Prezident İlham Əliyev Fransa Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakın vəfatı ilə əlaqədar Prezident Emmanuel Makrona başsağlığı məktubu göndərib.
NUHÇIXAN xəbər verir ki, dövlətimizin başçısı İlham Əliyev Jak Şirakın vəfatı xəbərinin onu olduqca kədərləndirdiyini bildirib.
Prezident qeyd edib ki, Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin inkişafında və möhkəmləndirilməsində Jak Şirakın böyük xidmətləri olub. Prezident Heydər Əliyevi Prezident Jak Şirak ilə möhkəm dostluq münasibətləri bağlayırdı. Onların görüşləri, aparılmış müzakirələr ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf xəttini müəyyən edib. Prezidentlərin birgə səyləri sayəsində Azərbaycan ilə Fransa arasında dostluq və əməkdaşlıq münasibətləri böyük inkişaf yolu keçib.
“Prezident Jak Şirakla çoxsaylı görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram. Bu görüşlər Azərbaycan-Fransa əlaqələrinin hərtərəfli inkişafına mühüm təkan vermişdir. Azərbaycan-Fransa münasibətlərinin inkişafında xüsusi xidmətlərinə görə Jak Şirak ölkəmizin ən yüksək ordeni olan “Heydər Əliyev” ordeni ilə təltif olunmuş və bu orden mənim tərəfimdən Jak Şiraka təqdim edilmişdi”, - deyə Prezident qeyd edib.
Prezident İlham Əliyev öz adından və Azərbaycan xalqı adından Prezident Emmanuel Makrona, bütün Fransa xalqına, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verib.