Tarix heç bir millətə hamar yol qismət etməmişdir. Xalqlar öz dövlətlərini qurmaq, sərhədlərini möhkəmləndirmək, milli ideyalarını gerçəkləşdirməkdən ötrü ağır sınaqlardan keçmiş, qurbanlar vermiş, minbir məşəqqətlər yaşamışlar. Bütün bunlar hər xalqın taleyində fərqli formalarda yaşanıb, bir-birinə bənzəməyən tarixi mənzərələr yaranıb. Amma bütün xalqları bu məqamda birləşdirən, bir-birinə oxşar edən bir cəhət var. Onlar tarixin ağır sınaqlarından öz böyük şəxsiyyətlərinin müdrik siyasəti hesabına çıxıblar.
Bu gün dünyada elə bir ölkə, dövlət, xalq tapılmaz ki, onun nicatında boynuna xilaskarlıq missiyası götürmüş və həmin missiyanı şərəflə yerinə yetirmiş bir tarixi şəxsiyyət olmasın. Bu şəxsiyyətlərin öz xalqlarına, dövlətlərinə qazandırdıqları dəyərlərdən biri də hansısa əlamətdar bir hadisəni ilin adi bir təqvimindən möhtəşəm tarixi hadisəyə çevirmələridir.
10 oktyabr günü də bu baxımdan istisna deyil.
Qısa bir tarixi arayış verərək yada salaq ki, 1993-cü ilin 3 oktyabrında xalqımız özünün gələcək taleyini, müqəddəratını həll edən seçim etdi. Həmin gün ölkəmizdə keçirilən prezident seçkisində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Hələ nəinki Azərbaycanda, dünyanın bir sıra dövlətlərində belə prezident seçkiləri olmamışdı.
Heydər Əliyevin seçkilərdə bu cür böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın Ulu Öndərə, onun möhkəm siyasi iradəsinə və yüksək nüfuzuna, idarəçilik istedadına olan dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəni xilas edə biləcək yeganə lider məhz Heydər Əliyevdir.
Hələ 1969-1982-ci illərdə - Heydər Əliyevin birinci dəfə hakimiyyətdə olduğu müddətdə Azərbaycan naminə gördüyü misilsiz işlər xalqımız tərəfindən unudulmamışdı. Eyni zamanda 1990-cı ildə 20 Yanvar faciəsindən dərhal sonra Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımıza başsağlığı verməsi, böyük təəssübkeşliklə xalqımızla birgə olması, mətbuat konfransı keçirərək bu cinayəti törədənləri bütün dünyada ifşa etməsi insanlarımızın yaddaşına əbədi həkk olmuşdu.
Manifest
10 oktyabr tarixinə gəlincə isə bugünün əlamətdarlığı 1993-cü ildə, Azərbaycanın böhran dolu anlarında xalqın israrı ilə hakimiyyət rəhbərliyinə qayıdaraq dövləti məhv olmaqdan xilas edən Heydər Əliyevin məhz həmin tarixdə əlini Konstitusiyaya və Qurana basaraq Prezident kimi and içməsi ilə bağlıdır.
Bu andın mətni Ulu Öndərin müasiri olmuş hər kəs üçün 26 il əvvəl onun proqram xarakterli çıxışlarından biri idi. Yaşadığımız dövrdə isə həmin mətn həm də böyük bir tarixdir, Azərbaycanın müstəqillik tarixinin manifestidir. Oxuduqca heyran olursan. Bir liderin ən qarışıq zamanda, xaos mühitində, saysız-hesabsız çıxılmazlıqlar içərisində strateji düşüncələrinə, gələcəyi bugünkü qədər aydın görməsinə, xalqı işıqlı sabaha çıxarmaq üçün güclü özünəinam hisslərinə və qarşıya qoyduğu bütün hədəflərə ardıcıl şəkildə çatmasına heyrətini gizlədə bilmirsən.
Nə etməli?!
Heydər Əliyev hakimiyyətə qayıdışından sonra qarşısında hansı problemlərin dayandığını və birinci nələrdən başlayacağını dəqiq bilirdi. Həmin dövr üçün siyasi istiqamətlər bəlli idi: Ermənistanın hərbi təcavüzünün qarşısını almaq; müharibəni dayandırmaq; vətəndaş müharibəsi təhlükəsini aradan qaldırıb, ölkə daxilində siyasi sabitliyi bərpa etmək; separatçılığa, milli qarşıdurmaya son qoymaq və Azərbaycanın parçalanmasına yol verməmək; ölkənin müdafiə qabiliyyətini möhkəmləndirmək; Milli Ordu quruculuğunu həyata keçirmək; gənc müstəqil dövlətin beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirmək, məqsədyönlü xarici siyasət xətti formalaşdırmaq; ölkənin dövlət idarəçiliyi prinsiplərinin vacib şərtlərindən olan aşağıdan yuxarı tabeçiliyi bərpa etmək; ən başlıcası isə dövlət çevrilişləri meyillərinə son qoymaq, dövlətin toxunulmazlığını təmin etmək...
Ümummilli Lider öz andında bəyan edirdi: "Azərbaycan Respublikası bundan sonra heç vaxt başqa bir dövlətin tərkibinə daxil olmayacaq, başqa bir dövlətin tabeçiliyinə düşməyəcək, öz müstəqilliyini qoruyacaqdır”.
O, bütün vədləri kimi, xalq qarşısında verdiyi bu andına da sadiq oldu. Azərbaycanın gerçək müstəqilliyi, heç kimdən asılı olmadan öz yolu ilə milli hədəflərinə doğru irəliləməsi təmin edildi. Əlbəttə, bütün bunlar asanlıqla başa gələn məsələlər deyildi. Çox çətin vaxtlar idi. Böyük güclər Azərbaycanı məngənəyə alıb hər tərəfdən təzyiq göstərməyə çalışırdı. Heydər Əliyev isə tədricən, qətiyyətlə onları özünə və müstəqilliyini yenicə qazanmış dövlətə hörmət hissi ilə yanaşmağa məcbur edə bildi. Hər kəs anlamağa başladı ki, Heydər Əliyevin idarə etdiyi dövləti asılı vəziyyətə salmaq mümkün deyil. O, Azərbaycanın müstəqilliyindən heç zaman imtina etməyəcək.
Çünki Ulu Öndər istiqlalın bir xalq üçün nə qədər böyük dəyər olduğunu, bunun hansı çətinliklər hesabına başa gəldiyini yaxşı bilir və bunu andiçmə nitqində də əks etdirirdi. Ulu Öndər nitqində bildirirdi ki, Azərbaycan öz müstəqilliyini ağır və çətin bir şəraitdə əldə edib, Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin müharibə şəraitində yaşaması xalqımızı böyük bəlalarla üz-üzə qoyub: "Ona görə də Azərbaycanın müharibə şəraitindən çıxması və vətəndaşlar üçün rahat, sakit, əmin-amanlıq şəraiti yaradılması qarşımızda duran əsas vəzifədir. Azərbaycanın ağır müharibə şəraitinə düşməsi, Qarabağ problemi başlanğıcdan keçmiş Sovetlər İttifaqı rəhbərliyinin buraxdığı səhvlərin nəticəsidir. Respublikanın həmin dövrdə düşdüyü ağır iqtisadi, sosial, siyasi-ictimai və mənəvi böhran getdikcə dərinləşmiş və 1993-cü ildə demək olar son həddə çatmışdır. Bu ilin iyun ayında Azərbaycanda daxili sabitlik tam pozulmuş, respublikada ayrı-ayrı qüvvələrin qarşıdurması, bəzi cinayətkar qrupların, separatçı qüvvələrin respublikanı parçalamaq meyillərini həyata keçirmək istəməsi və başqa səbəblər daxili böhranı daha da dərinləşdirmişdir”.
Vətəndaş birliyinin gücü
Heydər Əliyev Azərbaycanın o zamankı dövlət rəhbərliyinin buraxdığı kobud səhvlər nəticəsində iyun ayında respublikamızın vətəndaş müharibəsi həddinə gəlib çatmasını və bölgələrə parçalanma təhlükəsi ilə üz-üzə qalmasını da xüsusi vurğulayırdı: "Allaha şükürlər olsun ki, bunların qarşısı alındı, bəzi cinayətkar qruplar aradan götürüldü və respublikanın daxilində ictimai-siyasi sabitliyin təmin edilməsi üçün şərait yaradıldı. Son 4 ay bizim respublikamız üçün ağır və çətin bir dövr oldu. Bu müddətdə respublikamız, onun vətəndaşları böyük imtahanlardan çıxdılar və bir daha sübut etdilər ki, xalqın müdrikliyi, milli birlik və həmrəylik, vətəndaş birliyi bütün bu çətinliklərin qarşısını ala bilər və respublikanı bu ağır vəziyyətdən çıxarmaq üçün imkan yarana bilər”.
