Almaniyanın nüfuzlu portalı Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərlərdən yazır
Almaniyanın “Weltexpress” informasiya portalında “Avropa İttifaqının deputatlarının separatçı Dağlıq Qarabağ regionuna səfərinin arxasında hansı səbəblər gizlənir? Aİ-nin deputatları erməni separatizminin xidmətindədirlər?” adlı məqalə dərc olunub.
Məqalənin əvvəlində Azərbaycanın əlverişli coğrafi mövqeyi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilir. Birləşmiş Millətlər Təşkilatının qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımadığı, Təhlükəsizlik Şurasının Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul etdiyi vurğulanır. Hüquqi nöqteyi-nəzərdən Dağlıq Qarabağın Azərbaycan ərazisi hesab edildiyi, amma ölkənin cənub-qərb hissəsinin faktiki olaraq Ermənistanın nəzarətində olduğu bildirilir. Beynəlxalq ictimaiyyətin bu gün də Dağlıq Qarabağı Azərbaycanın ərazisi hesab etdiyi nəzərə çatdırılır.
Məqalədə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qeyri-qanuni səfərlərə dair məlumat verilir. Belə ki, Avropa Parlamentinin Almaniyadan olan deputatı Martin Sonnebornun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər etdiyi qeyd olunur. Səfər zamanı onu erməni həyat yoldaşı Klaudia Tursarkisyan və yazıçı, jurnalist və üzvü olduğu partiyadan olan digər siyasətçilərdən ibarət 25 nəfərlik nümayəndə heyətinin müşayiət etdiyi diqqətə çatdırılır.
Sonnebornun Facebook sosial şəbəkəsindəki şəxsi səhifəsində “mən jurnalist, yazıçı və professorlardan ibarət 25 nəfərlik nümayəndə heyəti ilə Qarabağa gəlmişəm. Həyat yoldaşım Klaudia Tursarkisyan da mənimlədir. O, Qarabağ haqqında film çəkmək üçün buraya gəlib. Biz regionun öz müstəqilliyini əldə etməsi məqsədilə bu filmi bütün dünyada nümayiş etdirəcəyik. Mən Brüsselə geri qayıdandan sonra regionun müstəqil olmaq haqqına malik olması ideyasını təbliğ edəcəyəm” fikirləri qeyd olunur.
Məqalədə 2014-cü ildən Avropa Parlamentinin üzvü seçilən Sonnebornun 2000–2005-ci illərdə “Titanik” satirik jurnalının redaktoru olduğu bildirilir. Onun sözlərinə əsasən öz seçki kampaniyası zamanı digər ölkələrin “uğurlu siyasi klounları”ndan ilham aldığı qeyd olunur. Avropa Parlamentinə seçilməsinin Almaniya siyasəti ilə yanaşı, onun özü üçün də gözlənilməz olduğu nəzərə çatdırılır. Almaniya mətbuatına istinadən Sonnebornun üzvü olduğu partiyanın AP-də yalnız iki deputat yeri əldə etdiyi və bunun populist “Merkel axmaqdır” şüarı nəticəsində əldə olunduğu vurğulanır.
Sonnebornun AP-yə seçilməsindən sonra Dağlıq Qarabağa iki dəfə səfər etdiyi və Avropa Parlamentinin gündəmində olan və Avropa vergi ödəyicilərini daha çox narahat edən ətraf mühitin mühafizəsi, maliyyə böhranı və millətçiliyin artması kimi məsələlərlə deyil, Dağlıq Qarabağın müstəqilliyi ilə məşğul olduğu diqqətə çatdırılır. Bunun onun ciddiyyətini sual altına aldığı və daha çox populist siyasətçi olduğunu nümayiş etdirdiyi qeyd olunur.
Məqalədə Almaniya Xarici İşlər Nazirliyinin internet səhifəsində yerləşdirilən, Dağlıq Qarabağa dair məlumata istinadən AFR-in qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımadığı, sakinlərini separatçı kimi təsvir etdiyi və onun ərazisində öz vətəndaşlarına konsulluq xidməti göstərmədiyi nəzərə çatdırılır. Burada, həmçinin Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağa səfərlərin Azərbaycanın qanunlarının pozulması hesab edildiyi, nazirliyin öz vətəndaşlarına regiona səfər etməməyi məsləhət gördüyü qeyd olunur. AFR XİN-in məlumatına istinadən Sonnebornun Dağlıq Qarabağa səfərini qınadığı, lakin deputatlara təsir etmək səlahiyyətinə malik olmadığı bildirilir.
Sonnebornun Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etdiyinə görə Azərbaycan Respublikası tərəfindən qara siyahıya salındığı qeyd olunur. Onun məhz Dağlıq Qarabağa səfər etməsinin və avropalı turistlərin Dağlıq Qarabağa səfərlərini təşviq etməyə çalışmasının sual doğurduğu və bunun Avropa dəyərləri ilə bir araya sığmayan islamofob, rasist fikirlərlə əlaqəli olduğu vurğulanır. Sonnebornun səfərinin Brüsseldə fəaliyyət göstərən və hədəfi böyük Ermənistan qurmaq olan Ədalət və Demokratiya naminə Avropa Erməni Federasiyası tərəfindən maliyyələşdirilməsinin öz-özlüyündə onun erməni hakimiyyət orqanlarından rüşvət almasına dəlalət etdiyi diqqətə çatdırılır.
Adıçəkilən təşkilatın rəhbəri Kaspar Karapetyanın Sonnebornu Dağlıq Qarabağa səfəri zamanı müşayiət etdiyi, orada keçirilən bütün görüşlərdə iştirak etdiyi bildirilir. Sonnebornun Dağlıq Qarabağa səfər etmək, oradakı ermənilərə kömək etmək istəyi olduğu halda nə üçün əvvəllər bunu etməməsinin sual doğurduğu vurğulanır.
Bildirilir ki, Sonneborn “Telepolis” internet jurnalına müsahibəsində siyasi baxışlarına erməni həyat yoldaşına olan hisslərinin təsirinin olduğunu söyləyib. Sonnebornun “Mənim həyat yoldaşım ermənidir. Mən əvvəl Aİ-dən Türkiyəni üzvlüyünə qəbul etməyi xahiş edirdim. Evlənəndən sonra fikrimi dəyişdim. Bizim partiya hakimiyyətə gələndən sonra Türkiyə heç bir vəchlə Aİ-nin üzvü ola bilməyəcək” fikirləri nəzərə çatdırılır.
Məqalədə ermənilərin satiriklərlə yanaşı, nasional sosializmin şüarlarını təbliğ edən alman deputatların da xidmətlərindən istifadə etdikləri vurğulanır. Belə ki, 2019-cu ilin əvvəlində Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş, Almaniya Bundestaqının Almaniya üçün Alternativlər Partiyasından olan deputatı Ştefan Koyterin “Stern” qəzetinin məlumatına istinadən votsap proqramı vasitəsilə çox sayda nasizmlə əlaqəli şəkillər yaydığı vurğulanır.
Məqalədə Avropa Parlamentinin lüksemburqlu deputatı Frank Engelin də Sonneborn kimi Dağlıq Qarabağ rejiminə dəstək məqsədli fəaliyyətləri ilə məşhur olduğu qeyd olunur. F.Engelin 2017-ci ildə Dağlıq Qarabağda olduğu, hazırda yalnız ermənilərin yaşadığı regionun beynəlxalq səviyyədə Azərbaycanın ərazisi hesab edildiyi bildirilir.
“Sputnik” informasiya agentliyinin Ermənistan bürosunun məlumatına əsasən F.Engelin erməni Tatev Manukyan ilə evlənəndən sonra cütlüyün bal ayını Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirdiyi nəzərə çatdırılır. Dağlıq Qarabağdan geri qayıtdıqdan sonra Engelin öz evinin qapısındakı adının sonluğuna “yan” artıraraq “Engelyan” yazdırdığı vurğulanır.
Ermənistanın xəbər saytlarından birinə istinadən F.Engelin “Azərbaycanlılar Dağlıq Qarabağda bir santimetr də olsa torpaq almayacaqlar. Mən bunun üçün hərbi forma da geyinməyə hazıram” söylədiyi və bununla Aİ deputatının öz şəxsi hissləri və maraqlarını Avropa İttifaqının vergi ödəyicilərinin maraqlarından üstün tutduğunu əks etdirdiyi nəzərə çatdırılır.
Məqalənin sonunda Almaniyanın nüfuzlu “Der Spiegel” jurnalının 2018-ci il 25 avqust tarixli sayında dərc edilən məqalədə “beynəlxalq hüquq mütəxəssislərinin əksəriyyəti Dağlıq Qarabağın Azərbaycana aid olması fikrindədir. Buna dair BMT qətnamələri də mövcuddur ki, onlara əsasən Ermənistandan öz hərbi birləşmələrini Dağlıq Qarabağdan geri çəkmək tələb olunur” qeyd edildiyi nəzərə çatdırılır.