Elmar Məmmədyarov: Təcavüzə və digər qanunazidd hərəkətlərə göz yumulursa, dinc, ədalətli və firavan dünyanı təmin etmək çox çətindir
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyasının ümumi müzakirələrində bəyanatla çıxış edib.
NUHÇIXAN xəbər verir ki, nazir dünyanın bu gün üzləşdiyi hədə və təhdidlərin beynəlxalq hüquqi nizamın gücləndirilməsi və çoxtərəfliliyə və Birləşmiş Millətlər Təşkilatına inamın yenidən artırılması üçün birgə səylərimizi tələb etdiyini söyləyib.
Elmar Məmmədyarov qeyd edib ki, BMT Nizamnaməsinin əsasını təşkil edən çoxtərəfli və beynəlxalq əməkdaşlıq dəyərlərinin qorunması BMT-nin sütunları olan sülh və təhlükəsizlik, inkişaf və insan haqlarını təşviq etmək və onlara dəstək olmaq üçün çox vacibdir. Bu xüsusda, islah edilmiş və gücləndirilmiş çoxtərəfli bir sistemi təşviq etmək və dəstəkləmək bizim ümumi vəzifəmizdir. Hamılıqla qəbul edilmiş fundamental dəyərlərə, norma və prinsiplərə riayət olunmursa, eləcə də təcavüzə və digər qanunazidd hərəkətlərə göz yumulursa, dinc, ədalətli və firavan bir dünyanı təmin etmək məqsədinə nail olmaq çox çətindir. Birləşmiş Millətlər Təşkilatının əsas orqanları olan Təhlükəsizlik Şurası və Baş Assambleya tərəfindən qəbul edilmiş qətnamələrin icrası, habelə hesabatlılıq bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Təhlükəsizlik Şurasının icrası məcburi olan qətnamələrinə riayət olunmaması Şuranın beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əsas məsuliyyətinin yerinə yetirməsində qəbul edilmiş bir təcrübə ola bilməz. Müharibə və insan əziyyətlərinin qarşısını almaq üçün təsis edilmiş Birləşmiş Millətlər Təşkilatı bütün üzvlərini ümumi qayda əsaslı bir nizamla bağlayaraq sülh və təhlükəsizlik problemlərinin həllində iştirak edənlərin hamısının təşkilatın məqsəd və prinsiplərinin vahid tətbiqini təmin etməkdə mərkəzi rol oynayır. Birləşmiş Millətlər Təşkilatının bu roluna dəstək sülhün, sabitliyin və davamlı inkişafın qorunmasında vacibdir.
Nazir deyib ki, müasir beynəlxalq münasibətlər sistemində çoxtərəfliliyin ən güclü tərəfdarlarından biri Qoşulmama Hərəkatıdır. Biz Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının növbəti Zirvə toplantısının 2019-cu ilin 25-26 oktyabr tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilməsini səbrsizliklə gözləyirik. Qoşulmama Hərəkatı tarixiboyu Bandunq Prinsiplərinə sadiq qalmaqla beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmlənməsində əsas rol oynayıb. Azərbaycanın sədrliyi 2020-ci ildə 65 illik yubileyini qeyd edəcək Hərəkatın təməl prinsiplərinin inkişafına daha bir təkan verəcək.
Elmar Məmmədyarov qeyd edib ki, 2030 Dayanıqlı İnkişaf Gündəliyinin həyata keçirilməsi yolunu davam etdirərək üzərimizə götürdüyümüz öhdəlikləri nə dərəcədə yerinə yetirdiyimizi müəyyənləşdirmək üçün mütəmadi olaraq özümüzü sınamalıyıq. Müvafiq resurslarla dəstəklənən davamlı səylər xalqımızın parlaq gələcəyini və heç kimin geridə qalmamasını təmin etmək üçün vacibdir. Dünən Azərbaycan 77 Qrupunun (G77) üzvü oldu və ölkəmiz iqtisadi əməkdaşlığı təşviq etmək yolu ilə bu qurumun dayanıqlı inkişafı təmin etmək işinə fəal şəkildə töhfə verməyə hazırdır. Azərbaycan davamlı iqtisadi artımını qoruyub saxlayıb və vətəndaşlarımızın həyat standartlarının yaxşılaşdırılması istiqamətində ardıcıl səylərini davam etdirib. İqtisadi inkişaf proqramlarının uğurlu icrası sayəsində son 15 ildə Azərbaycan iqtisadiyyatı ümumi daxili məhsulun 3,3 dəfə artması ilə dünya miqyasında rekord səviyyədə inkişaf edib. Həmin dövrdə sənaye istehsalı 2,6 dəfə, ixrac 4,7 dəfə, valyuta ehtiyatları isə 24 dəfə artaraq 45 milyard dollaradək təşkil edib.
Sosial sahə hər zaman diqqət mərkəzində olub. Bu il hökumət 10 milyonluq əhalisi olan ölkənin 4 milyondan çox insanını əhatə edən sosial paket qəbul etdi. Son 15 ildə sosial sahəyə qoyulan investisiyalar ölkədə yoxsulluq səviyyəsinin 2004-cü ildəki 49 faizdən 2019-cu ildə demək olar ki, 5 faizə endirilməsi ilə nəticələndi. Eyni müddətdə işsizlik səviyyəsi 10,6 faizdən 5 faidən də aşağı endi. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahatlar həyata keçirən 10 ölkəsinin siyahısına daxil edilib. Ölkədəki əlverişli iş mühiti son 15 ildə Azərbaycan iqtisadiyyatına təxminən 250 milyard dollara yaxın investisiya gətirdi, bunun da yarısı xarici sərmayələrin payına düşür.
Azərbaycan bağlılığı təşviq etməklə regional inkişaf səylərinə öz töhfəsini verir. Qitələrin bir araya gəlməsində, qarşılıqlı faydalı əməkdaşlıq üçün bir platformanın yaradılmasında mühüm rol oynayır. Dənizə çıxışı olmayan ölkə olmasına baxmayaraq, Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib.
Azərbaycan mədəni müxtəlifliyin təbliğinə xüsusi əhəmiyyət verir. Azərbaycanda bütün etnik və dini qruplar sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Son illərdə bir sıra qlobal tədbirlərə ev sahibliyi etmişik, dialoqun və qarşılıqlı anlaşmanın təşviqinə yönəlmiş bir sıra təşəbbüslər irəli sürmüşük. Bu təşəbbüslər arasında Baş Assambleya və Baş katib tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi üçün başlıca qlobal platforma kimi tanınan Mədəniyyətlərarası Dialoq üzrə Dünya Forumunu qeyd etmək olar.
Avropa ölkələri arasında ən gənc yaş bölgüsünə sahib olaraq, hökumət gələcək nəsillərə keyfiyyətli təhsil və layiqli iş imkanları təklif edərək onların potensialının tam reallaşmasına xüsusi diqqət yetirir. Azərbaycan Respublikasının 2019-2030-cu illər üçün yeni məşğulluq strategiyasında 2030-cu il üçün 13 hədəf müəyyənləşdirilib. Bu hədəflər gənclər arasında işsizliyin azaldılması, peşə təhsili və təlimlərin yaxşılaşdırılması və kiçik və orta müəssisələrdə məşğulluğun artırılması məqsədlərini güdür.
Azərbaycan gender bərabərliyini təmin etmək və qadınlara ictimai və sosial həyatda səlahiyyətlər vermək üçün öz səylərini davam etdirir. Bu xüsusda, BMT Təhlükəsizlik Şurasının qadınlar, sülh və təhlükəsizlik mövzusunda 1325 saylı qətnaməsinin icrası üçün hazırda milli fəaliyyət planını hazırladığımızı məmnunluqla qeyd etmək istərdim.
Yeni yaranan donor ölkə olaraq Azərbaycan Heydər Əliyev Fondu və Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi (AIDA) vasitəsilə bir sıra ölkələrə beynəlxalq humanitar və inkişaf yardımlarını göstərməkdə davam edir. İnkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələrin ehtiyaclarının ödənilməsinə xüsusi diqqət yetirilir.
Hər bir qasırğa, böyük yanğın və dəniz səviyyəsinin bir santimetrlik qalxması ilə iqlim dəyişikliyinin mövcud təhlükəsi daha da aktuallaşır. Azərbaycan iqlim dəyişikliyinin təsirlərinə çox həssasdır və ölkə artıq mənfi nəticələrlə, məsələn, sel, quraqlıq, istilik və digərləri ilə üzləşir. Biz iqlim fəaliyyətinə dair böyük beynəlxalq müqavilələrə, o cümlədən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına, Kioto Protokoluna və Paris Sazişinə qoşulmuşuq. Milli siyasət və strategiyalar həmin beynəlxalq sənədlərə uyğunlaşdırılıb. Hökumət karbon qazı tullantılarını minimum səviyyəyə çatdırmaq üçün vacib addımlar atıb və onu 2030-cu ilə qədər 35 faiz azaldacağına söz verib.
Elmar Məmmədyarov bildirib ki, Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı məlum təcavüzü Azərbaycan ərazilərinin təqribən beşdəbir hissəsinin işğalı və bir milyondan çox azərbaycanlının evlərindən və mülklərindən didərgin düşməsi ilə nəticələndi. Həll edilməmiş münaqişə beynəlxalq və regional sülhə və təhlükəsizliyə xələl gətirməkdə davam edir. Keçən il baş tutmuş ümumi müzakirələrdən bəri münaqişənin siyasi həllində heç bir irəliləyiş əldə edilməyib.
Son iki ildə iki ölkə rəhbərləri arasında birbaşa təmaslar və xarici işlər nazirlərinin görüşlərinə baxmayaraq, Ermənistan rəhbərliyi tərəfindən həqiqi marağın olmaması münaqişənin nizamlanması prosesinə mane olur. Əksinə, Yerevan həm sözlə, həm də əməlləri ilə prosesi ləngidir və münaqişənin tezliklə sülh yolu ilə həlli səylərinə zərbə vurur. Ermənistan baş naziri və hökumət üzvlərinin bu yaxında səsləndirdikləri bəyanatlar onların beynəlxalq hüquqa və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq ilhaqçı siyasət yürütdüklərinə dair heç bir şübhəyə yer qoymur.
Son zamanlar verdiyi açıqlamalarda, o cümlədən BMT Baş Assambleyasının ümumi müzakirələrində Ermənistanın baş naziri hökumətinin danışıqlardakı strategiyasını, yəni, "müharibənin nəticələrini qorumaq" məqsədini açıq şəkildə bəyan etdi. Əslində Ermənistan rəhbərliyinin niyyəti qeyri-qanuni güc tətbiqi vasitəsilə və beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranan və insanlığa qarşı ağır cinayətlər, müharibə cinayətləri, soyqırımı aktları və işğal olunmuş ərazilərdə yaşayan bütün qeyri-ermənilərin tam etnik təmizlənməsi ilə müşayiət olunan qəbuledilməz status-kvo vəziyyətinin müdafiəsidir.
Yekdilliklə qəbul edilmiş 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələrində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və onun ərazilərinin işğalını, mülki şəxslərə qarşı hücumları, yaşayış ərazilərinin bombalanmasını pisləyib, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörməti, beynəlxalq sərhədlərin toxunulmazlığını və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin qəbuledilməz olduğunu bir daha təsdiq edib. Ərazi iddiaları və zorakı addımlara cavab olaraq, Təhlükəsizlik Şurası öz qətnamələrində Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha təsdiq edib və işğal olunmuş bütün ərazilərdən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Baş Assambleyanın qətnamələri və digər mötəbər beynəlxalq təşkilatların çoxsaylı qərar və sənədləri eyni səciyyə daşıyırdı. Lakin Təhlükəsizlik Şurasının əsas tələbləri hələ də yerinə yetirilməyib. Əksinə, münaqişənin siyasi həlli üzrə davam edən səylər kontekstində beynəlxalq ictimaiyyət tərəfindən ilkin xəbərdarlığa və pislənilməsinə baxmayaraq, Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xüsusiyyətlərinin dəyişdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət davam etdirilir. Bu fəaliyyətlərə, o cümlədən işğal olunmuş ərazilərdə məskunlaşdırma, tarixi və mədəni irsin dağıdılması və mənimsənilməsi, mülkiyyətin, təbii ehtiyatların və digər sərvətlərinin istismarı və qanunsuz dövriyyəsi aiddir. Bu addımlar Müharibə şəraitində mülki şəxslərin müdafiəsi üzrə 1949-cu il Dördüncü Cenevrə Konvensiyasını və 1977-ci il Birinci Əlavə Protokolu açıq şəkildə pozur və müharibə cinayətlərini, həmçinin beynəlxalq hüquq çərçivəsində və dövlət və fərdlərin cinayət məsuliyyətini ehtiva edir.
Tamamilə aydındır ki, bu siyasət və təcrübə münaqişənin sülh yolu ilə həllinə nail olmaq məqsədlərinə uyğun gəlmir və BMT Nizamnaməsində əks olunduğu kimi, dövlətlərarası münasibətlərdə qaydalara əsaslanan və sivil dövlətlərarası münasibətlərin dəyərlərini, norma və prinsiplərini müdafiə etmək üçün BMT və beynəlxalq ictimaiyyətin təxirəsalınmaz tədbirlərini tələb edir.
Davam edən sülh prosesinin əsas məqsədi Ermənistan tərəfindən başlanılan müharibənin nəticələrinin aradan qaldırılması və beləliklə də Azərbaycanın işğal olunmuş bütün ərazilərindən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılması, beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və zor tətbiqi ilə qovulmuş şəxslərin öz evlərinə və mülklərinə geri qayıtmasının təmin edilməsidir. Bu məqsədə nail olmaq mütləqdir və kompromis təşkil etmir.
Azərbaycan münaqişənin tezliklə siyasi yolla həllinə sadiqdir. Eyni zamanda, danışıqlar sonsuzadək davam edə bilməz və güc tətbiqi, işğal və etnik təmizləmə nəticəsində yaranmış vəziyyətin davam etməsinə və saxlanılmasına xidmət etməməlidir. Həmçinin BMT Nizamnaməsi və beynəlxalq hüquqda nəzərdə tutulan özünümüdafiə hüququnun tətbiqinə xələl gətirməməlidir.
Beynəlxalq ictimaiyyəti və öz xalqını yanıltmaq səylərinə vaxt itirmək əvəzinə, Ermənistan dayanıqlı olmayan status-kvo vəziyyətini uzatmaq üçün faydasız cəhdlərindən əl çəkməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir. Öz destruktiv siyasi gündəliyinin perspektivlərinin olmadığını Yerevan nə qədər tez başa düşərsə, bir o qədər tez bölgənin bütün əhalisi sülh, sabitlik və əməkdaşlıqdan faydalanacaq və Ermənistanın bölgədə yürütdüyü təcavüzkar və düşmən siyasəti səbəbindən üzləşdiyi ciddi siyasi, iqtisadi və sosial problemləri dəf etmək şansları daha çox olacaq.