İşğalçılıq üzərindən yürüdülən militarist siyasət

Yüz minlərlə azərbaycanlının qanı bahasına və etnik təmizləmə siyasəti nəticəsində əldə edilmiş qondarma "müstəqillik” heç bir gələcək vəd etmir

A- A A+

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın həyata keçirdiyi fəal siyasət işğalçı Ermənistanın üzləşdiyi məğlubiyyətlər seriyasının artması, daha böyük zərbələr alması ilə müşayiət olunur. Hərb cəbhəsi ilə yanaşı, diplomatik müstəvidə Ermənistana vurulan zərbələr bu ölkədə daha çox narahatlıq, təşviş yaradır.

Ermənistanda açıq etiraf edirlər ki, bununla Azərbaycan Dağlıq Qarabağ məsələsində mövqelərini daha da gücləndirir, istədiyi şərtləri rahatlıqla diktə edir. Eyni zamanda, baş verənlər beynəlxalq müstəvidə Azərbaycanın haqlı tələblərinin daha yaxşı eşidilməsinə, ermənilərin fəaliyyətinin uğursuzluğuna, istehza ilə qarşılanmasına gətirib çıxarır.

Təəssüf ki, bu gün Ermənistan problemin dinc müstəvidə həlli məqsədilə ona verilən şansı lazımınca dəyərləndirmir. Eyni zamanda işğal olunmuş ərazilərdə yaradılan qondarma separatçı rejimin hər il keçirdiyi "müstəqillik günləri” də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində aparılan danışıqlara xələl gətirməkdədir.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının ölkəmizin işğal edilmiş ərazilərindəki qondarma cinayətkar rejimin qeyd etdiyi "müstəqillik günü” ilə bağlı bəyanatında da qeyd olunur ki, işğal olunmuş ərazilərdən qovulan yüz minlərlə azərbaycanlının qanı bahasına və etnik təmizləmə siyasəti nəticəsində əldə edilmiş qondarma "müstəqillik” heç bir gələcək vəd etmir: "Ermənistan KİV-də yayılan məlumata əsasən, Azərbaycanın işğal edilmiş ərazilərindəki qondarma cinayətkar rejim "müstəqillik günü” adı altında növbəti təxribat xarakterli "tədbirlər” keçirməklə məşğuldur. Cinayətkar hərbi xunta tərəfindən məsxərə xarakterli növbəti "müstəqillik günü tədbirləri”nin qeyd edilməsi bir daha təsdiq edir ki, Ermənistan və onun əlaltısı olan cinayətkar rejim münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı deyil və danışıqlara xələl gətirmək məqsədilə istənilən imkanı "hədər vermir”.

İcma bəyan edir ki, beynəlxalq təşkilatların və dünya ictimaiyyətinin işğalın nəticələrini tanımadığı və erməni təcavüzünü pislədiyi bir şəraitdə qondarma cinayətkar xuntanın "müstəqillik günü”nü qeyd etməsi onun çıxılmaz vəziyyətdə olduğunun təcəssümüdür. Qondarma rejimin əsarəti altında çapalayan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin erməni icmasından alət kimi istifadə etməklə cinayətkar xuntanın və onun havadarı olan Ermənistanın hansı "müstəqillik” ideyalarını tərənnüm etməsi gülünc vəziyyət doğurur. Ermənistan öz işğalçı siyasəti ilə özünü iqtisadi, siyasi və s. cəhətlərdən regionda inkişafdan geri salmaqla və özünü uçuruma aparmaqla kifayətlənməyərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasını aldadaraq öz məkrli siyasəti üçün istifadə etməkdə davam edir.

Erməni icması bu yalançı və saxta "matriks”dən azad olmalı və azərbaycanlı icma ilə bir yerdə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ədalətli və daimi sülhün bərqərar olması üçün addım atmalıdır. Bu, yeganə çıxış yoludur.

Dünya ictimaiyyəti münaqişə üzrə danışıqlarda indiyə qədər daim konstruktiv mövqe göstərən regionun lider ölkəsi Azərbaycanın ədalətli mövqeyini də, təcavüzkar Ermənistanın atdığı addımları da yaxşı görür. Ermənistan və xüsusilə cinayətkar xunta rejimi vəziyyəti dəyərləndirərək nəticə çıxarmalı və atılan hesablanmamış addımlara görə məsuliyyət daşıdıqlarını dərk etməlidir. Təcavüzkar Ermənistan tərəfindən işğalın nəticələrini "möhkəmləndirmək” üçün atılan istənilən addım Ab initio beynəlxalq hüquqa ziddir və heç bir fayda verməyəcək. Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal olunmuş ərazilərindən qovulmuş yüz minlərlə azərbaycanlı geri qayıtdıqdan sonra iki icmanın sülh şəraitində birgəyaşayışını müzakirə etmək olar.

Qeyd olunanlar 20 ildən çoxdur ki, davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hadisələrin inkişaf istiqamətinə də təsirsiz ötüşməyərək yeni bir situasiyanın yaranmasına səbəb olmaqdadır. Məsələyə diplomatiya, beynəlxalq hüquq kontekstindən yanaşıldıqda aydın olur ki, Ermənistan sözün əsl mənasında küncə sıxışdırılmış vəziyyətdədir və Azərbaycanın apardığı siyasət nəticəsində işğalçı dövlətin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünyanı aldatmağa xidmət edən yalançı manevrlərinə yer qalmayıb. İndi dünya birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını qəbul edir, beynəlxalq hüquq normalarına uyğun olaraq onu zəbt etdiyi əraziləri azad etməyə çağırır. BMT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri müvafiq qətnamələrdə, o cümlədən münaqişənin dinc yolla çözülməsi üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun irəli sürdüyü həll variantlarında da Ermənistanın işğalçı dövlət kimi təqdim olunması düşmən ölkənin diplomatiya müstəvisində artıq nokaut vəziyyətinə düşdüyünü təsdiq edən faktorlardır.

Beləliklə, münaqişənin yeganə həll yolu Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtmasıdır. Ölkəmizin beynəlxalq hüquqa və tarixi ədalətə söykənən bu mövqeyi bütün dünya ictimaiyyəti tərəfindən qəbul olunur və dəstəklənir. Ermənilərin isə buna müqavimət imkanları getdikcə daha zəif hal alır.

Digər tərəfdən, Ermənistan görür ki, Azərbaycanın artan hərbi-siyasi gücü, qətiyyəti regionda mühüm keyfiyyət dəyişikliyi yaradıb, hərbi-siyasi və iqtisadi güc balansı tamamilə ölkəmizin xeyrinə dəyişib. Bu isə Dağlıq Qarabağ probleminin həllində şərtləri məhz Azərbaycanın diktə etməsinə şərait yaradır. Aclıq və səfalət içərisində yaşayan Ermənistan cəmiyyəti görür ki, bu durumda Azərbaycanın torpaqlarını uzun müddət işğal altında saxlaya bilməz.

Bu fonda onu da nəzərə almaq lazımdır ki, Ermənistanda və Azərbaycanın işğal altında olan ərazilərində formalaşdırılmış separatçı bölgədə baş verən hadisələr, Xankəndidəki oyuncaq rejimə qarşı keçirilən kütləvi aksiyalarda söylənilən şüarlar, etiraz bəyanatları Azərbaycan Prezidenti İlham Əliyevin illər ərzində BMT-nin və digər beynəlxalq təşkilatların kürsülərindən səsləndirdiyi fikirlərin etirafıdır.

Ermənilər görürlər ki, işğal faktoru üzərindən yürüdülən militarist siyasət, qonşu dövlətlərə qarşı ərazi iddialarının təşviqi və yarıtmaz idarəçilik Yerevanı regionda həyata keçirilən bütün layihələrdən kənarda qoyub. Bu isə ölkənin çöküşünü sürətləndirir, əhalinin olduqca ağır, məşəqqətli sosial şərtlər altında yaşamasına, ölkədən qaçmasına səbəb olur.

Bu durumda Azərbaycanın öz təbii resurslarına, insan potensialına söykənərək yürütdüyü sabit və uzaqgörən siyasət, dövlət başçısının da qeyd etdiyi kimi, Ermənistanı iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Bu dalandan yeganə çıxış yolu isə işğala son qoyulması, dinc birgəyaşayışdır.

Xankəndidə etiraz aksiyası keçirən ermənilər də qanunsuz silahlı birləşmələrin əlində girov olduqlarını, heç bir hüquqlarının tanınmadığını, zorla hərbi əməliyyatlara cəlb edildiklərini, özlərini həbs düşərgəsində hiss etdiklərini bildirirlər.

Prezident İlham Əliyev ən yüksək kürsülərdən dəfələrlə bəyan edib ki, işğal altındakı torpaqlarımızda yaşayan etnik ermənilər Yerevandakı cinayətkar rejimin və onun Xankəndidəki oyuncaq əlaltılarının girovlarıdır. Artıq bunu ermənilər özləri də etiraf edirlər. Ermənistan nə qədər ki Azərbaycan torpaqlarını işğal altında saxlayır, onun heç bir perspektivi yoxdur.

 

Elçin Cəfərov

"Azərbaycan” qəzeti

04.09.2019

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: