“The Jerusalem Post” nəşri: “Əsrin müqaviləsi” Azərbaycanı enerji şaxələndirilməsi və Avropanın təhlükəsizliyi mərkəzinə çevirib - FOTOLAR

A- A A+

Böyük enerji resurslarına malik olan ölkələr tarixən həmişə və hamını cəlb edib. Bu ölkələrdən biri də neft sahəsinin təqribən 150 illik inkişaf tarixinə malik olduğu Azərbaycandır. 1871-ci ildə Azərbaycanda Balaxanı və Bibiheybət yataqlarında mexaniki qazma üsulundan istifadə edilməklə neft hasilatına başlanıb.

NUHÇIXAN xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Əsrin müqaviləsi” Azərbaycanı enerji şaxələndirilməsi və Avropanın təhlükəsizliyi mərkəzinə çevirib” sərlövhəli məqaləsini bu mövzuya həsr edib. Qeyd edək ki, həmin məqalə populyar İsrail nəşrinin dünənki nömrəsində 5 əsas xəbərdən biri olub.

Ekspertin fikrincə, Azərbaycanda neft hasilatının tarixində XX əsrin siyasi sarsıntıları – Birinci Dünya müharibəsi, Rusiyada oktyabr inqilabı, 1918-ci ildə daşnak terrorçu qrupları tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı, 1920-ci ildə XI Qırmızı Ordunun ölkəyə yeridilməsi və neft sənayesinin milliləşdirilməsi, İkinci Dünya Müharibəsi, XX əsrin sonunda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində suveren Azərbaycanın ərazisinin 20 faizinin işğal edilməsi ilə bağlı yüksəliş və tənəzzül mərhələləri olub. Bu isə təbii ki, ölkənin neft sənayesinə təsir göstərib.

Arye Qut qeyd edir ki, SSRİ-nin dağıldığı dövrdə Azərbaycanda neft hasilatı azalmışdı. İsrailli ekspert yazır: “Mürəkkəb transformasiya böhranından sonra ölkə hər şeyi təzədən başlamalı oldu. İslahatlar aparmaq, xaricdən investisiyalar cəlb etmək lazım gəldi. Nəticədə Azərbaycan dünya bazarında karbohidrogenlərin qiymətinin artması ilə bərabər iqtisadi artımı sürətləndirməyə nail olmaq üçün öz resurs üstünlüklərindən istifadə edə bildi. Beləliklə, 1991-ci ildə dövlət müstəqilliyi bərpa ediləndən sonra Azərbaycanın neft sənayesini də inkişaf etdirmək, Xəzərin Azərbaycan sektorundakı açıq və dərinsulu rayonlardakı iri neft və qaz yataqlarını mənimsəmək lazım idi. Bütün bunlar böyük məbləğdə kapital qoyuluşu, bütövlükdə neft və qaz hasilatı praktikasına müasir texnologiyaların tətbiq olunmasını tələb edirdi. Bu isə yalnız o halda real ola bilərdi ki, neft sahəsinə iri xarici investisiyalar cəlb edilmiş olsun”.

Qut vurğulayır ki, bu çətin, lakin şərəfli yol 1994-cü il sentyabrın 20-də Bakıda başlandı. Həmin gün “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” neft yataqlarının birgə işlənməsi haqqında” ilk beynəlxalq saziş imzalandı. Bu sazişin həm Azərbaycan üçün, həm Cənubi Qafqaz regionu üçün, həm də Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyəti nəzərə alınaraq onu “Əsrin müqaviləsi” adlandırdılar.

İsrailli ekspert yazır: “Birinci neft kontraktı 30 il müddətinə bağlanmışdı. Sazişi 8 ölkədən 12 şirkət imzaladı. İlkin hesablamalara görə, “Azəri” və “Çıraq” yataqlarında, habelə “Günəşli” yatağının dərinsulu hissəsində çıxarıla biləcək neft ehtiyatları 511 milyon tona bərabər idi. Sonradan yeni hesablamalar əsasında neft ehtiyatlarının 630 milyon ton həddində olması müəyyən edildi. Bu halda səmt qazı ehtiyatlarının həcmi 70 milyard kubmetrə bərabərdir.

Azərbaycanın yeni neft strategiyası ölkənin Cənubi Qafqazda, Xəzər regionunda və bütün dünyada geosiyasi sanbalını və statusunu yüksəltdi. Hazırda dünya əhəmiyyətli neft mərkəzlərindən biri olan Azərbaycan həm də Asiya, Qafqaz və Avropadan neft kəmərlərinin yerləşdiyi mənbə sayılır”.

Arye Qut öz məqaləsində vurğulayır ki, bu kontraktın çox böyük strateji əhəmiyyəti vardı, çünki Cənubi Qafqaz böyük dövlətlər üçün iqtisadi, siyasi, coğrafi və geostrateji maraq doğuran məkandır. Məqalədə deyilir: “Şübhə yoxdur ki, regionda öz iqtisadi qüdrətini inkişaf etdirən dövlət nəticə etibarilə orada siyasi sabitlik yaranmasına kömək edir. Beləliklə, qərb ölkələri öz investisiyaları, habelə iqtisadi və texnoloji üstünlükləri sayəsində Azərbaycan neftinin hasilatında strateji maraqlarını gerçəkləşdirmək üçün bu regionda əlverişli şərait yaradıblar. Eyni zamanda, Azərbaycan diplomatiyası manevr etmək üçün daha böyük imkan qazanıb.

“Əsrin müqaviləsi”nin əhəmiyyəti məsələsinə gəldikdə, o vaxt Azərbaycan Prezidenti Heydər Əliyev bu kontrakta münasibətini çox dəqiq ifadə edib. Onun sözlərinə görə, biz bu kontraktı imzalamaqla dünyaya bir daha nümayiş etdirdik ki, Azərbaycan tamamilə müstəqil dövlətdir və onun xalqı öz sərvətlərinə özü nəzarət etməyə qabildir. Biz bu kontraktı imzalamaqla dünyanın inkişaf etmiş ölkələri ilə, onların ən iri neft şirkətləri ilə qarşılıqlı münasibətləri nizamladıq, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası və azad bazar iqtisadiyyatının formalaşması üçün zəmin yaratdıq.

İsrailli ekspert qeyd edir ki, “Əsrin müqaviləsi” çərçivəsində Xəzərin Azərbaycan sektorundakı digər yataqların ışlənməsi üçün dünyanın ən iri neft şirkətləri ilə 31 beynəlxalq saziş imzalanıb.

Arye Qut yazır: “Azərbaycan neftini dünya bazarlarına çatdıran boru kəmərlərinin sayı artırılaraq 3-ə çatıb. Bakı-Tbilisi-Ceyhan neft kəməri barədə “mif” reallığa çevrilib. Qeyd etmək lazımdır ki, İsrail dövləti dünya bazarında Azərbaycanın neftinin əsas alıcılarından biridir. İsrailin istehlak etdiyi neftin xeyli hissəsi (təqribən 65 faizi) Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas İxrac Kəməri vasitəsilə Azərbaycandan idxal edilir. Azərbaycan həm də Avropanın və qərb bazarlarının enerji şaxələndirilməsi və təhlükəsizlik mərkəzidir. Azərbaycan regionda iri enerji və nəqliyyat qovşağı olmaqla bərabər neftin və təbii qazın əsas istehsalçısı olmaqla Avropa üçün Rusiya və İrana energetik alternativdir”.

İsrailli ekspert vurğulayır ki, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana qazın istehsalçısı və ixracatçısına çevrilmək imkanı verib. “Əsrin müqaviləsi” tarixə Heydər Əliyev tərəfindən qəbul edilmiş birinci geniş əhatəli iqtisadi qərar kimi daxil olub. Bu qərar Heydər Əliyev administrasiyasının siyasətində neft strategiyasını əsas prioritet kimi müəyyən edib.

Lakin hətta bizim günlərdə də “Əsrin müqaviləsi”nin əhəmiyyəti və dəyəri təkcə gözlənilən maliyyə mənfəəti ilə məhdudlaşmır. 90-cı illərin əvvəlində Heydər Əliyevin strateji planına uyğun olaraq Azərbaycan tədricən fəlakətli vəziyyətdən çıxmağa başladı. Həmin illərdə Azərbaycan öz tarixi dövlətçiliyini dilçəltdi, həm mövcud olduğu qısa dövr üçün, həm də Azərbaycanın bütün tarixi üçün məsuliyyəti öz üzərinə götürdü.

Qut yazır ki, “Əsrin müqaviləsi” Azərbaycan vətəndaşlarının sosial vəziyyətini yaxşılığa doğru dəyişib: çətinliklər arxada qalıb, ölkəyə iri maliyyə resursları daxil olduğu üçün insanlar inkişaf yoluna qədəm qoymaq imkanı qazanıblar. Sözün həqiqi mənasında modernləşmənin hərəkətverici qüvvəsinə çevrilmiş “Əsrin müqaviləsi” uzunmüddətli praktiki məna kəsb edib.

Bu nəhəng yataqlar blokunun istismarı üç mərhələdən ibarət olmalı idi. “Çıraq” platformasında ilk neft 1997-ci il noyabrın 7-də çıxarılıb. Kontraktın şərtlərinin vaxtında yerinə yetirilməsi və hasil edilən neftin artmaqda olan həcminin beynəlxalq bazarlara çatdırılması üçün yeni boru kəmərləri çəkilib və istifadəyə verilib.

1997-ci ilin sonunda Azərbaycan neftinin Bakı-Novorossiysk boru kəməri vasitəsilə Qara dəniz limanlarına nəql edilməsi başlandı. 1999-cu ildə Bakıdan Qara dəniz sahilindəki Supsa limanına neft kəməri çəkildi və istifadəyə verildi. Bundan əlavə, 1999-cu ilin dekabr ayında Azərbaycan nefti ilə dolu ilk tanker dünya bazarlarına çatdırıldı. İsrailli ekspert yazır: “2002-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin israrlı səyləri sayəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. O vaxt çoxları bu kəmərə mif kimi baxırdı. həmin neft kəmərinin çəkilişi Azərbaycanın strateji enerji dəhlizinə çevrilməsi yolunda mühüm addım oldu”.

2005-ci il mayın 55-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi oldu. 2006-cı ildə isə Türkiyənin Cehyan limanından Azərbaycan neftinin nəqlinə başlandı. Ümumiyyətlə, Xəzər dənizindəki yataqlardan Azərbaycan neftinin dünya bazarlarına nəql edilməsi üçün üç boru kəməri tikildi: Bakı-Novorossiysk (1330 kilometr), Bakı-Supsa (833 kilometr) və Bakı-Tbilisi-Ceyhan əsas ixrac kəməri (1768 kilometr).

Məqalə müəllifinin sözlərinə görə, 2017-ci ilə qədər Azərbaycanın dəniz neft yataqlarının işlənməsinə təqribən 33 milyard dollar sərmayə yatırılıb, Azəri-Çıraq-Günəşli yataqlarında 3,2 milyard barel neft hasil edilib. Həmin yataqlar blokunda 30 milyard kubmetr səmt qazı hasil edilib.

İsrailli ekspert qeyd edir ki, son illərdə Azərbaycanın iqtisadi siyasəti ölkə iqtisadiyyatının sahəvi şaxələndirilməsinə yönəlib. Məsələn, 2011-2014-cü illərdə ölkə iqtisadiyyatında əlavə dəyərin orta hesabla 60 faizi qeyri-neft sektorunun payına düşüb. 2015-2017-ci illərdə isə, bu göstərici əlavə dəyərin 70 faizinə yaxın olub. Ölkədə həyata keçirilən struktur islahatları qeyri-neft sektorunun, xüsusi sahibkarlığın, kənd təsərrüfatı sektorunun və emal sənayesinin inkişafının stimullaşdırılmasına yönəlib. 2017- ci ilin yekunlarına görə, neft ixracı hesabına gəlirlərin azalmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 2,8 faiz artım qeydə alınıb.

Karbohidrogenlər hesabına əldə edilən gəlirlərin səmərəli idarə olunması, bu vəsaitlərin ədalətli bölgüsünün və prioritet sektorların inkişafına yönəldilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradılıb. Dövlət Neft Fondu qısa müddətdə dünyada ən şəffaf fondlardan birinə çevrilib. Fondun vəsaitlərinin səmərəli və şəffaf idarə edilməsi sayəsində indiki və gələcək nəsillər üçün uzunmüddətli maliyyə səmərəsi təmin olunur.

Müəllif qeyd edir ki, son illərdə Azərbaycanda həyata keçirilən çoxsaylı sosial islahatların məqsədi ölkəni dinamik inkişaf edən müasir dövlətə çevirməkdir. Arye Qut yazır: “Azərbaycan iqtisadiyyatının artım dinamikası seçilmiş strateji kursun uğurla gerçəkləşdirilməsinə dəlalət edir. Eyni zamanda, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi bu sahənin inkişafında ciddi uğurlara gətirib çıxarıb. Qeyri-neft sektorunda yeni istehsal sahələrinin və iş yerlərinin açılması, istehsal, nəqliyyat və kommunal infrastrukturun misilsiz miqyasda inkişafı, sosial infrastruktura aid müasir müəssisələr yaradılması, o cümlədən yeni təhsil, səhiyyə və idman müəssisələrinin tikintisi Azərbaycan Respublikasının dinamik və davamlı inkişafının əsası olub”.

İsrailli ekspert qeyd edir ki, son illərdə təhsil sahəsində sanballı uğurlar qazanılması da ölkənin modernləşdiriıməsinə yönəlmiş sosial-iqtisadi siyasətlə bağlıdır.

Arye Qut vurğulayır: “Ötən müddətdə ölkədə təhsil infrastrukturunun modernləşdiriıməsinə yönəlmiş mühüm addımlar atılıb. Bununla bərabər, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsilinə dair Dövlət Proqramı” çərçivəsində Dövlət Neft Fondunun vəsaitləri hesabına 1300-cən çox gənc təhsil almaq üçün xaricə göndərilib. Sözügedən proqram, digər mənbələr və şəxsi təşəbbüslər sayəsində hazırda 10700 azərbaycanlı tələbə dünyanın aparıcı universitetlərində təhsil alır”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, 2019-cu ildən etibarən Azərbaycanda islahatların yeni mərhələsi başlanıb. Bu mərhələnin məqsədi Azərbaycanı inkişaf etməkdə olan müasir ölkəyə çevirmək, vətəndaşların rifahını yaxşılaşdırmaq, mövcud problemləri aradan qaldırmaq və daha güclü dövlət qurmaqdır. Bu hədəfləri əsas götürən Azərbaycan sistemli və institusional islahatlar həyata keçirir və gələcəkdə də onları həyata keçirəcəyik.

İsrailli ekspert Arye Qut İsraildə çıxan nüfuzlu ingilisdilli “The Jerusalem Post” qəzetində dərc olunmuş “Əsrin müqaviləsi” Azərbaycanı enerji şaxələndirilməsi və Avropanın təhlükəsizliyi mərkəzinə çevirib” sərlövhəli məqaləsinin sonunda yazır: “Əsrin müqaviləsi” Azərbaycan xalqının inkişafı və onun rifahının yaxşılaşdırılması, XXI əsrdə Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradıb”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: