Prezident İlham Əliyev: Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 88-ci kitabı çapdan çıxıb
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 88-ci kitabı çapdan çıxıb.
NUHÇIXAN xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 88-ci kitabındakı materiallar 2018-ci ilin iyunundan avqust ayınadək olan dövrü əhatə edir. Həmin dövrdə Azərbaycanın uğurla təmsil olunduğu tədbirlərdən biri Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı olub. Prezident İlham Əliyev Zirvə toplantısında çıxış edərkən Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətlərinin uğurla inkişaf etdiyini bildirib. Dövlətimizin başçısı vurğulayıb ki, ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Prezidentin Zirvə toplantısında dərin məzmunlu çıxışının mətni 88-ci kitaba daxil edilib.
Kitabda Prezident İlham Əliyevin NATO-nun Zirvə toplantısında iştirak etmək üçün Brüsselə səfəri çərçivəsində keçirdiyi görüşləri barədə informasiyalar, NATO-nun Əfqanıstanda qətiyyətli dəstək missiyası üzrə Şimali Atlantika Şurasının görüşündə çıxışının mətni, Fransa və Qazaxıstana səfərlərindən bəhs edən materiallar yer alıb.
Oxucu nəşrdə dövlətimizin başçısının Azərbaycana səfərə gəlmiş Türkiyə, İtaliya, Tacikistan prezidentləri, Almaniyanın Federal Kansleri ilə apardığı danışıqlar, mətbuata bəyanatların mətnləri, ölkələr arasında saziş və müqavilələrin imzalanmasına dair materiallarla da tanış ola bilər. Azərbaycan Prezidentinin bütün görüş və danışıqlarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yolları prioritet məsələ olaraq qaldırılır ki, bu da hər cilddə öz əksini tapır.
Çoxcildliyin 88-ci kitabında ölkə rəhbərinin Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikası polis orqanlarının şəxsi heyətinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 illik yubileyi münasibətilə Konstitusiya Məhkəməsinin kollektivinə təbrik məktubları və digər məktublar yer alıb.
Bu nəşrdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında nitqlərinin mətnləri, Şamaxı, İsmayıllı rayonlarına səfərlərinə dair materiallar da toplanıb.
Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.
“Azərnəşr” tərəfindən buraxılan 88-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.