Ukrayna telekanalında Ermənistanın təcavüzkar siyasəti pislənilib - FOTOLAR
Ukrayna və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq dəstəkləyir. İstər beynəlxalq, istərsə də regional təşkilatlarda ərazi bütövlüyü və suverenlik məsələsində hər iki ölkə vahid mövqedən çıxış edir.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev bu ölkənin tanınmış UATV kanalında yayımlanan "Üz-üzə" verilişinə müsahibəsində söyləyib.
Səfir bildirib ki, bu günlərdə Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma "seçkilər"in tanınmaması haqqında bəyanat verdi. Həmçinin rəsmi Bakı Krımda keçirilən "seçkilər"in legitimliyini tanımadı. Bütün bunlar onu göstərir ki, Ukrayna və Azərbaycan bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşır.
Jurnalistin bəzən "Dağlıq Qarabağ münaqişəsini "dondurulmuş" münaqişə adlandırılması nə dərəcədə düzgündür?" sualına cavabında A.Xudiyev vurğulayıb ki, əgər qoşunların təmas xəttində və sərhəddə azərbaycanlı əsgər və ya zabit, mülki şəxs öldürülürsə, bu necə "dondurulmuş" münaqişə ola bilər?
"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin "dondurulmuş" adlandırılması ilə razılaşmıram. Bu günlərdə Azərbaycanın daha bir mülki vətəndaşı düşmən gülləsindən həlak oldu. Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını dəfələrlə əməllərində sübut edib", - deyə səfir bildirib.
Ukrayna vətəndaşlarının bəzən aldadılaraq Azərbaycanın işğal olunmuş ərazilərinə aparılması məsələsinə də toxunan A.Xudiyev deyib: "Biz Ukrayna ilə siyasi məsləhətləşmələrdə həmişə bildiririk ki, Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlər həm ölkə qanunvericiliyinin pozulmasıdır, həm də insanların həyatı üçün təhlükəlidir. Xarici ölkə vətəndaşların nəzarətsiz zonalara aparılması olduqca təhlükəlidir. Ona görə də bu günlərdə Ukrayna Xarici İşlər Nazirliyi rəsmi saytında vətəndaşlarını Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etməməyə dair daha bir bəyanatla çıxış edib".
Diplomat müsahibəsində, həmçinin ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələri, SOCAR-ın, Azərbaycan Ticarət Evinin bu ölkədəki fəaliyyəti barədə məlumat verib.