Ermənistan diplomatının Ukraynada separatçı fəaliyyəti və rəsmi Kiyevin sərt mövqeyi

A- A A+

NUHÇIXAN xəbər verir ki, Ukrayna və Ermənistan arasında diplomatik qalmaqal pik həddinə çatıb. Azərbaycanın Ukrayna ilə strateji, səmimi dostluğa söykənən əməkdaşlığı Ermənistanı açıq-açığına qıcıqlanmağa başlayıb. Hətta vəziyyət o yerə çatıb ki, Ermənistanın Ukraynadakı səfiri Tiqran Seyranyan diplomatik sərhədləri aşaraq separatçı fəaliyyətlə məşğuldur. Görüşlərində, çıxışlarında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınmasına çağırışlar edir. “Baş diplomat”ın Ermənistanın müstəqilliyinin ildönümü ilə bağlı keçirdiyi rəsmi qəbulda çıxışı zamanı Azərbaycanın tarixi torpaqlarına həyasızcasına sahib çıxmaq cəhdi heç də orada iştirak edən xarici ölkə səfirlərinin, Ukrayna rəsmilərinin xoşuna gəlməyib.

Ukraynanın Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən qondarma “seçkilər”ə qarşı sərt bəyanatı, vətəndaşlarının aldanaraq Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməmələrinə dair çağırışı Ermənistanı bərk narahat edib. Ona görə də son on gündə Ermənistan mediasında bu mövzu ana xəbərə çevrilib. Baxmayaraq ki, Ukraynanın rəsmi dövlət qurumlarında çalışan ermənilər azlıq təşkil etmir, rəsmi Kiyevin Azərbaycana strateji müttəfiq yanaşması Ermənistanın başağrısına çevrilib. Ermənistan tərəfinin, xüsusilə separatçı təlimatlar alan səfir Tiqran Seyranyanın hərəkətləri Ukrayna Xarici İşlər Nazirliyinin ciddi narazılığına səbəb olub. Maraqlısı odur ki, Ukraynanın milli maraqlarını heç vaxt müdafiə etməyən Ermənistan rəsmi Kiyevdən nələrsə umur. Əldə etdiyimiz məlumata görə, rəsmi Yerevanın Ermənistanın Ukraynadakı səfirliyinin nəzdində hərbi attaşe aparatının açılmasına dair müraciətinə rəsmi Kiyev “yox” cavabı verib. Ukrayna Ermənistanla bu il nəzərdə tutulan siyasi məsləhətləşmələrdən də imtina edib.

Hazırda Ermənistanın Ukraynada səfirliyi ilə yanaşı, Odessada baş konsulluğu, Xarkov və Ternopol şəhərlərində isə fəxri konsulluqları fəaliyyət göstərir. Ermənistan tərəfi bu diplomatik nümayəndəlikləri vasitəsilə rəsmi şəkildə ölkənin Ukraynada lobbiçilik maraqlarını həyata keçirir. Bütün bunların fonunda rəsmi Kiyevin Azərbaycanla dostluq münasibətlərinin daha da inkişaf etməsi Paşinyan hakimiyyətinin xoşuna gəlmir. Ona görə də Paşinyan dövrünün səfirlərinə, o cümlədən Ukraynadakı elçiliyinə qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanıdılması kimi xüsusi göstərişlər verilib. Bu baxımdan erməni mövqelərinin Ukraynada güclənməsinin qarşısını almaq üçün Azərbaycan resurslarını daha da möhkəmləndirməlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: