq Qarabağ bölgəsinin erməni icmasını aldadaraq öz məkrli siyasəti üçün istifadə edir
İşğal olunmuş ərazilərdən qovulan yüz minlərlə azərbaycanlının qanı bahasına və etnik təmizləmə siyasəti nəticəsində əldə edilmiş qondarma “müstəqillik” heç bir gələcək vəd etmir
Ermənistan KIV-lərində yayılan məlumata əsasən, Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma cinayətkar rejim “müstəqillik günü” adı altında növbəti təxribat xarakterli “tədbirlər” keçirməklə məşğuldur. Cinayətkar hərbi xunta tərəfindən məsxərə xarakterli növbəti “müstəqillik günü tədbirləri”nin qeyd edilməsi bir daha təsdiq edir ki, Ermənistan və onun əlaltısı olan cinayətkar rejim münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı deyil və danışıqlara xələl gətirmək məqsədilə istənilən imkanı “hədər vermir”.
NUHÇIXAN xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının ölkəmizin işğal edilmiş ərazilərindəki qondarma cinayətkar rejimin qeyd etdiyi “müstəqillik günü” ilə bağlı bəyanatında yer alıb.
İcma bəyan edir ki, Dağlıq Qarabağdan və işğal edilmiş digər ərazilərdən qovulmuş yüz minlərlə azərbaycanlının qanı bahasına və etnik təmizləmə siyasəti nəticəsində əldə edilmiş qondarma “müstəqillik” heç bir gələcək vəd etmir. Beynəlxaq təşkilatlar və dünya ictimaiyyətinin işğalın nəticələrini tanımadığı və erməni təcavüzünü pislədiyi bir şəraitdə qondarma cinayətkar xuntanın “müstəqillik günü” qeyd etməsi onun çıxılmaz vəziyyətdə olduğunun təcəssümüdür. Qondarma rejimin əsarəti altında çabalayan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasından alət kimi istifadə etməklə cinayətkar xuntanın və onun havadarı olan Ermənistanın hansı “müstəqillik” ideyalarını tərənnüm etməsi gülünc vəziyyət doğurur. Ermənistan öz işğalçı siyasəti ilə özünü iqtisadi, siyasi və s. cəhətlərdən regionda inkişafdan geri salmaqla və özünü uçuruma aparmaqla kifayətlənməyərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını aldadaraq öz məkrli siyasəti üçün istifadə etməkdə davam edir.
Erməni icması bu yalançı və saxta “matriks”dən azad olmalı və azərbaycanlı icma ilə bir yerdə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ədalətli və daimi sülhün bərqərar olması üçün addım atmalıdır. Bu, yeganə çıxış yoludur.
Dünya ictimaiyyəti münaqişə üzrə danışıqlarda indiyə qədər daim konstruktiv mövqe göstərən regionun lider ölkəsi Azərbaycanın ədalətli mövqeyini də, təcavüzkar Ermənistanın atdığı addımları da yaxşı görür. Ermənistan və xüsusilə cinayətkar xunta rejimi vəziyyəti dəyərləndirərək nəticə cıxarmalı və atılan hesablanmamış addımlara görə məsuliyyət daşıdıqlarını dərk etməlidir. Təcavüzkar Ermənistan tərəfindən işğalın nəticələrini “möhkəmləndirmək” üçün atılan istənilən addım Ab initio beynəlxalq hüquqa ziddir və heç bir fayda verməyəcək. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal olunmuş ərazilərindən qovulmuş yüz minlərlə azərbaycanlı geri qayıtdıqdan sonra iki icmanın sülh şəraitində birgə yaşayışını müzakirə etmək olar.
“Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq erməni icmasına səslənirik və onları tez bir zamanda əsarəti altında yaşadıqları qanunsuz cinayətkar rejimin nəzarətindən qurtulmağa və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər iki icmanın ədalətli və daimi sülh şəraitində birgə yaşaması üçün çağırışımızı qəbul etməyə dəvət edirik”, - deyə bəyanatda qeyd edilir.