Andiçmə mərasimindəki nitqində Heydər Əliyev vəd edirdi ki, Azərbaycan xalqına sədaqətlə xidmət edəcək, müstəqil dövlətimizin dünya birliyində layiqli yer tutmasına çalışacaq, xalqın milli-mənəvi ənənələrinə daim sadiq olacaq, bu ənənələrin müstəqil dövlətimizdə bərqərar olmasını, yaşamasını və inkişafını təmin edəcək...
Sərkərdə
Heydər Əliyev yaxşı bilirdi ki, güclü, nizam-intizamlı ordu yaratmadan Ermənistanın torpaqlarımıza təcavüzünün qarşısını almaq mümkün olmayacaq. Odur ki, andiçmə mərasimindəki çıxışında bu barədə danışaraq deyirdi: "Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir”.
Ulu Öndər öz nitqində qətiyyətlə bəyan edirdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq.
Bir müddət sonra Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Heydər Əliyev mahir sərkərdə kimi vahid komandanlığa tabe olan nizami ordu yaratdı, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. İllər sonra Aprel döyüşlərində Azərbaycan Ordusunun göstərdiyi hünər, düşmənə vurduğu sarsıdıcı zərbə də sübut etdi ki, əsası Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu siyasəti düzgün həyata keçirilib, qüdrətli və rəşadətli Azərbaycan Ordusu yaranıb.
Keçmiş, bu gün və gələcək qarşısında and
Andiçmə nitqində Azərbaycanın o ağır günlərdə yaşadığı sosial-iqtisadi çətinliklər və onlardan çıxış yolları da güzgü kimi əks olunurdu. Ümummilli Lider deyirdi ki, müstəqilliyimizin əldə edilməsi bizim üçün tarixi bir hadisədirsə, iqtisadiyyatımızın belə vəziyyətdə olması ağır və çətin bir haldır. "Təəssüf ki, son illərdə respublikanın böhran vəziyyətində olması iqtisadiyyatın bütün sahələrinə mənfi təsir göstərmişdir. İqtisadiyyat, demək olar ki, tamamilə dağılmış və bu da respublika vətəndaşlarının rifahının aşağı düşməsinə gətirib çıxarmışdır”.
Həqiqətən, o günlərdə yaşananlar xalq üçün böyük məşəqqət idi. Heydər Əliyevin hakimiyyət rəhbərliyinə qayıdışından əvvəl öz səriştəsizlikləri ilə Azərbaycanı fəlakət həddinə gətirib çıxarmış AXC-Müsavat iqtidarı ölkəyə taxıl əvəzinə yem üçün nəzərdə tutulan buğda alıb gətirərək vətəndaşlara od qiymətinə satır, insanlar bir tikə çörək üçün gün ərzində mağazaların önündə növbədə dayanır, işləyən adamlara əməkhaqqı yerinə hansısa əmtəə məhsulu verilir, ölkədə aclıq və səfalət baş alıb gedirdi.
Heydər Əliyev isə öz nitqində vəziyyətdən çıxış yolunu məhz ağıllı və prinsipial fəaliyyətdə görürdü: "Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Bu baxımdan biz gələcəkdə işimizdə bir tərəfdən yaranmış potensialdan səmərəli istifadə etmək, digər tərəfdən isə yeni iqtisadi islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik... Mən bir Prezident kimi, xalqın qarşısında öz fikirlərimi açıq bəyan edir və əmin etmək istəyirəm ki, bu fikirlərə, bu prinsiplərə daim sadiq olacağam”.
Ağlın, təfəkkürün, zəkanın qələbəsi
Andın bütün müddəaları kimi, bu barədə ehtiva etdiyi məqamlar da çox səmimi, inandırıcı səslənirdi. Çünki Heydər Əliyev onu təkcə öz adından yox, həm də mənsub olduğu xalqın adından söyləyirdi. Bu and ümumilikdə Azərbaycanın keçmiş, bu gün və gələcək qarşısındakı andı idi. Xalqımızın Ümummilli Lideri son nəfəsinə qədər öz Prezident andına sadiq qaldı.
Ölkəyə rəhbərliyinin ilk günlərindən hərtərəfli islahatlara start verildi. Beynəlxalq aləmə inteqrasiya sürətləndirildi, müstəqil Azərbaycanın dünyadakı dostlarının çevrəsi genişləndirildi. Ən başlıcası isə, 1994-cü ilin sentyabrında dünyaya səs salan "Əsrin müqaviləsi” kimi nəhəng neft sazişi imzalandı. Bakıda dünyanın 8 ölkəsini təmsil edən yüksək nüfuza malik, neft hasilatı üzrə ixtisaslaşmış 13 iri neft şirkəti arasında "Azəri”, "Çıraq” və "Günəşli” yataqlarının birgə fəaliyyətini nəzərdə tutan bu irimiqyaslı beynəlxalq müqavilə müasir Azərbaycanın tarixində və taleyində mühüm rol oynadı. "Əsrin müqaviləsi” ilə Azərbaycan özünün təbii sərvətlərinə sahib çıxmaq haqqını bütün dünyaya bəyan etdi, milli mənafelərimizi, iqtisadi və strateji maraqlarımızı qorumaq əzmini göstərdi. Bu müqavilə dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi.
Dahi şəxsiyyətin hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında onun ən böyük silahdaşı o zaman Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti olan İlham Əliyev idi. Həmin dövrdə Vaşinqton, Nyu York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə edilməsi üçün gərgin əmək sərf edir, Ulu Öndərin qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirərək böyük nəticələrə nail olurdu.
Bu sazişin imzalanması ağlın, dərin təfəkkürün və parlaq zəkanın qələbəsi idi. Dünyada böyük söz sahibi olan ABŞ, Fransa, İngiltərə kimi nəhəng ölkələrin neft bazarında ağır çəkiyə malik şirkətlərinin bu müqavilədə iştirakı bütün dünyaya Azərbaycanın verdiyi bir ismarıc oldu. Məhz bu hadisədən sonra Azərbaycanın həm beynəlxalq aləmdə siyasi nüfuzu, həm də sabit və etibarlı tərəfdaş kimi mövqeyi sürətlə möhkəmlənməyə başladı. Bunun ardınca Ulu Öndərin Fransaya, ABŞ-a və digər xarici ölkələrə səfərləri, bu dövlətlərin siyasi elitaları ilə gərgin danışıqları və təkidləri onların Azərbaycana münasibətində, siyasətində böyük müsbət dəyişikliklər yaratdı. Yaxşı yadımızdadır ki, Ümummilli Lider hansı ölkəyə səfər edirdisə, Azərbaycanın xəritəsini də özü ilə aparırdı. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərindən danışırdı. Məkrli erməni siyasətçilərini ifşa edirdi. O, dünyanı öz əzəməti ilə silkələyirdi, gətirdiyi sarsılmaz dəlillərlə beynəlxalq ictimaiyyəti Azərbaycan həqiqətlərinə doğru-dürüst yanaşmaq məcburiyyəti qarşısında qoyurdu.
Tarixə ədalətli qiymət
Heydər Əliyevin andiçmə mərasimindəki nitqi Azərbaycan xalqının qəlbində sabaha ümid çırağı yandırdı. Xalqı sabahın daha yaxşı olacağına əmin etdi. Azərbaycanın öz tarixinin ən mürəkkəb, faciəli dövrünü yaşadığını, məhz bu dövrdə üzərinə götürdüyü missiyanın məsuliyyətini dərindən dərk etdiyini deyən Ulu Öndər bütün fəaliyyətini bu etibarı doğrultmağa sərf etdi. Öz amalına, məramına hər zaman sadiq qaldı.
Heydər Əliyevin andiçmə nitqi həm də tarixə obyektiv bir qiymət idi və Azərbaycanın istiqlalının əldə olunmasında iştirak etmiş hər kəsin, bütün vətəndaşlarımızın əməyini ədalətli şəkildə qiymətləndirməklə yanaşı, insanlar qarşısında milli dövlətçilik məsələləri ilə bağlı məsuliyyət də müəyyənləşdirirdi. Heydər Əliyev deyirdi: "Azərbaycan Respublikasının müstəqilliyi tarixi bir hadisədir. Bu, Azərbaycan xalqının milli sərvəti, milli nailiyyətidir və bu müstəqilliyin əldə olunmasında hər hansı qrupun, hərəkatın, qüvvənin müstəsna xidmətləri olduğunu heç vəchlə qəbul etmək olmaz. Eyni zamanda, Azərbaycanın müstəqilliyi respublika qarşısında, onun vətəndaşları qarşısında çox böyük və mürəkkəb vəzifələr qoyub. Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlət atributlarını yaratmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkəmizi müharibə şəraitindən çıxarmaq, respublikanın vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların yaşaması üçün lazımi şərait yaratmaq və bu vəzifələr mənim Prezident fəaliyyətimdə əsas istiqamətlər olacaqdır və mən bunların həyata keçirilməsinə çalışacağam”.
Heydər Əliyev müstəqil Azərbaycanın gələcəyini demokratik, hüquqi dövlət quruculuğunda görürdü. Qeyd edirdi ki, müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir. Öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir. Ulu Öndər bu hədəflərin hamısına nail oldu. 1995-ci ildə onun rəhbərliyi ilə hazırlanaraq ümumxalq səsverməsində qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası demokratik islahatların, hüquqi dövlət quruculuğu proseslərinin konstitusion əsaslarını formalaşdırdı. Müstəqil respublikamızın ilk parlamenti formalaşdı. Azərbaycan Avroatlantik məkana inteqrasiya yolu tutdu və bu yolda mühüm nailiyyətlər qazandı.
Zamanı qabaqlayan Lider
Heydər Əliyev qan-qadanı aradan götürdü, insanlarda gələcəyə ümid yaratdı, qorxu, vahimə içində naçar qalmış vətəndaşlar asudə nəfəs aldılar. Azərbaycan xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtuldu, sabitliyə, əmin-amanlığa qovuşdu. Cəmiyyətdə ümumi ruh yüksəkliyi, xoş, inamlı ovqat hakim oldu. Azərbaycan iqtisadiyyatı böhrandan qurtararaq inkişaf xəttinə çıxdı. Xarici investisiyalar ölkəmizin neft sektoru ilə yanaşı, digər infrastruktur sahələrə də yeni həyat verdi. Heydər Əliyev bazar iqtisadiyyatına keçid prosesini də uğurla yönəltdi. Cəmiyyətimizdə azad bazar iqtisadiyyatı prinsipləri tədricən bərqərar oldu. Sahibkar təbəqəsi formalaşdı. Azərbaycan keçmiş sovetlər məkanında torpaq islahatlarını uğurla həyata keçirən ilk ölkə oldu, dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlandı. Əhalinin sosial rifah halı təkamül yolu ilə yaxşılaşdı, təhsilə, səhiyyəyə, mədəniyyətə, elmə diqqət artırıldı. Cəmiyyətin nəzərində bu sferaların dəyəri yenidən yüksəldi.
Və cəmiyyət hiss etdi ki, böhran dövrü artıq arxada qalır. Ulu Öndər ölkəmizin inkişaf strategiyasını müəyyən etdi, inkişafın Azərbaycan modelini yaratdı.
Heydər Əliyevin 1998-ci ildə keçirilmiş prezident seçkilərində də böyük üstünlüklə qələbə qazanması qədirbilən xalqımızın bu böyük liderə sevgi və etimadının ifadəsi idi. Azərbaycan insanı zamanı qabaqlamağı bacaran dahi şəxsiyyət kimi Heydər Əliyevə hər zaman inanır, özlərinin və ölkənin taleyini heç bir tərəddüdsüz onun müdrik zəkasına, ədalətinə etibar edirdilər.
Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider kimi əbədiyyət qazanmış Heydər Əliyevin fəaliyyəti sabaha ünvanlanan fəaliyyət idi. Onun arzularında boy verən Azərbaycan isə müasir Azərbaycandır.
Ulu Öndərin 26 il əvvəl içdiyi anda sadiqlik bugünün Azərbaycanında da davam edir. Heydər Əliyev irsinin davamçısı, müasir dünyamızın ən parlaq liderlərindən olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu anda sadiqliyi milli dövlətçilik tariximizin ən böyük nailiyyətlərini yaradır.
Ulu Öndərin öz andında ifadə etdiyi bütün arzuları, ümidləri cənab İlham Əliyev artıq reallığa çevirib.
Bu gün öz tarixi və milli ənənələrindən bəhrələnən, dünya demokratiyası təcrübəsinə, ümumbəşəri dəyərlərə əsaslanan Azərbaycan dövləti tam təşəkkül tapıb və uğurla inkişaf edir. Ən əsası isə bu, xalq və dövlət arasındakı sarsılmaz birliyə əsaslanır.
Yeni nəfəs
Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycan həyatına yeni nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıb. Onun siyasətinin mərkəzində insan amili dayanır, amalı qurub-yaratmaq, xalqını daha xoş günə, daha firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Onunla hesablaşırlar, ona hörmət və ehtiramla yanaşır, qlobal böhranlardan çıxış yolları axtarışında fikir və rəylərinə, irəli sürdüyü təkliflərə diqqət yetirirlər. Çünki bu nadir rəyləri nəzərə alan hər kəs onun reallıqları, imkan və perspektivləri inamla əks etdirdiyini, verdiyi faydaları dəfələrlə görüb.
Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq Azərbaycanı inamla irəli aparır. Onun hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentimiz mötəbər beynəlxalq təşkilatların kürsülərində qətiyyətli, məntiqi çıxışları ilə diqqəti cəlb edir, milli mənafeləri bütün səviyyələrdə cəsarətlə qoruyur, müstəqil xarici siyasət yürüdür.
"Qarabağ Azərbaycandır və nida işarəsi”
Azərbaycan Prezidentinin 3 oktyabr 2019-cu ildə "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı tarixi çıxışı bunun daha bir nümunəsi oldu. Cənab İlham Əliyevin 15 dəqiqə müddətində əsas tezislərini qlobal və regional geosiyasətin ən aktual məsələləri fonunda Rusiya-Azərbaycan münasibətlərinin strateji xarakteri, Ermənistan rəhbərliyinin son vaxtlar ifadə etdiyi məsuliyyətsiz bəyanatlar, Azərbaycanın bu məsələdəki konkret mövqeyi və dövlət quruculuğunda əldə edilən nailiyyətlər üzərində qurduğu bu çıxışı mükəmməllik baxımından dərsliklərə düşəsi mövzudur. Azərbaycan Prezidenti bu çıxışı ilə dünyanın hər yerində gələcəkdə özünü siyasi lider, dövlət xadimi kimi yetişmək istəyən şəxslərə əsl ustad dərsi keçdi desək, əsla yanılmarıq.
Prezident İlham Əliyevin nitqində Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi populist fikirlərə tutarlı cavab xüsusilə böyük marağa səbəb oldu.
Qeyd edək ki, "Valday” Beynəlxalq Diskussiya Klubu dünyanın nüfuzlu "beyin mərkəzlərindən” sayılır. Klub 2004-cü ildən fəaliyyətdədir. Ötən illər ərzində aparıcı ekspertlərin görüş yerinə çevrilən klubun toplantılarında bəşəriyyəti düşündürən ən aktual siyasi, geosiyasi, iqtisadi, sosial, humanitar məsələlər müzakirə edilir, diskussiyalar aparılır. Builki tədbirə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi də dəvət etmişdi.
Azərbaycan Respublikası Prezidentinin ifadə etdiyi fikirlər həm qlobal geosiyasət, həm də regional təhlükəsizliyin təmini baxımından prinsipial əhəmiyyətli məqamlarla zəngin idi. Auditoriyanın diqqətindən hiss olunurdu ki, cənab İlham Əliyev öz çıxışının elə ilk tezislərindən dinləyiciləri məharətlə ələ ala bilib. Onun Rusiya və Azərbaycan arasında tərəfdaşlıq münasibətləri, dünya miqyasında müşahidə edilən başlıca trendlər və onların Avrasiya məkanına təsiri fonunda Rusiyanın dövlət olaraq fəaliyyətinə dair qısa analizi, Rusiya lideri Vladimir Putinin əldə etdiyi nailiyyətlərə verdiyi obyektiv qiymət müasir reallıqları əks etdirirdi.
Cənab İlham Əliyevin nitqinin kulminasiya məqamı isə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ifadə etdiyi fikirlər, Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm fikirlərinə verdiyi lakonik və təkzibolunmaz cavab idi.
Yada salaq ki, Nikol Paşinyan bir qədər əvvəl Ermənistanın mövqeyi ilə bağlı belə bir "tezis” səsləndirmişdi ki, guya ki, bunu Azərbaycan tərəfinə də müraciət edib, ancaq cavab almayıb. Onun dedikləri qısaca olaraq belə idi: "Dağlıq Qarabağ Ermənistandır və nöqtə. Bundan sonra elə qərar qəbul edilməlidir ki, Ermənistan, Azərbaycan və Dağlıq Qarabağ xalqlarını qane etsin”.
