Qars müqaviləsi Naxçıvanın muxtariyyət kimliyinin qazanılmasına aparan şanlı yoldur.1921-ci il oktyabrın 13–də Тürkiyə və Cənubi Qafqaz respublikaları arasında imzalanan bu önəmli saziş uğurlu siyasi proseslərin,Behbud ağa Şahtaxtinskinin timsalında vətənsevər insanların müqəddəs missiyasının və naxçıvanlıların haqq mübarizəsindəki kulminasiya məqamıdır.
Müqavilə Naxçıvanı xilas etdi və erməni tərəfi də bunu təsdiq etdi. Sonrakı illərdə ermənilər nə qədər istəsələr də arzularına çata bilmədilər. Çünki müqavilə müddətsiz bağlanıb, dövlətlərdən heç biri birtərəfli qaydada onu ləğv edə bilməz- bu fikirləri NUHÇIXAN-a AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayılHacıyev bildirib. Akademik müqavilənin imzalandığı dövrün tarixi və siyasi hadisələrinə nəzər salaraq onu da vurğulayıb ki, Qars müqaviləsi qeyd etdiyimiz kimi, Rusiya nümayəndəsi Qanetskinin iştirakı ilə Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında 1921-ci il oktyabrın 13-də Qars şəhərində imzalanıb. Müqavilə ərəfəsində-1921-ci ilin sentyabrın 26-dan oktyabrın 13-dək konfrans keçirilib, həmin konfransda Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan arasında siyasi və inzibati-ərazi məsələləri müzakirə edilib və nəticədə müqavilə imzalanıbdır. Konfransda Azərbaycanı Behbud ağa Şahtaxtinski, Naxçıvanı isə İbrahim Səfiyev təmsil edibdir.
Türkiyə-Rusiya arasındakı ərazi-sərhəd məsələləri Moskva müqaviləsi ilə tənzimlənib. Moskva müqaviləsində Naxçıvanla bağlı çox mühüm bir maddə öz əksini tapıb. Həmin maddədə Azərbaycanın tərkibində Naxçıvana muxtariyyət statusu verilib və Azərbaycan Naxçıvanı üçüncü dövlətə verməməlidir. 1920-ci ilin dekabrında Rusiyanın təzyiqi ilə Sovet Azərbaycanı Naxçıvanı Ermənistana güzəştə gedirdi. Bunun qarşısını almaq üçün Türkiyədən olan heyət maddəyə belə bir tələbin salınmasını israrla bildirdi və nail oldu.
Qars müqaviləsində əsas məsələ Türkiyə ilə Cənubi Qafqaz respublikaları arasında, eləcə də Cənubi Qafqaz respublikalarının öz aralarında ərazi-sərhəd məsələləri dəqiqləşdirildi. Müqaviləyə görə Türkiyənin şimal-şərq sərhədləri dəyişməz qaldı. Türkiyə ərazi verilməsi baxımından heç bir güzəştə getmədi. Türkiyə ona zorla qəbul etdirilən Sevr müqaviləsinə qarşı Rusiyanın və Cənubi Qafqaz respublikalarının dəstəyini aldı.
Qars müqaviləsi 20 maddə və 3 əlavədən ibarət idi. Beşinci maddə bilavasitə Naxçıvanla bağlıdır. Burada yenə də Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və ona muxtariyyət verilməsi məsələsi təsbit edilibdir. Moskva müqaviləsindən fərqli olaraq, Qars müqaviləsinin 5-ci maddəsində Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilib. Bunlar Türkiyə, Azərbaycan və Ermənistan hökumətləri olub. Müqavilənin 5-ci maddəsində göstərilirdi ki, Türkiyə hökuməti, Azərbaycan və Ermənistan Sovet Respublikaları müqavilənin 3-cü əlavəsində göstərilən sərhədlər daxilində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsi haqqında razılığa gəlirlər.
Bəli, müqavilə, xüsusilə Azərbaycan üçün, eləcə də Naxçıvan üçün ədalətlidir. Bunun ədalətli olduğunu Mustafa Kamal Atatürk, ulu öndər Heydər Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov da qeyd edibdir.
YAP-ın Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, politoloq Anar İbrahimov də bu müqaviləyə çox mühüm sənəd kimi baxır. Qars müqaviləsi ilə bağlı verdiyi açıqlamada politoloq bunları deyib:
-Təbii ki, istənilən beynəlxalq sazişə, müqaviləyə ilk növbədə həmin sənədin qəbul edildiyi zamanın gerçəklikləri kontekstindən yanaşmaq lazımdır. Qars müqaviləsinin imzalandığı zaman həmin dövrdə bölgəmizdə və bütövlükdə dünyada baş verən hadisələrin, beynəlxaq münasibətlərin, dövlətlərarası əlaqələrin, digər tərəfdən isə müstəmləkəçiyə qarşı mübarizə, milli-azadlıq və milli dövlət quruculuğu prosesi siyasi və ictimai hadisələrin əsas hərəkətverici qüvvəsi idi. Digər yandan isə həmin dövrdən etibarən ideologiyaların (məsələn, bolşevizmin) qarşıdurmasının ilkin mərhələsi kimi qəbul edilə bilər.Bunları sadalamağımın məqsədi Qars müqaviləsinin hazırlanması prosesindəki vəziyyətin nə qədər mürəkkəb və ziddiyyətli olduğunu bir daha xatırlatmaqdı. Bu mənada Qars müqaviləsi bizim üçün hətta beynəlxalq əhəmiyyətli olmaqla bərabər, tək normativ akt deyil, həm də bir mühüm siyasi sənəddir. Beynəlxalq münasibətlərdə, beynəlxalq hüquqda elə sənədlər var ki, o tək bir dövrü və məhdud arealı deyil, bütövlükdə sistemi, hətta deyərdim ki, dəyərləri nizama salaraq qəbul olunduğu dövrdən sonralar da əhəmiyyətini itirmir. Məsələn, diqqətlə baxsaq indiki dövlətlərarası münasibətlər sisteminin əsasının hələ uzaq 1648-ci ildə, məşhur “Otuz illik müharibə”nin yekununda bağlanan Vestfal sülhünü/müqaviləsini görə bilərik. Bu mənada indiki milli dövlətlər arasında münasibətlər, suverenlik və digərləri bu müqavilədən gələn anlayışlardı.Elə o səbəbdən indiki beynəlxalq münasibətlər sistemi Vestfal sistemi (Westphalian sovereignty) adlandırılır. Bölgəmiz, Cənubi Qafqaz üçünsə bu rolu bəlkə də Qars müqaviləsi oynayır desək yanılmarıq. Artıq iki ildən sonra Qars müqaviləsinin yüz illiyini qeyd edəcəyik və keçən əsrə diqqət etsək bu müqavilənin bölgəmizdə və xalqların taleyində rolu haqqında birmənalı pozitiv əhəmiyyətini qeyd etməliyik. Bu mənada Qars müqaviləsi bölgədə mühüm sabitlik faktoru kimi çıxış edir və düşünürəm ki, həmin missiyanı keçən yüz ilə yaxın müddətdə uğurla öhdəsindən gələn sənəddir.
Belə bir deyim var ki, diplomatiya imkanlar sənətidir. Bu mənada Qars müqaviləsinin hazırlandığı dövrdə istər türk, istərsə gənc Azərbaycan diplomatiyası məhdud resurslara, ölkələrindəki çoxsaylı problemlərə baxmayaraq olduqca uğurlu sənədin qəbuluna nail olmuşlar. Bildiyimiz kimi, sözügedən müqavilə çoxtərəfli müqavilədir, onun digər iştirakçıları Ermənistan, Gürcüstan və Rusiya idi. Bu şərtlər altında milli maraqlarımızı qorumaq kimi şərəfli missiyanı uğurla məntiqi nəticəyə gətirən, diplomatlarımız gələcək nəsillər, bizlər üçün də mühüm siyasi sənəd ərməğan etmişlər. Təbii ki, mövzuya toxunarkən biz ilk növbədə Qarsdakı konfransda danışıqlarda fəal iştirak edən, yekun sənəddə milli maraqlarımızın təmin edilməsinə nail olan,görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskinin xalqımız qarşısındakı xidmətlərini də xüsusi qeyd etməliyik.
Tarixin sonrakı dövrlərində Qars müqaviləsinin əhəmiyyəti dəfələrlə hiss olunub. Bildiyimiz kimi, İkinci Dünya müharibəsindən sonrakı dövrədə Qars müqaviləsi Sovet İttifaqının Türkiyənin Qars və Ərdahan bölgələrinə ərazi iddialarını neytrallaşdıran, onların həyata keçməsinə sipər olan beynəlxalq hüquq aktı idi. Qars müqaviləsi həm də bugünki Naxçıvan muxtariyyətinin siyasi təminatının əsas sütunlarından biridir. Məhz bu müqavilənin şərtləri ilə keçən əsrin 20-ci illərində Azərbaycanın tərkibində muxtar ərazi kimi təşkil olmuş Naxçıvan muxtariyyəti erməni ekspansionizminə, ərazi iddialarına qarşı mühüm siyasi və beynəlxalq sənəd əldə edə bilmişdi. Elə həmin faktor sonradan Sovet İttifaqının tərkibində olduğu zaman Naxçıvanın siyasi statusunu dəyişmək, bölgəni müxtəlif bəhanələrlə Ermənistana birləşdirmək, regionun demoqrafik və etnik tərkibini dəyişdirilməsi riskləri və planlarının gerçəkləşməsinə mane oldu, Naxçıvanda Azərbaycan və türk faktorunu qoruyub saxladı. Sovetlər İttifaqının süqutundan sonra, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Naxçıvan istiqamətində hərbi-siyasi ekspansiyasının qarşısının alınmasında da Qars müqaviləsinin siyasi əhəmiyyəti danılmazdı. Qars müqaviləsi indi də bölgədə sərhədlərin tanınması, ümumiyyətlə sabitlik, sülh üçün ciddi faktordur. Təsadüfi deyil ki, bu əsrdə işğalçı Ermənistan istisna olmaqla müqavilənin iştirakçıları sənədin siyasi əhəmiyyətini vurğulayır, onu ciddi faktor kimi qeyd edirlər. Naxçıvan üçünsə bu sənəd bir necə məqama görə əhəmiyyətini hələ uzun illər qoruyub saxlayacağı şübhəsizdir. Bildiyiniz kimi, Naxçıvan muxtariyyətinin siyasi statusunun əsası həm milli qanunvericilik, həm də 1921-ci il Moskva və Qars müqavilələri ilə müəyyən edilib. Bu da beynəlxalq praktikada nadir nümunələrdən biridir. Məhz bu əhəmiyyəti nəzərə alaraq 1999-cu il müstəqillik dövrünün Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbulu zamanı əsas qanunun preambulasında Naxçıvanın muxtariyyətinin əsasları sırasında 13 oktyabr 1921-ci ildə qəbul olunmuş Qars müqaviləsinə vacib istinad edilib.
Fizzə Bağırova
“NUHÇIXAN”