Prezident: Azərbaycanda əsrlər boyu müxtəlif etnik və dini qrupların nümayəndələri dostluq, əmin-amanlıq şəraitində yaşayıblar
NUHÇIXAN xəbər verir ki, Prezident İlham Əliyev respublikamızın yəhudi əsilli vətəndaşlarını onların yeni il bayramı Roş-Ha-Şana münasibətilə təbrik edib.
Dövlətimizin başçısı təbrikdə bildirib ki, bu gün dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınan Azərbaycanda əsrlər boyu müxtəlif etnik və dini qrupların nümayəndələri, o cümlədən yəhudilər dostluq, mehriban qonşuluq və əmin-amanlıq şəraitində yaşayıb, heç vaxt antisemitizmə və ayrı-seçkiliyə məruz qalmadan milli-mədəni və dini dəyərlərini günümüzədək qoruyub saxlayıblar.
Prezident İlham Əliyev qeyd edib ki, cəmiyyətimizin ayrılmaz hissəsi olan yəhudi icması əsl vətəndaşlıq və Azərbaycançılıq mövqeyindən çıxış edərək respublikamızın tərəqqisi naminə həyata keçirilən böyük quruculuq işlərində və ictimai-siyasi proseslərdə fəal iştirak edir. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, yəhudi əsilli həmvətənlərimiz bundan sonra da ümumi evimiz olan Azərbaycanın daha da çiçəklənməsi üçün səylərini əsirgəməyəcəklər.
“Hər il təntənə ilə qeyd olunan Roş-Ha-Şana yeniliyi, mənəvi saflığı və xeyirxahlığı təcəssüm etdirir. Qoy bu bayram hamınızın həyatına xoş ovqat, ailələrinizə səadət və sevinc gətirsin”, - deyə Prezident İlham Əliyev təbrikdə bildirib.