Ermənistanın baş nazirinin gözlədiyi cavabı Azərbaycan Prezidenti yığcam şəkildə və dəqiq verdi. Və qürurvericidir ki, özünə tam inamla, simasında təbəssüm və qətiyyətlə ifadə etdi. İlham Əliyev "Qarabağ Ermənistandır” ifadəsinin yalan olduğunu göstərdi. Ərazinin qədim tarixinə müraciət edən Azərbaycan Prezidenti inamla bəyan etdi ki, Dağlıq Qarabağ tarixi, mədəni, demoqrafik, siyasi, geosiyasi və bütün digər mənalarda daim Azərbaycanın olub və ora indi də Azərbaycandır. Və həmin fikri möhtərəm Prezidentimiz tarixdən silinməyəcək bir əminliklə ifadə etdi: "Qarabağ Azərbaycandır və nida işarəsi”.
"Mən həqiqəti deyirəm”
Bu o qədər ustalıqla verilmiş güclü, dəqiq, yığcam və eyni dərəcədə də obyektiv bir cavab idi ki, hətta erməni mətbuatı belə bu fikrin Nikol Paşinyanın "nöqtəsini əzib keçdiyini” yazdı. Bu, həm də "Valday” Klubunun toplantısında iştirak edənlərə, bu illər ərzində işğalçının Azərbaycan ərazisindən çıxarılması üçün heç bir iş görməyən ATƏT-in Minsk qrupuna diplomatik mesaj idi.
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı cəmiyyətdə vahid yanaşma var. Bizim haqq işimizi mən bütün kürsülərdə arqumentlərlə, tarixi faktlarla, reallıqlarla, beynəlxalq hüquq əsasında müdafiə edirəm və bu arqumentlərə qarşı hər hansı bir irad tutmaq qeyri-mümkündür. Çünki mən həqiqəti deyirəm və bunu elə kürsülərdən deyirəm ki, bütün dünya eşitsin”.
Bunu da Prezident İlham Əliyev oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2” yaşayış kompleksinin açılışı zamanı səsləndirdi və Paşinyanın cavabını niyə məhz "Valday” Beynəlxalq Diskussiya Klubunda verdiyinə özünəməxsus diplomatik məharətlə aydınlıq gətirdi:
"Ermənistanın baş naziri Xankəndidə yığılmış bir neçə adamın qarşısında o cəfəng sözləri demişdi. Mən başqa bir beynəlxalq tədbirdə ona cavab verə bilərdim. Amma o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs eşitsin - canlı efirdə, Rusiyada, mötəbər "Valday” klubunun panelində dedim və bunu bütün dünya eşitdi. Yəni sizə deyim ki, əgər işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr də dəqiq olur. Elə zərbə vuruldu ki, o zərbədən çətin ki, ayılsınlar. Çünki kontrarqument yoxdur, ancaq yalan-palan danışmaqla düzəlmir. Əvvəllər - münaqişə ilə bağlı məlumat olmayan dövrdə, əlbəttə, bütün yalanları yayırdılar. Hər bir ölkədə onların diaspor təşkilatları var idi, bizim isə heç nəyimiz yox idi. Ona görə münaqişə ilə bağlı təhrif edilmiş faktları onlar ortaya qoymuşlar və bir çox hallarda nail olmuşlar ki, onlara inansınlar. Bu gün biz informasiya dövründə, internet dövründə yaşayırıq. Həqiqət var və bunu mən çatdırmışam. Hər kəs bilir ki, aranlı-dağlı Qarabağ əzəli Azərbaycan torpağıdır, beynəlxalq hüquq tərəfindən tanınan Azərbaycan torpağıdır və Qarabağ Azərbaycandır və nida işarəsi, vəssalam”.
Bu məharətin kökü Ulu Öndər Heydər Əliyevdən əxz olunmuş siyasət ustalığının davamıdır. Azərbaycana bu sevgi, bu bağlılıq, bu qətiyyət Heydər Əliyevin xalq qarşısında içdiyi anda sadiqliyin nəticəsidir.
Və bütün bunlar Azərbaycanın milli dövlətçilik tarixinə, Azərbaycanın intibahına çevriləcək həqiqətin, dövlətə, Vətənə, xalqa ali xidmətin şərəf səhifələridir.
Nurlana ƏLİYEVA,
YAP İdarə Heyətinin üzvü, YAP Qadınlar Şurasının sədri, professor