Yaponiyada “Naxçıvan xanlığına məxsus üç bayraq” kitabının təqdimatı keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, "QƏSR" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İB-nin sədrinin birinci müavini, tarix üzrə fəlsəfə doktoru, bayraqşünaslıq və heraldika mutəxəssisi Pərvin Gözəlov 2019-cu il 1-7 sentyabr tarixində Yaponiyanın Kioto şəhərində keçirilən Beynəlxalq Muzeylər Şurasının (İCOM) 25-ci Baş Konfransında Azərbaycanı təmsil edib. Konfransda Kioto Milli Muzeyində Pərvin Gözəlovun ingilis dilində çap etdirdiyi "Naxçıvan xanlığına məxsus üç bayraq” adlı kitabının təqdimat mərasimi keçirilib. Kitabın nüsxələri muzeyin kitabxanasına və Beynəlxalq Komitəyə, Beynəlxalq Muzeylər Şurasının prezidentinə və İdarə Heyətinin üzvlərinə təqdim olunub. Naxçıvan xanlığının XVIII-XIX əsrlərə aid üç bayrağı 2015-ci ildə Pərvin Gözəlov tərəfindən aşkar edilib dövriyyəyə salınması barədə tədbir iştirakçılarına məlumat verilib. Belə ki, Naxçıvan xanlığının iki bayrağı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Artilleriya Hərbi-Tarix, Raket və Rabitə Qoşunları Muzeyinin fondunda saxlanılır.
Bayraqlardan biri Naxçıvan xanlığının "Dövlət bayrağı”, üzərində səkkizgüşə ulduz və aypara kompozisiyası və dini yazılar əks olunan bayraqdır. Muzey fondunda saxlanılan ikinci bayraq isə xanlığın "İki rəngli” yaşıl və qırmızı zolaqlı, üzərində səkkizgüşəli ulduz rəmzi olan "döyüş” bayrağıdır. Üçüncü "Müttəfiq-döyüş” bayrağı isə "Dövlət Ermitajı” Muzeyinin fondunda saxlanılan kitab-albomda aşkarlanmışdır. Sözügedən "Muttəfiq-döyüş” bayrağı 1812-ci il 19-20 oktyabr tarixində Rus-Fars Aslandüzü döyüşündə müttəfiq kimi iştirak edən naxçıvanlı Kərbalı xanın oğlu Hüseyn Qulu bəyin əsir düşdüyü zaman qənimət kimi götürülmüşdür.
Beləliklə, Yaponiyada keçirilən mötəbər beynəlxalq tədbirdə mədəniyyətin müxtəlif sahələrini təmsil edən 130 dövlətin nümayəndəsi iştirak edib. Tarix üzrə fəlsəfə doktoru, bayraqşünaslıq və heraldika mutəxəssisi Pərvin Gözəlov Azərbaycan Respublikasının qədim dövlətçilik ənənələrinə malik olan, tariximizi əks etdirən və xarici muzeylərdə qorunan materiallar barədə xarici mütəxəsislərə ətraflı məlumat verib.
Beynəlxalq Muzeylər Şurasının 41.677 muzey və aidiyyati sahələrin mütəxəsisi, 3009 institusional üzvü var. Burada 138 ölkə və ərazilər təmsil olunur, onlardan 118-i Milli Komitə və 30-u Beynəlxalq komitələrdir.