Oktyabrın 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dinləmələr keçirilib.
NUHÇIXAN xəbər verir ki, komitənin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov tədbirin keçirilməsində göstərilən dəstəyə görə Milli Məclisin Sədri Oqtay Əsədova təşəkkürünü bildirdi. O vurğuladı ki, Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının Soçidə keçirilən plenar sessiyasında səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida işarəsi” ifadəsi və MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən Zirvə Görüşündəki çıxışı ilə Dağlıq Qarabağ məsələsinə öz qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Qeyd olundu ki, bu mövqe hər bir azərbaycanlının mövqeyidir. Dövlətimizin başçısının mötəbər tribunalardan düşmənin işğalçılıq, terrorizmlə bağlı siyasətini kəskin tənqid etdiyi cəsarətli çıxışları ilə hər bir azərbaycanlı qürur duyur.
İclasda çıxış edən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Prezident İlham Əliyevin hər iki qətiyyətli bəyanatının Dağlıq Qarabağdan məcburi köçkün düşmüş, etnik təmizləməyə məruz qalmış azərbaycanlıları çox sevindirdiyini diqqətə çatdırdı. O dedi ki, dövlətimizin başçısının çıxışı Azərbaycan torpaqlarının işğaldan azad ediləcəyi günün uzaqda olmadığına bir mesaj idi. Bayrağımızın tezliklə Şuşada, Xankəndidə, işğal altında olan digər torpaqlarımızda dalğalanacağına ürəkdən inandığını deyən icma sədri vurğuladı ki, hamımız ölkə başçısının müdrik xarici siyasətindən nümunə götürməli, bir nəfər kimi səfərbər olmalı, sosial şəbəkələrdə, informasiya müharibəsi gedən bütün platformalarda fəaliyyətimizi davam etdirməliyik.
Dinləmələrdə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri - Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov çıxış edərək bildirdilər ki, Prezident İlham Əliyevin erməniləri ifşa edən fikirləri hər bir vətəndaşımız üçün əsl örnək və nümunədir. Ermənilərin saxta iddialarla təxribat xarakterli bəyanatlarına həmişə belə kəskin cavablar verilməli, onlar susdurulmalıdır.
Toplantıda deputatlar Asim Mollazadə, Qənirə Paşayeva, Sevinc Fətəliyeva, Flora Qasımova, Elman Məmmədov, Sahib Alıyev, Elman Nəsirov, Bəxtiyar Əliyev, Aqil Abbas, Rasim Musabəyov, Nəsib Məhəməliyev, Tahir Mirkişili, Araz Əlizadə çıxış edərək mövzu ilə əlaqədar fikirlərini bildirdilər.
Qeyd olundu ki, Dağlıq Qarabağdakı cinayətkar erməni ünsürləri Azərbaycan Prezidentinin qətiyyətli bəyanatlarından lazımi nəticə çıxarmalıdırlar. Dağlıq Qarabağın erməni icmasının yeganə çıxış yolu Azərbaycan Respublikasının suverenliyini, ərazi bütövlüyünü qəbul etməkdir.
Sonda komitə sədri Səməd Seyidov dinləmələrə yekun vurdu.