Ukrayna Ermənistanla onun öz dilində danışır və ya iki ölkə arasında siyasi gərginliyin səbəbləri

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ukrayna dövləti xarici ölkələrlə münasibətlərini yenidən çözməyə başlayıb. Xüsusilə, ərazi bütövlüyünün dəstəklənməsi məsələsində ikili oyun oynayan ölkələrə münasibətdə rəsmi Kiyev daha sərt reaksiya verməyə başlayıb. Poroşenko hakimiyyəti dövründə bu siyasətdə yumşaqlıq göstərilsə də, Zelenski komandası daha açıq və qəti mövqe nümayiş etdirir. Hətta bu günlərdə Prezident Vladimir Zelenski Ukraynanın suverenliyi və ərazi bütövlüyünü daha qarantlı etmək üçün yeni beynəlxalq müqavilələrə ehtiyac olduğunu bildirib.

Postsovet məkanına nəzər salsaq, Ukraynanın diplomatik münasibətlərdə ən çox gərginlik yaşadığı ölkə Ermənistandır. Bu gərginlik son dörd ilin ən pik səviyyəsindədir. Onu da xatırladaq ki, 2015-ci ildən ölkənin özəl və dövlət hərbi müəssisələri Ermənistanla hərbi əməkdaşlığı dayandırıb. Ötən illər ərzində Ukrayna tərəfi diplomatik münasibətlərin normallaşması üçün Ermənistana bir neçə dəfə şans versə də, rəsmi Yerevan bu jestlərdən nəticə çıxarmayıb. Bir neçə ay öncə Yerevanda Krım günlərinin keçirilməsi, beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də Ukraynaya dəstək verilməməsi rəsmi Kiyevi Ermənistanla onun öz dilində danışmağa vadar edib. Əldə etdiyimiz məlumata görə, bu günlərdə Ukrayna Ermənsitandakı səfirini geri çağırıb və hazırda səfirliyə müvəqqəti işlər vəkili rəhbərlik edir. Bu gərginliyin nəticəsi olaraq Ukrayna Ermənistana yeni səfir göndərmək niyyətində deyil.

İki ölkə arasında diplomatik gərginliyin artmasının digər əsas səbəblərindən biri də Azərbaycanla bağlıdır. Azərbaycan və Ukrayna arasındakı mövcud strateji əməkdaşlıq, onların beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməsi, bir-birinin ərazi bütövlüyünü dəstəkləməsi Ermənistanı əməllicə qıcıqlandırmağa başlayıb. Bu günlərdə Ukrayna Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələrinin işğalı altında olan Dağlıq Qarabağ bölgəsində “yerli özünüidarəetmə orqanları”na keçirilən “seçkilər”i tanımadığı və qanunsuz hesab etdiyi barədə rəsmi bəyanat yaydı. Bu bəyanat sonradan Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi veb-saytında yerləşdirildi. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi də Krımda keçirilən “seçkiləri” tanımadığını bəyan etdi.

Sözsüz ki, Ermənistan Azərbaycan ilə Ukraynanın daim yüksələn xətlə inkişaf edən əməkdaşlığına, qarşılıqlı səmimiyyətə əsaslanan dostluq münasibətinə biganə qala bilməz. Ona görə də Ermənistanın Ukraynadakı səfiri anti-Azərbaycan təbliğatı aparmaq üçün, necə deyərlər, dəridən-qabıqdan çıxır. Ancaq çifayda, çünki Ukrayna Azərbaycanla strateji tərəfdaşlığını daha da gücləndirməkdə maraqlıdır. Bu, siyasi müstəvidə olduğu kimi, iqtisadi münasibətlərdə də özünü açıq-aydın büruzə verir. 2018-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi son 5 ilin rekord göstəricisini yeniləyib. Bu il isə ticarət dövriyyəsinin 1 milyard dollara yaxın olacağı proqnozlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: