Siyavuş Novruzov: Prezident İlham Əliyevin Soçidəki çıxışı dövlətimizin birmənalı mövqeyini bir daha nümayiş etdirdi

A- A A+

Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən XVI illik iclasının plenar sessiyasındakı çıxışında konkret olaraq Qarabağın tarixi və əzəli Azərbaycan torpağı olduğunu bir daha bəyan etdi. Dövlətimizin başçısı çıxışında “Qarabağ Azərbaycandır və nida” söyləməklə bir daha dövlətimizin birmənalı mövqeyini nümayiş etdirdi.

NUHÇIXAN xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzov qeyd edib ki, Prezident İlham Əliyev çıxış etdiyi bütün mötəbər tədbirlərdə, eləcə də beynəlxalq təşkilatların tribunalarından Ermənistanın işğalçılıq siyasətini pisləyərək Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu bəyan edib. “Bu gün Azərbaycan kifayət qədər inkişaf etmiş bir ölkədir. Ölkəmizdə ictimai-siyasi sabitlik mövcuddur. Azərbaycan ordusu dünyanın ən güclü orduları sırasında yer alır. Ordumuz istənilən an Azərbaycanın ərazi bütövlüyünü təmin edə biləcək gücdədir.

Ermənistanın baş naziri Nikol Paşinyan sərsəm bəyanatlar verərkən anlamır ki, bu gün Azərbaycan güclü ölkədir. Əgər o, müharibə istəyirsə layiqli cavabını alacaq”, - deyə Milli Məclisin komitə sədri vurğulayıb.

N.Paşinyanın siyasətdə çox naşı və təsadüfi biri olduğunu deyən Siyavuş Novruzov heç bir dövlət başçısının onunla ünsiyyət qurmaq istəmədiyini vurğulayaraq deyib: “Paşinyan da, onun ölkəsi də beynəlxalq səviyyədə heç yerdə və heç kimdə maraq doğurmur. Müstəqil Azərbaycan isə regionun aparıcı ölkəsi kimi güclü iqtisadiyyata malikdir. Mötəbər tədbirlərin keçirildiyi mərkəzə çevrilən Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: